İndiyə qədər
Vətəni, Vətən
sevgisini tərənnüm
edən yüzlərlə,
minlərlə şeir
yazılıb. Bu mövzuda qələm çalan şairlər doğma yurdlarına olan sevgilərini sözün qüdrətilə
dolğun ifadə etməyə çalışıblar.
Düşünüblər, daşınıblar və
sonda ortalığa gələcək nəsillər
üçün dəyərli
əsərlər qoyublar.
Qələmə alınan
bu əsərlərin
əksəriyyəti üstündən
illər ötüb keçsə də, bədii dəyərlərini
itirmir, dillər əzbəri olaraq qalır, ürəklərdən,
qəlblərdən heç
vaxt silinmir.
Vətən mövzusunda
yazılan əsərlərin
içində daim sevilən, oxunan, daim əzbərlənən,
heç vaxt dillərdən düşməyən,
ürəklərdən silinməyən,
qəlblərə əbədi
sakinlik edən əsərlərdən biri
və birincisi unudulmaz şair Abbas Səhhətin "Vətənimdir" şeiridir.
Hələ məktəb
illərindən "Vətəni
sevməyən insan olmaz, olsa da
ol kəsdə vicdan olmaz" misraları yaddaşımıza
əbədi olaraq hopub. Ötən əsrin əvvəllərində
yazılmasına baxmayaraq,
görkəmli şair
Abbas Səhhətin
"Vətənimdir" şeiri
bu gün də dillər əzbəridir. Çünki
daim zamanla səsləşir, qəlblərə
Vətən sevgisinin toxumlarını səpə-səpə
üzü sabahlara doğru gedir.
Təəssüf ki,
dəyərli əsərləri
ilə qəlbləri
fəth edən, ürəklərdə özünə
əbədi yer edən şairin ömrü qısa və faciəli olmuşdur. Abbas Əliabbas oğlu Mehdizadə (Abbas Səhhət) 1874-cü ildə
Şamaxıda ruhani ailəsində dünyaya göz açmışdı.
1900-cü ildə Tehran
Universitetinin Tibb fakültəsini bitirmiş,
göz həkimi ixtisasına yiyələnmişdi.
Rus, ərəb, fars və fransız
dillərini mükəmməl
bilən gənc Abbas 1901-ci ildə Şamaxıya qayıtmışdı.
Gələcəyin görkəmli
şairi həkimlik etməklə yanaşı,
məktəblərdə Azərbaycan
dilindən dərs demişdir. Gələcək
nəsillərə ana
dilimizi, ədəbiyyatımızı
tədris etmişdir.
Məktəblərdə dərs dediyi dövrdən etibarən Abbas Səhhət ədəbi fəaliyyətə
başlayır. 1903-cü ildən
məqalələri "Şərqi-Rus"
qəzetində dərc
olunur. 1905-ci ildə
"Yeni poeziya necə olmalıdır?"
adlı məqaləsi,
daha sonra "Poetik nitq", "Azadlığa mədhiyyə",
"Oyanışın səsi"
şeirləri işıq
üzü görür.
"Yeni üslublu məktəblər" ideyasının
yorulmaz müdafiəçisi
olan Abbas Səhhət 1906-1907-ci illərdən
görkəmli ictimai-siyasi
xadim Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına
qoşulur.
Şair tərcüməçilik
fəaliyyəti ilə
də çox ciddi şəkildə məşğul olur. Yaşadığı dövrün
Azərbaycan oxucularını
rus, fransız, alman şair və yazıçılarının
əsərləri ilə
tanış edir.
1912-ci ildə şairin
öz şeirlərindən
ibarət "Sınıq
saz" və Avropa şairlərindən
etdiyi tərcümələrdən
ibarət "Qərb
günəşi" adlı
şeirlər toplusu işıq üzü görür. Bir qədər sonra "Əhmədin şücaəti"
adlı poeması,
1916-cı ildə isə
"Şair, muza və şəhərli"
adında romantik poeması nəşr olunur.
Tədqiqatçılar qeyd edirlər ki, Abbas Səhhətin
yaradıcılığına Şərqin böyük şairləri olan Nizaminin, Hafizin, Sədinin güclü təsiri olub. Şair türk xalqlarının ədəbiyyatları
ilə də yaxından maraqlanıb. Daha çox Tofiq Fikrət yaradıcılığına xüsusi
diqqət göstərib.
Abbas Səhhət Azərbaycanda liberal burjuaziya ideyasını müdafiə edib, islam dəyərlərindən
imtinaya qəti etirazını bildirərək,
əsərlərində "ümummüsəlman qərbçiliyi"
ideyasını dəstəkləyib.
1908-ci ildə baş vermiş İran inqilabına
ən gözəl əsərlərini həsr
edib. Şair həm də görkəmli Azərbaycan
şairi Mirzə Ələkbər Sabirlə
yaxın dost olub. Hər ikisinin Şamaxıda yaşaması bu dostluğun güclənməsində
böyük rol oynayıb.
Azərbaycan xalqının
bədii təfəkkürünə
qüvvətli təsir
göstərən Abbas
Səhhət XX əsr
şeirinə yeni xüsusiyyətlər gətirən
görkəmli şairlərdəndir.
O, ədəbiyyat və
mədəniyyət tariximizə
məşhur şair,
peşəkar tərcüməçi,
uşaq yazıçısı,
həkim, görkəmli
müəllim və maarif xadimi, tənqidçi və publisist kimi daxil olmuşdur. Köhnə dünyanın
zülm və haqsızlıqlarına, ictimai
bərabərsizliyə qarşı
etiraz, azadlıq və mədəni intibah ideallarının tərənnümü, işıqlı
gələcəyə çağırış
A.Səhhətin həyat
və yaradıcılığının
ümumi mənasını,
ideya-estetik məzmununu
təşkil edir.
Sözün həqiqi
mənasında "millilik"
və "millət"
anlayışı, "Ana
dili və Vətən" məfhumu
müasirləri və
qələm dostları
arasında məhz Abbas Səhhətin zəngin ədəbi irsində diqqətçəkən
aydınlıq kəsb
etmişdir. Öz
"mən"inin obrazını
özü yaradan, tərcümeyi-halına özü
ayrıca şeir həsr edən Səhhətin yaradıcılığının
əsas motivləri bəşəriyyətə məhəbbət,
elmə meyil, sənətə pərəstişdir.
Abbas Səhhət
1918-ci ildə Gəncə
şəhərində dünyasını
dəyişib. Onun ölümünə səbəb,
o dövrdə yazıldığı
kimi, tək aclıq, səfalət və vəba xəstəliyi deyil,
1918-ci ildə bolşeviklərin
törətdikləri qətliam
idi. Ermənilərin
1918-ci ilin martın
31-dən aprelin 2-dək Bakıda
törətdikləri qırğınlar
Şamaxıda da təkrarlandı. Nəticədə
7 min dinc insan qətlə yetirildi, Şamaxı məscidinin içərisindəki
insanlar diri-diri yandırıldı. Bu qanlı qırğınlar
zamanı Abbas Səhhətin evinə də od vuruldu.
Şair əlyazmalarını
belə götürməyə
macal tapmadı. Ailəsi ilə birgə pay-piyadə Gəncəyə üz
tutdu. Ətrafında baş verən bu qanlı olaylardan
psixoloji gərginlik keçirən, səfalət
və yoxsulluğa düçar olan Abbas Səhhət 44 yaşında gözlərini
əbədi olaraq yumdu. Gəncə şəhərindəki Sərbisgar
qəbiristanlığında dəfn olundu.
Vahid MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-
2 iyun, № 115.- S.11.