Neftçalada Məhəmməd Füzulinin 530 illik yubileyi qeyd olunub

 

 

Neftçala Uşaq İncəsənət Məktəbində Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Çıxış edənlər şairin Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutduğunu, Yaxın Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkar olduğunu qeyd ediblər. Bildirilib ki, hərtərəfli biliyə malik mütəfəkkir kimi Füzulinin həyata, insana dərin məhəbbət aşılayan daim gözəllik duyğusu ilə, ülvi ideallarla yaşamağa çağıran çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətidir. Məhəmməd Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaradaraq Azərbaycan bədii dilini daha da zənginləşdirməklə onu yeni zirvəyə yüksəldib. Şairin parlaq dühasının təcəssümü olan bu gün sevilə-sevilə oxunan əsərləri yarandığı ilk vaxtlardan geniş coğrafiyada yayılmış müəllifinə böyük şöhrət qazandırmışdır.

Tədbir boyu Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi əməkdaşlarının hazırladığı ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

 

S.CAVADOV,

Azərbaycan.-2024.- 2 iyun, № 115.- S.11.