Ən böyük arzusu Qarabağı azad görmək idi

 

 

Hər şey qanla keçir, genlə gəlir, ailədən, düzgün tərbiyədən başlayır. Vətəni sevmək hissi , cəsarət , özünü fəda etmək qüdrəti bundan irəli gəlir.

Bütün müqəddəs yolun yolçularının ilk məktəbləri ailələri, görüb-götürdükləri isə valideynləri  olub. Şəhidlik fəxri ad, titul deyil, vətəni ilahi eşqlə sevən insanlara Tanrının mükafatıdır. Şəhidlik şəhadətnaməsi mürəkkəblə deyil, qanla yazılır. Tanrı bu müqəddəs adı yalnız sevimli bəndələrinə nəsib edər.

Ürfan da "Vətən dərsi"ni ailəsindən almışdı. O, hələ dünyaya gəlməmiş  əmisi Mais Məmmədov Birinci Qarabağ müharibəsində şəhid olmuşdu. Ürfan gözünü açandan, ağlı söz kəsəndən evlərində Xocalı faciəsi, ermənilərin Qarabağda törətdiyi vəhşiliklər haqqında söhbətlərə qulaq asar, içində qisas hissi alovlanardı. Tez böyümək, əmisi Maisin günahsız tökülən qanının qısasını almaq haqqında düşünərdi.

Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsinin şəhidi Ürfan Çingiz oğlu Məmmədov 1994-cü il iyunun 28-də Quba rayonunun Çartəpə kəndində dünyaya göz açıb. Onun bir arzusu var idi: hərbçi olmaq, torpaqlarımızın azadlığı uğrunda savaşmaq...  

2011-ci ilin iyul ayında Ürfan müddətli həqiqi hərbi xidmətə çağırış vərəqi alanda çox sevinmişdi. Cəlilabad Lənkəran rayonunda yerləşən "N" saylı hərbi hissələrdə xidmət edən gənc 2013-cü il yanvar ayında hərbi xidmətini başa vurub doğma yurdu Qubaya qayıdır. 2016-cı ildə Azərbaycan Ordusunun aprel ayında keçirdiyi uğurlu döyüş əməliyyatından sonra uşaqlıq arzusunu gerçəkləşdirmək barədə qərar verir. 2017-ci ilin may ayında gizirlik kurslarına yazılır. Kursu müvəffəqiyyətlə başa vurduqdan sonra Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissədə gizir kimi xidmətə başlayır. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayan gün Ürfan Məmmədov düşmənlə üzbəüz dayanan igidlərimizin sırasında səf tutur. Sentyabrın 28-də Talış kəndinin düşməndən azad edilməsi uğrunda döyüş əmri alan Ürfan qardaşı ilə telofanla danışıb halallıq istəyir.

Talış kəndinin azadlığı uğrunda qəhrəmanlıq göstərən Ürfan azad etdikləri postda döyüş yoldaşları ilə birlikdə ermənilərin pusqusuna düşürlər. Ağır qəlpə yarası almasına baxmayaraq, Ürfan son nəfəsinə kimi qəhrəmancasına döyüşür. Sursatı bitdiyindən mövqeyini dəyişən zaman qəhrəman gizir düşmən snayperinə tuş gəlir. Boyun nahiyəsindən aldığı güllə yarası onun həyatına son qoyur. Qəhrəman döyüşçü sentyabrın 30-da Quba rayonunun Çartəpə kəndində dəfn olunur.

Şəhidlik bir nakam sevgidən, bir ananın selə dönmüş göz yaşından, bir atanın əyilmiş, bükülmüş qamətindən, atasız qalmış övladların intizarlı baxışından, ah-naləsi ərşi-əyala ucalan bir bacının ürək yanğısından ötüb gedən uzaq bir yoldan keçir.

Haqları heç ilə ödənilməyən şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən həmişə əziz tutulur, ehtiramla yad edilir. Quba rayonunda Vətən müharibəsi şəhidi Ürfan Məmmədovun da doğulduğu Çartəpə kəndində xatirə bulağı kompleksi tikilib. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında qəhrəmanlıq göstərən gizir Ürfan Məmmədov ölmündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2024.- 8 iyun, № 120.- S.11.