Georgi
POLTAVÇENKO: "Heydər Əliyevlə görüş
ömrümün sonuna
qədər yaddaşımda
qalacaq"
Rusiya Federasiyasının
şimal paytaxtındakı
"Ekspoforum" sərgi
mərkəzində XXVII Sankt-Peterburq
Beynəlxalq İqtisadi
Forumu (SPBİF) öz
işinə başlayıb.
Müzakirələrin əsas
mövzusu "Çoxqütblülüyün
əsası - yeni inkişaf mərkəzlərinin
formalaşması"dır. "Azərbaycan" qəzetinin
əməkdaşı da
bu tədbirə dəvət olunub. Onun Sankt-Peterburqda keçirilən tədbir
çərçivəsində aldığı müsahibəni
təqdim edirik.
SPBİF 1997-ci ildən təşkil olunur,
2006-cı ildən isə
Rusiya Federasiyası Prezidentinin himayəsi və iştirakı ilə keçirilir.
"Rusiya Davosu"
kimi tanınan ən böyük iqtisadi tədbir zamanı Prezident Akademiyasının (RXTVDX ) Qəyyumlar
Şurasının sədri,
Sankt-Peterburqun dördüncü
qubernatoru Georgi Poltavçenko ilə görüşdük. O, 2011-ci ildən 2018-ci ilə qədər şəhərə
rəhbərlik edib və bu müddət
ərzində Bakı
ilə Sankt-Peterburq arasında xüsusilə iqtisadi sahədə möhkəm əlaqələr
qurmağa nail olub.
Söhbətimizə Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrlə
başladıq. O dedi:
- Mən vaxtilə
SSRİ DTK kurslarında oxumuşam,
təbii ki, biz hamımız Heydər Əliyevi xatırlayırıq və
onunla fəxr edirik. Onun xatirəsi
bu təhsil ocağında - Rusiya Xalq Təsərrüfatı
və Dövlət Xidməti Akademiyasında əbədiləşdirilib. Heydər
Əliyevin keçmiş
həmkarı kimi mən də, əlbəttə ki, onunla Azərbaycanda görüşmək imkanı
qazandığımdan çox məmnunam. Bu, Heydər Əliyevin artıq Azərbaycan DTK-dan partiya işinə
keçdiyi dövr idi. Məzuniyyət vaxtı Bakıda SSRİ
DTK-nın istirahət
evində dincəlirdik.
Həyat yoldaşımla
ərazidə gəzərkən
Heydər Əliyevlə
rastlaşdıq. O, haradan
gəldiyimizlə maraqlandı
və bizi masa arxasına dəvət edərək ətirli Azərbaycan cayına qonaq etdi. Söhbətləşdik
və xatirələrimizi
paylaşdıq... O, Leninqradda
ali məktəbdə
təhsil aldığını,
hakimiyyət orqanlarında
işlədiyini xatırladı
və harada çalışdığımı soruşdu. Təxminən
20-25 dəqiqə söhbət
etdik. Bu, çox maraqlı görüş idi və ömrümün sonuna qədər yaddaşımda qalacaq.
Mən İlham
Əliyevlə də bir neçə dəfə görüşmüşəm.
O, çox fərqli insandır, mənim ona böyük hörmətim var. Azərbaycan Prezidentinin həm dünyada, həm də ölkəmizdə böyük
nüfuzu var və təbii ki, ölkənizdə də onu çox
sevirlər. Azərbaycanın,
doğma şəhərim
Bakının onun dövründə çox
dəyişdiyindən məmnunam.
Bakı gözəl şəhərdir. Yaşıl,
təmiz, çox qonaqpərvər, mehriban, dünyasəviyyəli
paytaxtınız var. Və mən bundan çox qürurlanıram.
Yeri gəlmişkən,
deyə bilərəm
ki, keçən il biz Heydər
Əliyevin anadan olmasının yüz illiyini təntənə ilə qeyd etdik.
Peterburqda möhtəşəm
tədbir keçirdik.
Şəhərimizin qanunvericilik
məclisində müvafiq
tədbirlər, o cümlədən
Heydər Əliyevin həyat yoluna həsr olunmuş sərgi təşkil olundu. Ümumiyyətlə,
Sankt-Peterburqda Azərbaycanın,
Azərbaycan diasporunun
nümayəndələri fəaldırlar,
onlar çox işlər görürlər.
Şəhər üçün,
Azərbaycanla dostluq münasibətlərimizin inkişafı
üçün çox
çalışırlar. Burada
ən böyük diaspor prinsipcə Azərbaycanındır.
Azərbaycanlılar, demək olar ki, bütün sahələrdə işləyirlər.
Onlar həm dövlət orqanlarında,
həm də yeri gəlmişkən, Sankt-Peterburq hökumətində
və hüquq-mühafizə
orqanlarında çalışırlar.
Ali təhsil ocaqlarında, orta ixtisas təhsil müəssisələrində azərbaycanlı müəllimlər
də az deyil. Azərbaycandan çoxlu biznes nümayəndələri, mədəniyyət
və elm xadimləri var. Yəni onlar istisnasız olaraq şəhər həyatının
demək olar ki, bütün sahələrində təmsil
olunurlar. Bu, çox yaxşı və xarakterik haldır və Azərbaycanla münasibətlərimizin
hansı səviyyədə
olduğunu göstərir.
Sankt-Peterburq 1998-ci ildə
Bakı ilə qardaşlaşmış şəhər
münasibətləri qurub.
Ona görə də bu şəhərlərin
nümayəndələrinin qarşılıqlı səfərləri
olur. Bu il də bizim
nümayəndə heyətimiz
Bakıya səfər
edib və orada söhbətlər aparıb. Bu, yalnız işgüzar əlaqələri əhatə
etmir, Azərbaycan hökuməti ilə Sankt-Peterburq şəhər
hökuməti arasında
tərəfdaşlıq və
bir çox sahələrdə qarşılıqlı
fəaliyyət haqqında
hökumətlərarası saziş də imzalanıb. Təbii ki, söhbət iqtisadiyyatdan, mədəniyyətdən, elmdən və s. gedir.
Hesab edirəm ki, Rusiya ilə
Azərbaycan arasında
bu gün münasibətlərin səviyyəsi
çox yüksəkdir.
Əlbəttə ki, əlaqələri daha da inkişaf etdirmək lazımdır və bunun üçün
lazımi imkanlar var. Ən əsası
odur ki, Rusiya ilə Azərbaycan strateji tərəfdaş ölkələrdir.
Dövlət başçılarımız
arasında əla münasibətlər var və təbii ki, bu, bizim
strateji müttəfiq
olmağımızın əsas
zəmanətidir.
- Ermənistanla 44 günlük
müharibədən sonra
Azərbaycan işğal
altında olan torpaqları azad etdi. Bilirsiniz ki, işğal olunmuş yerlərdə, ermənilər hər şeyi yerlə yeksan edib, daş
üstündə daş
belə qalmayıb. Buna münasibətiniz necədir?
- Konkret danışmaq
mənim üçün
çətindir, amma düşünürəm ki,
birincisi, biz hamımız Rusiyanın münaqişənin sülh
yolu ilə tənzimlənməsinə çalışdığını
bilirdik. Rusiya hazırda da Azərbaycanla Ermənistan
arasında sülh danışıqları prosesində
fəal iştirak edir. Biz hamımız
onun tərəfdarıyıq
ki, istənilən münaqişə, istənilən
mübahisəli vəziyyət
sülh yolu ilə həll olunsun. Aydındır ki, bölgələrdə
hansısa hərbi əməliyyatlar aparılıbsa,
yəqin ki, müəyyən iqtisadi problemlər mövcuddur və bu ərazilərin
bərpasına, orada dinc həyatın yaradılmasına ehtiyac var.
Amma fikrimcə,
bu, ilk növbədə
hökumətin vəzifəsidir.
Ola bilsin ki, iqtisadi əməkdaşlıq
çərçivəsində, məsələn, tikinti materiallarının tədarükü,
başqa proqramlar həyata keçirilsin, Azərbaycanla Ermənistan
arasında münasibətlər
normallaşsın və
nəhayət, vəziyyəti
sabitləşdirmək üçün
müvafiq qərarlar qəbul edilsin. Təbii ki, istənilən gərginlik
həmişə hamının
əleyhinə, hər
bir tərəfə qarşı işləyir.
Bu gərginliyin heç bir faydası yoxdur. İndi bu kəskin
dövr başa çatıb, deməli sakitliklə, yaxşı münasibətlər yaratmaqla,
dinc həyat qurmaqla məşğul olmalıyıq.
- Qubernator olduğunuz
müddətdə Azərbaycanla
əməkdaşlığı möhkəmləndirmək üçün
hansı işlər görülüb? Bununla bağlı layihələr
həyata keçirilibmi?
- Bəli, razılaşmamız
var idi. 2015-ci ildə Bakıda olarkən biz bir sıra sənədlər
imzalamışdıq. Şəhər
hökuməti ilə
Azərbaycan hökuməti
arasında qarşılıqlı
fəaliyyət haqqında
Hərtərəfli Saziş
mövcuddur. Bu, artıq uzun illərdir ki, ciddi iqtisadi və mədəni bəhrələr verir. Nümayəndə heyətlərinin
görüşlərində bu müqavilə çərçivəsində layihələrin icrası
nəzərdən keçirilir,
lazım gələrsə,
yeni sənədlər,
sazişlər imzalanır.
Yaxud humanitar təhsil, mədəni mübadilə və ya digər məsələlərlə
bağlı razılaşmalar
əldə olunur.
Azərbaycanla məhsul
və ərzaq tədarükü sahəsində
də geniş əməkdaşlığımız var. Bizim mağazalarımızda
Azərbaycan pomidorunu böyük məmnuniyyətlə
alır və sevirlər. Ölkənizdən
şəhərimizə digər
kənd təsərrüfatı
məhsulları da daxil olur. Bu
gün mağazalarımızın
piştaxtalarını Azərbaycan
tərəvəzləri olmadan,
"Azərçay"sız təsəvvür etmək
çətindir. Həm
də məhsullarınız
çox keyfiyyətlidir.
Sankt-Peterburqdakı müəssisələrimiz
neft-qaz sənayesi və bəzi məişət texnikası
üçün məhsullar
istehsal edir. Bu sahədə də qarşılıqlı
faydalı əməkdaşlığımız
var. Hesab edirəm ki, bu proses davam
edir və güclənir.
Söhbətimizin sonunda
Georgi Poltavçenko doğulduğu Bakı şəhəri üçün
darıxdığını bildirir: "Qubernatorluqdan gedəndən sonra yalnız bir dəfə Bakıda olmuşam. Lakin daha çox bu şəhəri ziyarət etməyi düşünürəm. Axı
Bakı mənim doğma şəhərimdir.
Orada özümü yaxşı hiss edirəm. Mən heç yerdə Bakıdakı dənizkənarı
parka bənzəyən
gözəl məkan görməmişəm. Üstəlik,
şəhər daim tikilir və genişlənir.
Bakının mərkəzi,
əlbəttə ki, unikaldır - isti və şən məkandır.
Ümümiyyətlə, tolerant və multikultural ölkə olan Azərbaycanda çox yerləri ziyarət etməyi planlaşdırıram. Ölkənizdəki
dağlar da çox gözəldir. İsmayıllının İvanovka
kəndində rus molokanları, Qubadakı Qırmızı Qəsəbədə
isə yəhudilər
dinc və firavan yaşayırlar. Bakı həmişə çoxmillətli, mədəni
paytaxt olub.
Azərbaycanda minillik
adət-ənənələr, mədəniyyətlər qorunub
saxlanılıb. Bu, böyük sərvətdir.
- Çox sağ
olun. Sizə uğurlar arzu edirik!
Elçin VƏLİYEV,
Azərbaycan.-2024.-
8 iyun, № 120.- S.5.