Ermənistan mina xəritələrini təhvil verməməklə beynəlxalq hüququ tapdalayır

 

 

""Minaların ətraf mühitə təsirinin azaldılması - Təhlükəsiz yaşıl gələcək üçün resursların səfərbər olunması" mövzusunda konfransın məhz Azərbaycanda keçirilməsi böyük əhəmiyyət kəsb edir. Məlumdur ki, Azərbaycan minalarla ən çox çirkləndirilmiş ölkələrdən biridir".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib. Deputat bildirib ki, Azərbaycan, həmçinin beynəlxalq səviyyədə minalanmaya qarşı mübarizə aparan mərkəz statusunu qazanmış dövlətdir.

Arzu Nağıyevin sözlərinə görə, Ermənistanın müharibə cinayətləri nəticəsində Azərbaycan ərazisinin 12 faizi mina partlamamış sursatlarla çirkləndirilib: "Bu gün işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına Böyük qayıdışa maneə olan ən ciddi problem minalardır. Otuz il ərzində erməni  terrorçuları tərəfindən ərazilərimizdə çoxsaylı minalar basdırılıb bunlar quruculuq işlərinə maneə törədir. İnsanların həyatına son qoyan mina terroru aqrar sahəyə ciddi zərbə vurur. Təsadüfi deyil ki, hazırda kənd təsərrüfatı üçün yararlı torpaq fondumuzun bir qismi mina terroruna məruz qalıb".

Deputat vurğulayıb ki, İrəvana dəfələrlə edilən xəbərdarlıqlara beynəlxalq platformalarda səslənən çağırışlara baxmayaraq, Ermənistan dəqiq mina xəritələrini Azərbaycana hələ təhvil verməyib: "Onlar mina xəritələrini verməkdən ya imtina edir, ya da təqdim etdikləri xəritələr yararsız çıxır. Ona görə mövcud problemin həlli istiqamətində Azərbaycan təkbaşına mübarizə aparır, öz vəsaiti hesabına ərazilərini minalardan təmizləyir. Hesab edirəm ki, mina xəritələrinin verilməsi üçün beynəlxalq ictimaiyyət İrəvana təzyiq göstərməlidir".

A.Nağıyev qeyd edib ki, Azərbaycanın ərazilərin minalardan təmizlənməsi istiqamətində gördüyü işlərin nəticəsində keçmiş məcburi köçkünlər mərhələli şəkildə yurd-yuvalarına qayıdırlar.

 

Ə.QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 8 iyun, № 120.- S.8.