İlham Əliyev işğaldan azad olunmuş əraziləri təmiz ekoloji məkan kimi qurur
Mənfur düşmənin üç
onillik ərzində işğal altında saxladığı ərazilərimizdə qırdığı meşələr, məhv etdiyi yaşıllıqlar, baltaladığı
meyvə bağları tədricən bərpa olunur. İndi torpağımız
da, onun yeraltı və yerüstü sərvətləri
də öz əlimizdədir və möhtərəm Prezidentimizin
dediyi kimi, heç kim, heç vaxt onlara
göz dikə bilməz! Bundan belə, bütün bu zənginliklər xalqımıza xidmət edəcək.
Qarabağın və
Şərqi Zəngəzurun torpağı
münbit, çayları bol sulu, yeraltı sərvətləri çoxdur.
Bu diyarın günəşi də fayda gətirən, hətta küləyi də gərəklidir. Məhz buna görə 44 günlük
Vətən müharibəsindəki qələbədən
az sonra Prezident İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru - 10 min kvadratkilometrlik ərazini "yaşıl
enerji" zonası elan etdi.
Qısa arayış:
Qarabağ və Şərqi Zəngəzur
7200 meqavat günəş,
2000 meqavat külək
enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının
isə təxminən
25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Günəş
enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı Laçın və Kəlbəcərin dağlıq
ərazilərində daha
çox müşahidə
olunur. Hər iki bölgənin ərazisi ilə axan Tərtərçay, Bazarçay, Həkəriçay
kimi əsas və bir çox
kiçik çayın
böyük hidroenerji
potensialı var. Həmçinin ilkin təhlillərə əsasən,
Kəlbəcərdə günlük
3093 kubmetr, Şuşada
isə günlük
412 kubmetr termal su ehtiyatlarının mövcud olması ehtimal edilir. Yer səthinə düşən
günəş radiasiyasının
miqdarına görə
Zəngilan, Cəbrayıl,
Qubadlı və Füzuli rayonları Naxçıvan MR-dən sonra ikinci yerdədir.
Azərbaycanın ən
günəşli rayonlarından
biri də Ağdamdır. Burada günəşli günlərin
çox olması günəş enerjisindən
istifadəni aktuallaşdırır.
Bu günlər
öz işini başa çatdırmış Bakı
Enerji Həftəsinin
açılışındakı çıxışında Prezident İlham Əliyev bu məsələyə toxunaraq demişdir: "Qarabağ və Şərqi Zəngəzurun
azad olunmuş ərazilərinin nəhəng
hidroelektrik potensialı
var. 2020-ci ilin noyabrında həmin ərazilər azad ediləndən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyalar istifadəyə verilib. 3-5 il ərzində bu rəqəm 500 meqavata çatacaqdır. Beləliklə,
bərpaolunan enerjinin
1 qiqavat həcmi bizə yarım milyard kubmetr qaza qənaət etməyə imkan verəcək ki, bazarın bu qaza ehtiyacı var və bu
ehtiyac davam edəcəkdir".
Bu ərazilərdə
artıq neçə-neçə
enerji obyektləri ya əsaslı təmir olunub, ya da yenidən
tikilib. Dövlətimizin
başçısı bu
bölgələrə səfərlərinin
əksəriyyətində yeni elektrik stansiyalarının
təməlini qoyur, hazır olanları isə istifadəyə verir. Təkcə 2023-cü ildə Qarabağ və Şərqi Zəngəzurda "AzərEnerji"
ASC tərəfindən 12 yerdə
tikilən yarımstansiya
və su-elektrik stansiyalarının açılışı
olub. Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Türkiyə-Avropa ölkələrarası beynəlxalq
enerji dəhlizi layihəsi çərçivəsində
tikilən 330 kV-luq
"Cəbrayıl" qovşaq
yarımstansiyası istismara
verilib. Həmçinin
"yaşıl enerji"
strategiyasına uyğun
olaraq, ötən il Kəlbəcər rayonunda 8,33 meqavat gücündə "Çıraq-1", 3,6
meqavat gücündə
"Çıraq-2", 6,33 meqavat gücündə "Qamışlı",
5,3 meqavat gücündə
"Soyuqbulaq" və
3,4 meqavat gücündə
"Meydan" stansiyaları
yenidənqurmadan sonra açılıb.
Bununla yanaşı,
həmin dövrdə
Laçında yeni tikilən 110 kilovoltluq
"Qorçu" yarımstansiyasının
və "Laçın"
şəhər qovşaq
yarımstansiyasının açılışı
həyata keçirilib.
Rayonda yenidən qurulan 8,25 meqavat gücündə "Mişni"
və 6 meqavat gücündə "Alxaslı"
KSES-lər istismara buraxılıb. Prezident İlham Əliyev "AzərEnerji"nin yeni tikilən 10,5 meqavat gücündə "Cahangirbəyli"
SES-in açılışında
da iştirak edib. İlin sonunda 110 kilovoltluq
"Ağdam" qovşaq
yarımstansiyası fəaliyyətə
başlayıb. Ən
yaddaqalan hadisələrdən
biri isə lokal xarakterli antiterror tədbirlərindən
cəmi 4 gün sonra Xankəndi və digər ərazilərin Azərbaycan
enerji sisteminə qoşulması olub.
Bu ilin birinci
yarısında bölgədə 32 SES-in istismara verilməsi nəzərdə
tutulub. Elə keçən ay Prezident İlham Əliyev
"AzərEnerji" ASC-nin "Zəngilan" və
"Şayıflı" su-elektrik stansiyalarının
açılışlarını edib.
Digər
stansiyalar kimi, Oxçuçayın Zəngilan rayonunun ərazisindən
keçən hissəsində hər birinin gücü 10,5
meqavat olmaqla dörd yerdə ümumi gücü 42 meqavat təşkil
edən "Zəngilan" Su-Elektrik stansiyaları silsiləsi
layihələndirilərək qısa vaxt ərzində
tikilib. Belə ki, işğaldan azad edilən ərazilərdə
ən böyük silsilə su-elektrik stansiyası - "Zəngilan"a
daxil olan "Cahangirbəyli"
SES keçən il dövlət
başçısının
iştirakı ilə istismara verilib.
"Şayıflı" və "Zəngilan" SES-lər
açılışa hazır vəziyyətə gətirilib,
"Sarıqışlaq" SES-də isə işlər
başa çatdırılıb.
Qeyd edək ki,
Araz çayının sol qolu olan Oxçuçay üzərində
inşa edilən stansiyaları
su ilə təmin etmək üçün dəniz səviyyəsindən
600 metr yüksəklikdə baş suqəbuledici qurğu
tikilib. Hər birinin gücü 10,5 meqavat olmaqla ümumi 21
meqavatlıq "Zəngilan"
və "Şayıflı" SES-lər üçün
maşın zalları da inşa edilib. "Yaşıl
enerji" zonası konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən
təmiz enerji verəcək "Zəngilan" və
"Şayıflı" SES-lərdə məlumatların
axını rəqəmsal qaydada mərkəzə
ötürüləcək. Stansiyanın məsafədən
idarəedilməsi təmin olunub. Bunun üçün mikro
SCADA sistemi yığılıb, 25 kilometr məsafədə
yüksəkgərginlikli yeni elektrik verilişi xətləri
və 24 damarlı optik kabel xətti çəkilib. İl ərzində
"Zəngilan" və "Şayıflı" SES-lərində
hər birində 30 milyon kilovat-saat olmaqla, ümumilikdə 60
milyon kilovat-saat "yaşıl enerji" istehsal ediləcək.
Bununla da 14 milyon kubmetr qaza qənaət edilməklə
yanaşı, atmosferə atılan karbon qazının (CO2) həcmi
28 min ton azalacaq.
Keçən ay,
eləcə də su tutumu 1,6
milyard kubmetr olan "Xudafərin" və 56,75 milyon kubmetr su
tutumuna malik "Qız Qalası" hidroqovşaqları, həmçinin
hər bir tərəf üçün ümumi qoyuluş
gücü 140 MVt olan
eyniadlı su-elektrik
stansiyaları paritet əsasda hər iki ölkənin
maraqlarına xidmət etməklə Azərbaycan-İran təcrübəsində
transsərhəd sulardan istifadənin örnəkləri
olacaq. Bu layihə təkcə Azərbaycana mövcud 252 min
hektar torpaq sahəsi üzrə suvarmanın
yaxşılaşdırılması və 12 min hektar yeni əkin
sahəsinin suvarılması, illik 358 milyon kilovat-saat elektrik
enerjisi istehsalı, 80 milyon kubmetr qaza qənaət imkanı
yaradacaq.
Bu yaxınlarda Kəlbəcər
və Laçın rayonlarında 5 kiçik su-elektrik
stansiyasının istismarı layihəsi çərçivəsində
"Malıbəy"in təməlqoyma mərasiminin
keçirilməsi bir daha təsdiq etdi ki, Qarabağ və Şərqi Zəngəzurun
alternativ və "yaşıl enerji" zonasına
çevrilməsi uğurla həyata keçirilir. Məlumdur
ki, "yaşıl enerji" təchizatında su-elektrik
stansiyalarının əhəmiyyətli rolu var. Azad
edilmiş ərazilərdəki çayların
hidropotensialının yüksək olması bu sahədə
layihələrin səmərəliliyini artırır.
Sözügedən istiqamətdə özəl sərmayədarlarla
əməkdaşlığa xüsusi önəm verilməsi
isə mövcud sahədə layihələrin icrasını
daha da sürətləndirir.
"Malıbəy"
KSES-in təməlqoyma mərasimində vurğulanıb ki, Kəlbəcər
və Laçında KSES-lərin istismarı layihəsi Azərbaycan-Türkiyə
qardaşlığının daha bir göstəricisidir. Bu,
azad edilmiş ərazilərimizdə özəl sektorla birgə
icra edilən ilk SES layihəsidir. Layihənin birinci mərhələsində
"Malıbəy" stansiyasının ildə təxminən
7 min evi elektrik enerjisi ilə təmin edəcəyi nəzərdə
tutulur.
Qarabağ və
Şərqi Zəngəzur getdikcə daha çox
"yaşıl işıq"dan bəhrələnəcək.
Hazırda Cəbrayıl rayonunda
BP şirkəti
"Şəfəq" layihəsi çərçivəsində
fotovoltaik (PV) günəş elektrik stansiyasının
yaradılması üzrə işlər aparır. Layihə
üzrə tikinti işlərinin bu ilin ikinci yarısında
başlanacağı və təxminən 18 ayadək davam edəcəyi
gözlənilir. "Şəfəq" stansiyası təxminən
802 hektarlıq ərazini əhatə edəcək və 240
meqavat dəyişən cərəyan gücünə malik
olacaq.
Gələcəkdə
Qarabağ və Şərqi Zəngəzur günəşinin şəfəqindən,
küləyinin sürətindən və
çaylarının gücündən daha çox
işıq alacaq.
Flora SADIQLI,
Azərbaycan.-2024.-
8 iyun, ¹ 120.- S.10.