Dünya birliyi Ermənistanın mina terroruna
adekvat cavab verməlidir
"Otuzillik işğal dövründə ağlasığmaz
hərbi cinayətlər
törədən Ermənistan
ölkəmizi mina terroruna da məruz qoyub. Nəticədə Qarabağ və Şərqi
Zəngəzurun böyük hissəsi mina və
partlamamış sursartlarla çirkləndirilib. Lakin İrəvan
hələ də öhdəliklərinə əməl etmir və
düzgün mina xəritələrini Azərbaycana təhvil
vermir. Ərazilərimizdə kütləvi şəkildə
yerləşdirilmiş mina və digər partlayıcı
qurğular Qarabağ və Şərqi Zəngəzurun bərpa
və yenidənqurma işlərinin həyata keçirilməsinə
əngəl yaradır".
Bu fikirləri
"Azərbaycan" qəzetinə açıqlamasında
Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Deputat bildirib ki, ölkəmizdə təxminən bir həftə
əvvəl keçirilən 3-cü beynəlxalq humanitar minatəmizləmə
konfransında ərazilərimizin ermənilər tərəfindən
minalanması ilə bağlı vacib müzakirələr
aparılıb: "Konfransda 75 ölkədən 300-dən
çox nümayəndə iştirak edib.
İştirakçılar arasında bir sıra ölkələrin
yüksəkvəzifəli şəxsləri, BMT-nin baş
ofisinin rəhbər heyəti, beynəlxalq təşkilatların
təmsilçiləri və müxtəlif ölkələrin
minatəmizləmə mərkəzlərinin rəsmiləri təmsil
olunublar. Tədbirdə Azərbaycandakı mina probleminin
dünyaya çatdırılması, humanitar minatəmizləmə
sahəsində beynəlxalq tərəfdaşlığın
gücləndirilməsi, mina və müharibənin digər
partlayıcı qalıqları ilə çirklənmənin
ətraf mühitə təsirini azaltmaq üçün maliyyə
resurslarının səfərbər edilməsi yolları barədə
müzakirələr aparılıb".
Deputat qeyd edib ki,
İkinci Qarabağ müharibəsinin başa
çatmasından 3 il yarım vaxt keçməsinə
baxmayaraq, mina problemi hələ də qalmaqdadır:
"İşğaldan azad olunmuş torpaqlarda mina
qurbanlarının - ölən və yaralananların sayı
artmaqda davam edir. Postmüharibə dövründə Azərbaycan
ərazilərində 2020-ci ildən sonra Ermənistanda istehsal
olunmuş çoxlu sayda minalar tapılıb. Bu səbəbdən,
torpaqlarımız işğaldan azad olunsa da, böyük əraziləri
əhatə edən sahələrə minalar
basdırıldığına görə, keçmiş məcburi
köçkünlərin təhlükəsiz şəkildə
öz evlərinə qayıtması üçün ciddi maneələr
var".
Müşfiq Cəfərovun
sözlərinə görə, Ermənistanın bu
çirkin siyasəti nəticəsində Azərbaycan
dünyada minalar və partlamamış hərbi sursatlarla ən
çox çirklənmiş ölkələr
sırasında yer alıb. İşğal dövründə
torpaqlarımızda 1,5 milyondan artıq mina
basdırılıb. Vətən müharibəsi başa
çatdıqdan sonra əksəriyyəti mülki olan 361 vətəndaşımız
mina qurbanı olub, onlardan 68-i həyatını itirib,
293-ü isə ağır yaralanıb.
"Qarabağ və
Şərqi Zəngəzurda ərazilərin minalardan təmizlənməsi
prosesi dövlətimizin əzmkarlığı sayəsində
sürətlə davam edir. Böyük Qayıdışa dair
I Dövlət Proqramında ərazilərin minalardan,
partlamamış hərbi sursatlardan, tərkibində
partlayıcı olan qurğulardan və digər
partlayıcı qalıqlardan təmizlənməsi ilə
bağlı vəzifələr müəyyən edilib. Ötən
il dövlət büdcəsindən ərazilərin minalardan
təmizlənməsinə 110,2 milyon manat yönəldilib",
- deyə müsahibimiz əlavə edib.
Müşfiq Cəfərov
vurğulayıb ki, Azərbaycanın dünyada minalardan əziyyət
çəkən ilk 10 ölkə arasında yer
almasının səbəblərindən biri də rəsmi
İrəvanın bu məsələ ilə bağlı daim
qeyri-konstruktiv mövqe sərgiləməsidir: "Bu günə
kimi Azərbaycana təqdim edilən mina xəritələrinin
təkcə 25 faizinin doğru olması bunu deməyə əsas
verir. Hesab edirəm ki, dünya ictimaiyyəti Azərbaycanın
üzləşdiyi mina terroru ilə bağlı
çağırışlarına adekvat cavab verməli və
dəqiq mina xəritələrinin təhvil verilməsi
üçün İrəvana təzyiq göstərməlidir".
N.QAFARZADƏ,
Azərbaycan.-2024.-
8 iyun, № 120.- S.8.