Şuşa ədəbi məktəbinin nümayəndəsi

 

 

XIX yüzilliyin istedadlı şairlərindən biri, Şuşa şəhərində yaşayıb yaratmış Mirzə Məhəmməd Katibin ədəbi irsi barədə müəyyən bilgilər əldə etdiyimizə görə onun əsərlərini köçürmüş görkəmli ziyalılarımız Əliabbas Müznib Salman Mümtaza borcluyuq. Hər iki ədibin əlyazmaları hazırda AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır.

Bu barədə elmi tədqiqat ocağının böyük elmi işçisi Samirə Gəncəlinin "Şuşa ədəbi mühiti" məqaləsində maraqlı faktlarla rastlaşırıq. Ümumiyyətlə, onun haqqında geniş oxucu kütləsinə ilk məlumatı Əlyazmalar İnstitutunun mərhum əməkdaşı, filologiya elmləri namizədi Nəsrəddin Qarayev 1987-ci ildə "Yazıçı" nəşriyyatında çapdan çıxmış "Poetik məclislər" kitabında vermişdir. Həmin mənbəyə görə, 1833-cü ildə Şuşada anadan olmuş Mirzə Məhəmməd Məşədi Bayram oğlu Katib təhsilini burada almış, şəhərdə fəaliyyət göstərən "Məclisi-fəramuşan"ın üzvü olmuşdur. Mirzə Fətəli Axundzadə ilə dost olduğu məktublaşdığı da bildirilir.

M.M.Katibin bir neçə şeirini öz təzkirəsində çap etdirən Mir Mohsün Nəvvabın (1833-1918) yazdığına görə, şair Şuşanın Çuxur məhəlləsindəndir. Qəsidə, qəzəl, müxəmməs, mürəbbe, müstəzad həcvlərdən ibarət yaradıcılığının ümumi həcmi təxminən iki min beytdir. Onun gözəl xəttat kimi tanındığını, bu sahədə diqqətəlayiq işlər gördüyünü vurğulayan Nəvvab mütəmadi yanına gəlib-getdiyini, hədsiz səmimi sadəlövh, həm savadlı bir adam olduğu barədə yazır. Məhəmməd ağa Müctəhidzadə (1875-1956) "Riyazül-aşiqin" təzkirəsində Katibin bir neçə şeirini verməklə hicri tarixlə 1306-cı ildə (m.1888) vəfat etdiyini göstərir.

 

Qaşın üstə xali-tirəndaz hindular kimi,

Yayə girmiş göz görə, istər ki, bir qan eyləsin.

Qaşların yayından ötrü qəddimi xəm qilmişam,

Tiri-ahim az qalıbdır, çərxi-viran eyləsin.

Yazmışam bir namə yarə, iltimasım vəsldir,

Katibi-zarəm, əlaci-dərdi-hicran eyləsin.

 

Görkəmli ədəbiyyatşünas alim Salman Mümtaz "Ədəbiyyat qəzeti"nin 1935-ci il 12 aprel tarixli sayındakı "Mirzə Fətəli Səbuhi Mirzə Məhəmməd Katib" məqaləsində Katib haqqında bir sıra məlumatlar vermişdir.

Əvvəldə deyildiyi kimi, Azərbaycan ədəbiyyatı tarixində böyük xidmətləri olan XX əsrin görkəmli ədəbiyyatşünası Əliabbas Müznib bir çox şair yazıçı ilə yanaşı, 19-cu yüzilliyin istedadlı şairlərindən Mirzə Məhəmməd Katib haqqında da məqalə yazmış, əsərlərini toplayıb nəşrə hazırlamışdır. Araşdırmalarının bir çoxunu dövri mətbuatda çap etdirmişdir. Yazılarında bu qələm adamının şəxsiyyəti haqqında toplaya bildiyi məlumatları da verib. Onun Şuşada "Məclisi-üns" ədəbi məclisinin üzvü olduğunu göstərərək, digər müasirləri - Abdulla bəy Asi, Məhəmmədəli bəy Məxfi, Ağa Həsən, Mirzə Ələsgər Növrəslə müqayisə aparıb. Müznibə görə, öz müasirlərindən daha soyuqqanlı olduğu üçün Katib onların mübahisələrinə, məsələn, Natəvana digərlərinə yazılan həcvlərə bunlara verilən cavablara qarşı etinasız olmuşdur.

Mirzə Məhəmməd Katibin müasir oxuculara ilk dəfə təqdim olunan şeirləri məhz Əliabbas Müznib Salman Mümtazın topladığı əlyazmalardan götürülüb. Katibin şeirlərini sonuncu dəfə tədqiqatçı S.Gəncəli Şuşa nəşriyyatında çap etdirmişdir.

 

Qurban MƏMMƏDOV

Azərbaycan.-2024.- 2 iyun, № 115.- S.11.