Zəfərinə, hünərinə alqış, Azərbaycan əsgəri!

 

 

Torpaqlarımızın azadlığı uğrunda döyüşlərin başladığı ilk günlərdən ön xətdə vuruşan, yurdumuzu addım-addım erməni işğalçılarından təmizləyən Azərbaycan əsgərindən yalnız yalnız zəfər dolu xəbərlər gözləyirdik. Günlər keçdikcə gözləntilərimiz ümidlərimizi doğruldurdu.

Ordumuzun hissələri bütün cəbhəboyu düşmənə sarsıdıcı zərbələr endirə-endirə işğalçıları üzü Ermənistana tərəf qovurdu. Silahlı Qüvvələrimizin pilotsuz uçuş aparatları yağıların döyüş texnikalarını, artilleriya sistemlərini, idarəetmə qərargahlarını, dayaq məntəqələrini, rabitə qurğularını, şəxsi heyətini başqa zəruri hərbi vasitələri dəqiq atəş zərbələri ilə məhv edirdi. Düşmən qüvvələrinin bir-biriləri ilə birləşməmələri üçün yollar kəsilir, bərələr möhkəm-möhkəm bağlanırdı. Buna görə qəsbkarların ehtiyatı tükənir, zirehli texnikalarının sayı azalırdı. Düşmən ha çalışsa da, orda-burda gizlətdikləri qüvvələrini bir yerə cəmləyə bilmirdi. Ona görə ordumuzun qarşısında diz çökməyə məcbur olurdu.

Belə qürurverici anları seyr etmək üçün başqa vaxtlar ekrandan uzaq olan insanlar, Vətən müharibəsinin davam etdiyi günlərdə Azərbaycan əsgərinin qəhrəmanlığını yaxından izləməkdən ötrü xəbərlər proqramları başlanan kimi televiziya qarşısında əyləşirdilər. Verilişlərdən həyəcan qarışıq sevinclə Azərbaycan əsgərinin cəbhədə göstərdiyi igidlikləri izləyirdilər. İzlədikcə ordumuzun uğurlarından, zəfərlərindən ruhlanırdılar. Ruhlana-ruhlana da Azərbaycan əsgərinin ünvanına xoş sözlər deyirdilər. Hamı əmin idi ki, hərbçilərimizin uğurları davamlı olacaq, zabit əsgərlərimiz ard-arda zəfərləri ilə xalqımızı sevindirəcəklər.

İyirmi səkkiz il erməni işğalında qalmış torpaqlarımız cəsur əsgərlərimizin igidliyi sayəsində  azad olunduqca qələbəyə gedən yollar genişlənirdi, torpaqlarımız bizə daha da əlçatan olurdu. Xalqımızın ordusuna inamı daha da artırdı. Ağır itkilər verən düşmən əsgərlərimizin əks-hücumları qarşısında dayana bilməyib geri çəkilirdi. Silah-sursatlarını başqa zəruri avadanlıqlarını, eləcə döyüşçü yoldaşlarının meyitlərini mövqelərində atıb qaçırdı. Ordumuzun bölmələri ilə bacara bilməyən, sıraları gedikcə seyrələn ermənilər məğlubiyyətə düçar olurdular.

Azərbaycan Ordusu dayanmadan, qəhrəmanlıq göstərə-göstərə yağıların üzərinə gedirdi. Gedirdi ki, qəsbkarlardan qisas alsın, illərdən bəri həsrətini çəkdiyi torpağını işğalçılardan azad etsin. Azərbaycan əsgəri bütün döyüşlərdə,  əməliyyatlarda hünər göstərə-göstərə zəfərlər qazanırdı.

Zəfərlərinə, hünərinə alqış, Azərbaycan əsgəri! Sən uğurla başladığın döyüş yolunu elə uğurlarla da davam etdirdin, hünərinlə qəhrəmanlıq tariximizin səhifələrinə yeni-yeni zəfərlər yazdın! Gələcək nəsillər sənin qəhrəmanlığından dastanlar qoşacaq, bir-birindən gözəl əsərlər yaradacaqlar.

 

 

 

Qorxudan bağıra-bağıra Arazı keçən ermənilər

 

 

 

Qəlbimizdən süzülərək vərəqlər üzərinə düzülən bu cümlələri yazmağa bizi ruhlandıran sosial şəbəkələrdə gördüyümüz maraqlı bir mənzərə oldu. Həmin mənzərə bir anlıq da olsa, bizə illər əvvəl baş vermiş qan-qadalı hadisələri xatırlatdı. Bu xatırlatmalar illər əvvəl yaşanılmış dəhşətli hadisələri gözlərimiz qarşısında yenidən canlandırdı. Ermənilər 1993-cü il oktyabrın 29-da Zəngilan rayonunun ərazisini işğal edəndə rayon camaatı düşmənə əsir düşməmək üçün özlərini Arazın soyuq sularına vurdu. Neçələri o biri sahilə - İran ərazisinə sağ çıxa bilməyərək gur suların qoynunda boğuldular. Doğmaları qədər axtarsalar da, ölən əzizlərinin meyitlərini tapa bilmədilər. Bir günün, bir anın içində həm doğma ocaqlarını, həm yaxınlarını itirmək Zəngilan camaatına ikiqat, üçqat ağır dərd oldu.

Ordumuzun hissələri Cəbrayıl istiqamətində irəlilədikcə, hərbçiləri ilə bərabər, burada qanunsuz məskunlaşıb yaşayan mülki ermənilər qorxularından qaçmağa başlamışdılar. Onlar işğal edilmiş ərazilərimizdən quru yolla deyil, Arazdan keçərək İran tərəfi ilə Mehriyə qaçırdılar. Arazı da bağıra-bağıra adlayırdılar. Elə bil bu dəqiqələrdə daşnakların boğazına ip keçirib dar ağacına çəkəcəkdilər. Suya batıb boğulacaqlarından qorxan ermənilərin bağırtıları qulaqları batırdı.

Yəqin ki, bu qaçmağın özü ermənilərə yaxşıca dərs olacaq. Düşmənlər bir daha gördülər ki, bu yerlərin əsl sahibləri günlərin birində güclənib, silahlanıb gəlib yurdlarına sahib çıxacaqlar, onları bu yerlərdən qovacaqlar.

İllər idi ki, məcburi köçkünlər doğma ocaqlarına dönəcəkləri günü həsrətlə, intizarla gözləyirdilər. Azərbaycan Ordusunun döyüşlərdə qazandığı uğurlar zəfərlər yurd həsrətli insanlarda dədə-baba torpaqlarına qayıdacaqlarına böyük inam yaradırdı. Ordumuzun qələbələri zəfərləri artdıqca bu inam da gündən-günə boy verib yüksəlirdi. Sanki illərin zülmət qaranlıqlarından güclü bir işıq doğulub parlayırdı. Bu işıq Azərbaycan Ordusunun erməni qəsbkarları üzərində qazandığı qələbələrin, zəfərlərin işığı idi. Bu işıq getdikcə daha da güclənərək qəsbdə olan bütün ərazilərimizin üstünə düşdü. İnanırıq ki, bizə xoşbəxtlik gətirən bu işığın, bu nurun şöləsi heç vaxt, heç zaman sönməyəcək.

 

Vahid MƏHƏRRƏMOV,

Azərbaycan.-2024.- 8 iyun, № 120.- S.11.