Böyük zəfər uğrunda şəhid oldu

 

 

Orxan Quluzadə 1994-cü il iyunun 29-da Lənkəran şəhərində dünyaya göz açdı. Lənkəran şəhər Vaqif Əliyev adına 4 saylı humanitar təmayüllü məktəb-liseydə təhsil aldı. O, uşaqlıq illərindən idmana böyük həvəs göstərdi. Lənkəran şəhərində qaydasız döyüş idman növü ilə məşğul oldu. Orxan respublikamızın müxtəlif şəhər rayonlarında idman yarışlarında uğurla iştirak etdi, nailiyyətlər qazandı.

Xarici dillər öyrənməyə marağı böyük idi. Xüsusilə ingilis dilini həvəslə öyrənirdi. Dəfələrlə həmin dil üzrə təşkil olunan yarışlarda iştirak edir, yüksək nəticələr göstərirdi, sertifikatlarla diplomlarla təltif olunurdu.

Orxan Quluzadə Vətənə sevgi ilə böyümüşdü. Ancaq bu sevgidə boynubükük bir qüssə, hüzn vardı. Azərbaycanın əzəli ərazilərinin Ermənistanın işğalında qalması Orxanı hiddətləndirirdi. Qarabağ Şərqi Zəngəzuru işğalçı ölkənin silahlı qüvvələrindən təmizləmək ən böyük arzusu idi. Vaxt gələcək Orxan Quluzadənin qəlbindəki Vətən sevgisi, ərazilərimizin işğal altında qalmasından doğan qüssə, xiffət, işğalçı ermənilərə qarşı qəzəb, hiddət çağırışa çevriləcək, onu cəbhəyə, döyüş meydanlarına aparacaqdı. Ancaq o zamana hələ illər qalırdı...

2012-ci ilin iyulunda Orxan Quluzadə hərbi xidmətə yollandı. Azərbaycan Quru Qoşunlarının Bakı şəhərinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən 4-cü Ordu Korpusunda müddətli həqiqi hərbi xidmətə başladı.

Hərbi xidmətə gedəndə dostlarına demişdi ki, Vətən torpaqlarının düşmən tapdağında qalması qəhrəman xalqımıza yaraşmır. Orxan Quluzadə inanırdı ki, mərd, vətənsevər, təəssübkeş Azərbaycan övladları bir gün düşməni məğlubiyyətə uğradacaq, yurdlarımızı işğaldan azad edəcək, şəhidlərimizin qisasını alacaqlar. Həqiqi hərbi xidmət illərində buna daha da əmin oldu.

Orxanın əsgərliyi cəbhə bölgəsində keçdi, ön xətdə dəfələrlə düşmənlə üz-üzə gəldi. O, görürdü ki, Azərbaycanın əsgər zabitləri Vətəni necə müqəddəs hesab edir, onu göz-bəbəkləri kimi qorumağı özlərinə şərəf bilirlər. Bu elə hisslərdir ki, insana cəsarət verir, çətin məqamlarda, təhlükə qarşısında qalanda canını deyil, vətənin müqəddəratını düşünməyə, yeri gələndə, düşmən güllələrinə sinəsini sipər etməyə vadar edir.

Vətənpərvərliyi, yurdsevərliyi, mərdliyi, qorxmazlığı ilə əsgər yoldaşlarının, komandirlərinin rəğbətini qazanan Orxan Quluzadə 2014-cü ilin yanvar ayında həqiqi hərbi xidmətini başa vurdu. Lənkərana, ailəsinin yanına qayıtdı. O,  2013-2017-ci illərdə müxtəlif yerlərdə çalışdı. Ancaq vətən məhəbbəti, torpaqlarımızın  Ermənistanın işğalında qalması onu hərbçi olmağa məcbur etdi. Orxan Quluzadə 2017-ci ilin oktyabrında Dövlət Sərhəd Xidməti komandanına ərizə ilə müraciət etdi. 2018-ci il martın 29-da Dövlət Sərhəd Xidməti Komandanının əmri ilə Yevlax şəhərində "N" saylı hərbi hissəyə xidmət etmək üçün göndərildi. Çox keçmədi ki, xidmətdə fərqləndiyinə görə ona kiçik gizir rütbəsi verildi. Çevik hərbi dəstənin kəşfiyyat bölüyünün kəşfiyyatçı-snayperçi vəzifəsində xidmət etdi.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri Orxan Quluzadə 2020-ci il sentyabrın 27-də, İkinci Qarabağ müharibəsinin ilk günündən Ermənistanın işğal etdiyi ərazilərin azad olunması uğrunda döyüşlərə atıldı. O, Xocavənd rayonunun yaşayış məntəqələrinin Zəngilan şəhərinin azad olunması əməliyyatlarında fəal iştirak etdi. Oktyabrın 21-də çevik hərəkət taboru ilə qatıldığı Zəngilan istiqamətində döyüşlərdə bir sıra yüksəkliklərin azad edilməsi uğrunda igidlik nümunəsi göstərdi. Orxan Quluzadə noyabrın 8-də Zəngilan rayonunda, azad edilməsi zamanı Şükürataz yüksəkliyi istiqamətində gedən döyüşdə şəhid oldu.

Şəhid Orxan Quluzadə Lənkəran şəhərində Şəhidlər xiyabanında torpağa tapşırıldı. Evli idi. Körpə qızı Vətənə əmanət qaldı...

İkinci Qarabağ müharibəsində işğal olunmuş ərazilərimizin azad olunması uğrunda aparılan döyüşlər zamanı şücaət, qəhrəmanlıq nümunəsi göstərən Orxan Quluzadə ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif olundu.

Orxan qısa ömrünü əsl qəhrəman olaraq yaşadı. Xatirələrdə mərd, igid kimi qaldı.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2024.- 8 iyun, № 120.- S.11.