Türk dünyası tarix səhnəsinə güclənən birlik kimi qayıdır

 

 

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev iyunun 6-da TÜRKPA-nın baş katibini bu qurumda birləşən ölkələrin parlament rəhbərlərini qəbul etmişdir. Hazırda dünyada dövlətlərin yaxınlaşmasında beynəlxalq məsələlərin həllində parlamentlər önəmli rol oynadığından dövlətimizin başçısı türk dünyasını təmsil edən parlament rəhbərləri ilə görüşə xüsusi əhəmiyyət verdiyini vurğulamışdır.

Prezident bunu belə dəyərləndirmişdir: "Qeyd etdiyiniz kimi, - mən çox şadam ki, bu, artıq ümumi bir yanaşmadır, ümumi bir fikirdir, - türk dünyasının gücləndirilməsi, birləşməsi türk dünyasını, Türk Dövlətləri Təşkilatını dünya miqyasında böyük bir güc mərkəzinə çevirəcək. Çünki, siz qeyd etdiyiniz kimi, mövcud olan güc mərkəzləri böhran içindədir. Hərəsinin öz böhran çərçivələri var. Bizim isə əksinə, potensialımız gündən-günə çiçəklənir. Qeyd etdiyim kimi, böyük coğrafiyadır, xəritəyə baxsaq görərik ki, türk dünyasının ucu-bucağı yoxdur, böyük coğrafiyanı əhatə edir. Artan əhali, gənc əhali, təbii sərvətlər, nəqliyyat yolları, aramızdakı birlik. Bu birlik təbiidir, bu birliyin təməlində ortaq köklər var. Ona görə bu birlik bütün başqa birliklərdən daha qüvvətli, daha güclüdür. Yəni bizim birləşməyimiz etnik, mədəni köklər üzərindədir biz təbii ki, praktiki addımlarla bu birliyi gücləndirməliyik".

Yaşadığımız əsrdə dünyada mövcud regional təşkilatların sıralarına yeniləri  qoşulur. Bunlardan biri getdikcə güclənən Türk Dövlətləri Təşkilatıdır. Yaranmasının tarixi qısa olsa da, ona beynəlxalq aləmdə maraq böyükdür. Ancaq bu təşkilatın güclənməsini istəməyən qüvvələr var. Səbəb indiyədək formalaşmış təşkilatlarda söz sahibi olan dövlətlərin yeni təşkilatın yaranmasını qəbul etmək istəməmələridir. Onlar buna nəinki qısqanclıqla yanaşırlar, hətta hər vəchlə mane olmağa çalışırlar. Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töre bundan rahatsız olduğunu sözügedən görüşdə dilə gətirmişdir: "Türk Dövlətləri Təşkilatı birlik yaratdığı zaman bunu niyə pozmaq istəyirlər? Biz bu oyuna aldanmamalıyıq. Bizim aramıza təfriqə, ayrılıq-qeyrilik salmasınlar. Bir olaq, iri olaq, diri olaq güclü olaq. Düşmənlərimiz bizdən çəkinsinlər. Nüfuzlu olaq. Biz güclü olsaq, bir olsaq, nüfuzlu olarıq bizə hücum edə bilməzlər, təzyiq göstərə bilməzlər, təzyiqdən vaz keçərlər. Hamınıza çox dərin sevgilərimi, ehtiramımı bildirirəm. Bu günləri gördüyümüz üçün Allaha şükür edirəm. Sağ olun, var olun".

Bütün maneələrə baxmayaraq, Türk Dövlətləri Təşkilatı turan ideyası ətrafında sıx birləşərək dünya tarix səhnəsinə yenidən parlayan ulduz kimi qayıdır. Türk birliyinin yaranması, onun güclü ittifaqa çevrilməsi üçün mövcud olan şərtlər genişdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu, böyük coğrafiyadır, artan gənc əhalidir, təbii sərvətlərdir, həmçinin qlobal əhəmiyyətli nəqliyyat yollarının kəsişdiyi ərazilərdir. Üstəlik, bu xalqlar onları birləşdirən eyni kökə mədəniyyətə sahibdirlər. Qısa desək, yeni birliyin yaranması üçün birləşdirici amillər çoxdur.

Hazırda dünyada gedən geosiyasi mübarizədə dünya əhəmiyyətli nəqliyyat marşrutlarına nəzarət əsas faktora çevrilib. Xoşbəxtlikdən bu yollara nəzarət türk dünyasına məxsusdur. Orta dəhliz Çinin "Bir kəmər, bir yol" layihəsinin davamı olsa da, türk nəqliyyat marşrutudur. Çindən sonra bu dəhlizin keçdiyi ölkələr Gürcüstan xaric, hamısı türk dövlətləridir. Üstəlik, dünya üçün böyük əhəmiyyət daşıyacaq İraqdan başlanıb Avropaya gedəcək marşrutda da söz sahibi türk ölkəsi - Türkiyədir. Bunlarsa o deməkdir ki, dünyadakı güc sahibləri tezliklə türk dünyasına möhtac durumda olacaqlar.

Amma, qeyd etdiyimiz kimi, bu birliyimizi dağıtmağa səy göstərənlər dinc  dayanmayacaqlar. Zorlu Törenin ifadə etdiyi rahatsızlıq da "göz gördüyündən qorxar" məsəlindən qaynaqlanır. Hazırda açıq şəkildə müxtəlif ölkələrdəki siyasilərin politoloqların çıxışlarından, KİV- dərc olunan materiallardan biz bunu açıq şəkildə görürük.

Bununla belə, birliyimizi dağıtmaq da asan deyil. Türk Dövlətləri Təşkilatı və onun müxtəlif qurumlarının 44 günlük Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyini müdafiə etmələrini yada salaq. Qardaş ölkələr Qarabağ və Şərqi Zəngəzurun bərpa-quruculuq işlərində də yanımızdadırlar. Təkcə bu, türk dünyasının hər cəhətdən təşkilatlanmasının bariz nümunəsidir.

Dövlətimizin başçısı Azərbaycanın Avropadakı tərəfdaşı və dostu olan Macarıstanın ölkəmiz naminə verdiyi mücadiləni də yüksək dəyərləndirir. Avropanın bəzi regional qurumlarında ölkəmizə qarşı əsassız ittihamlar irəli sürüləndə Macarıstan həmişə Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Prezident İlham Əliyevin dediyi kimi,  buna görə Macarıstana bir çox təzyiqlər olsa da, dost ölkə haqlı mövqeyindən geri çəkilmir. Bu isə onu göstərir ki, türk dünyası təkcə Asiyada deyil, Avropada da mövcuddur.

Türk Dövlətləri Təşkilatı çətin bir yol keçib. Bugünkü müstəqil türk ölkələrinin çoxu sovetlər birliyinin tərkibində idi və onlara müstəqil dövlət kimi formalaşmağa imkan verilmirdi. Bu dövlətlər müstəqilliyə qovuşduqdan sonra da müxtəlif təzyiqlərə məruz qalmışlar. O da danılmaz reallıqdır ki, bugünkü günə çatmaq üçün Prezident İlham Əliyev həqiqətən böyük səy göstərmişdir. Əvvəlcə türk dövlətlərini birləşdirən mədəni bir təşkilat həmin səyin sayəsində siyasi və iqtisadi cəhətdən  nüfuzlu regional təşkilata çevrilmişdir.

 

Rüstəm KAMAL,

Azərbaycan.- 2024.- 8 iyun, № 120.- S.7.