ADA Universitetində 12-ci beynəlxalq festival keçirilib

 

 

İyunun 7-də ADA Universitetinin Beynəlxalq əlaqələr şöbəsi, ADA Universiteti Fondu və "Kolin İnşaat Şirkəti"nin dəstəyi, eləcə də "OCAQ" Teatr Cəmiyyəti, "Topçubaşov" adına beynəlxalq təqaüd proqramı və "ESN ADA Baku" tələbə klublarının birgə əməkdaşlığı çərçivəsində 12-ci beynəlxalq festival keçirilib.

AZƏRTAC xəbər verir ki, ənənəyə çevrilmiş bu festivalda 39 ölkənin səfirləri, xarici dövlətlərin ölkəmizdə akkreditə edilmiş səfirliklərinin nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları, habelə yerli və xarici tələbələr, jurnalistlər iştirak ediblər.

Bayram ab-havasında keçirilən beynəlxalq festivalda Argentinadan Qazaxıstanadək fərqli ölkələrin mədəniyyətləri, kulinariyası və tarixi həmin ölkələrin səlahiyyətli nümayəndələri tərəfindən təqdim olunub.

Tədbiri açan ADA Universitetinin dövlət, tələbə və xarici işlər üzrə prorektoru Fariz İsmayılzadə qeyd edib ki, artıq 12-ci dəfədir keçirilən festival bu ali təhsil müəssisəsinin multikultural dəyərlərini və buradakı beynəlmiləl mühiti əks etdirir.

ADA Universitetinin Slovakiyadan olan tələbəsi Rita Sapaiova bu festivalın müxtəlif mədəniyyətlərlə tanışlıq və mədəniyyətlərarası dialoqda mühüm rol oynadığını qeyd edib.

Festivalın sonunda Azərbaycan da daxil 15 ölkənin nümayəndələrinin iştirakı ilə konsert proqramı təqdim edilib. Müxtəlif müsabiqələr təşkil olunub.

Qeyd edək ki, ADA Universitetinin kampusunda açıq havada keçirilən festivala 500-dən çox iştirakçı qatılıb.

 

Azərbaycan.-2024.- 8 iyun, № 120.- S.5.