Azərbaycan
türk birliyinin mərkəzinə çevrilib
İlham Əliyevin təşəbbüsləri
TDT-ni qlobal güc kimi müəyyənləşdirir
Türk dövlətləri
arasında getdikcə
artan və yeni inkişaf mərhələsinə qədəm
qoyan çoxşaxəli
əlaqələr Türk
Dövlətləri Təşkilatının
(TDT) da dünyada söz sahibi olan güc mərkəzinə
çevrilməsinə birbaşa
rəvac verib. Milli köklərimizlə,
ortaq dəyərlərimizlə,
mədəniyyətimizlə, dilimizin, dinimizin birgəliyi ilə sıx bağlı olduğumuz türk xalqlarının, dövlətlərinin
həmrəyliyində, birliyində,
sıx əməkdaşlığında
Azərbaycan xüsusi
yer tutur. Prezident İlham Əliyevin birbaşa təşəbbüsləri TDT-nin qlobal güc
kimi müəyyənləşdirilməsində
əsas rol oynayır.
İyunun 6-da dövlət
başçısı İlham
Əliyev TÜRKPA-nın
nümayəndə heyətini
qəbul etdiyi zaman məhz bu məqamı xüsusi vurğuladı:
"Azərbaycan olaraq
bütün bu 20 il və ondan
əvvəl rəhmətlik
atamın dövründə
Azərbaycan bu qurumun möhkəmləndirilməsi,
birləşməsi və
təşkilata çevrilməsi
işində çox
fəal idi. Təsadüfi deyil ki, bugünkü Türk Dövlətləri
Təşkilatının təşkilata
çevrilməsi prosesi
də Naxçıvanda
başladı. Mənim
təşəbbüsümlə Zirvə görüşünün
qədim türk dünyası olan Naxçıvanda keçirilməsi
böyük məna daşıyırdı. Orada
əldə edilmiş
qərarlar əsasında
biz inkişaf edirik..."
Yeni türk tarixinin parlaq qələbəsi
2009-cu ildə qədim
türk diyarı Naxçıvanda təməli
qoyulan Türk Şurasının (indiki Türk Dövlətləri
Təşkilatı) qarşısına
qoyduğu məqsəd
və hədəflərə
çatması üçün
ötən dövr ərzində ölkəmiz
xüsusi səylər
göstərib. Təşkilata
sədrliyi dövründə
Azərbaycan türk dövlətləri arasında
əlaqələrin daha
da genişlənməsi
üçün yeni təşəbbüslərlə çıxış edib.
Azərbaycanın Qarabağ
zəfəri ümumilikdə
türkdilli xalqlar adına qazanılan parlaq qələbə oldu. Bu həm
də türk dünyasının tarixən
var olan etnosiyasi coğrafiyasını
bərpa etdi, türk birliyinin daha da güclənməsinə
təkan verdi. Təsadüfi deyil ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının İstanbulda
keçirilən VIII Zirvə
Görüşü zamanı
Prezident İlham Əliyev Türk Dünyasının Ali Ordeninə layiq görüldü.
2020-ci ildə Azərbaycanın
haqq savaşına çıxdığı zaman
qardaş Türkiyənin
siyasi, mənəvi dəstəyini göstərməsi
ölkəmizə əlavə
güc verdi.
Türk Dövlətləri
Təşkilatına üzv
ölkələrin liderlərinin
- Türkiyə, Özbəkistan,
Qazaxıstan, Qırğızıstan
prezidentlərinin Qarabağ
və Şərqi Zəngəzura səfər
etmələrinin özü
də bu baxımdan mühüm əhəmiyyət kəsb
edir.
Onu da xüsusi qeyd edək ki, türkdilli
ölkələr işğaldan
azad olunan torpaqlarımızda həyata
keçirilən quruculuq
işlərinə də
dəstəklərini göstərirlər.
Füzuli rayonunda Özbəkistan və Qazaxıstan tərəfindən
məktəb və yaradıcılıq mərkəzi
inşa edilərək
istifadəyə verilib.
Qırğızıstan tərəfindən
isə Ağdamda bir məktəbin inşasına başlanılıb.
Cəbrayıl rayonundakı
bir məntəqədə
isə Macarıstanın
maliyyə dəstəyi
ilə bir məktəb inşa ediləcək. Bunlar dost ölkələrin Azərbaycan xalqına hədiyyəsidir və türk birliyinə nümunələrdir.
Birliyimizin gücləndirilməsinə
istiqamətlənmiş növbəti
addım
Azərbaycanın xarici
siyasətində türk
dünyasının gücləndirilməsi,
türk dövlətləri
ilə əlaqələr
əsas istiqamət kimi müəyyən olunub. Dövlət başçımızın türkdilli
ölkələrə ardıcıl
səfərləri, eyni
zamanda həmin ölkələrin liderlərinin
Azərbaycana səfərləri
türk dövlətləri
ilə yüksək əlaqələrin bariz göstəricisidir.
Eyni zamanda Azərbaycanın həyata
keçirdiyi məqsədyönlü
siyasət nəticəsində
türk dövlətləri
arasında siyasi,
diplomatik, mədəni
əlaqələrlə yanaşı,
iqtisadiyyat, ticarət sahələrində də
böyük uğurlar
əldə edilib.
TÜRKPA nümayəndə heyəti ilə görüş zamanı ölkəmizin başçısı
bu məqama da toxundu: "Builki prezident seçkilərindən sonra
andiçmə mərasimindəki
çıxışımda bildirmişdim ki, bizim ailəmiz türk dünyasıdır,
bizim başqa ailəmiz yoxdur. Əslində, bu, ölkəmizin bu istiqamətdəki siyasətini
açıq şəkildə
büruzə verir. Şadam ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı
xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir".
Türk Dövlətləri
Təşkilatının gələcək
fəaliyyəti üçün
də birinci təşəbbüs məhz
Azərbaycandan gəlib.
Bildirək ki, bu yaxınlarda ölkəmiz TDT-nin fəaliyyətinin gücləndirilməsi
üçün mövcud
büdcənin yetərli
olmadığını bəyan
etmişdi. Ölkəmiz
bu istiqamətdə əməli addım ataraq təşkilata birtərəfli qaydada 2 milyon Amerika dolları əlavə ianə verib.
Onu da qeyd edək ki, Prezident İlham
Əliyevin təşəbbüsü
ilə iyul ayında Şuşada Türk Dövlətləri
Təşkilatının qeyri-rəsmi
Zirvə görüşü
keçiriləcək. Həmin
görüşün əsas
mövzuları nəqliyyat
və iqlimlə bağlı olacaq.
Bu birlik bütün başqa birliklərdən daha güclüdür
Hazırda dünyada
gedən qütbləşmələr,
geosiyasi proseslər, dünyanın dörd bir yanını bürümüş müharibələrin
fonunda da görürük ki, türk dövlətlərinin
güclərini birləşdirməsi
olduqca vacib əhəmiyyət kəsb
edir.
Əslində, Vətən
müharibəsi zamanı
türk birliyinin gücünün nələrə
qadir olduğunu bütün dünya gördü. Hazırda qarşımızda duran ümdə çağırış
bu birliyi daha da qüvvətləndirmək
və dünya miqyasında güc mərkəzinə çevirməkdir.
Qarşıdakı zamanda
da Türk Dövlətləri Təşkilatı
üzv dövlətlərin
hər birinin səyi ilə daha da möhkəmlənəcək
və "türk dünyası ailəsi"nin
həmrəyliyi daha da güclənəcək.
Necə ki bu barədə Prezident İlham Əliyev deyib: "Türk dünyasının
gücləndirilməsi, birləşməsi
türk dünyasını,
Türk Dövlətləri
Təşkilatını dünya
miqyasında böyük
bir güc mərkəzinə çevirəcək...
...Xəritəyə baxsaq görərik ki, türk dünyasının
ucu-bucağı yoxdur,
böyük coğrafiyanı
əhatə edir. Artan əhali, gənc əhali, təbii sərvətlər,
nəqliyyat yolları,
aramızdakı birlik.
Bu birlik təbiidir, bu birliyin təməlində
ortaq köklər var. Ona görə
bu birlik bütün başqa birliklərdən daha qüvvətli, daha güclüdür".
Yasəmən
MUSAYEVA,
Azərbaycan.-2024.-
8 iyun, № 120.- S.7.