COP29-a bütün
dünya hazırlaşır
Bir neçə
ay sonra Bakıda keçiriləcək
BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyası (COP29) Azərbaycanın
imkanlarının növbəti
nümayişi olacaq.
COP29 təkcə Azərbaycan
üçün əhəmiyyət
kəsb etməyəcək,
bu tədbir çərçivəsində həm də dünya ölkələrinin
iqlim dəyişikliyinə
qarşı mübarizədə
oynadığı rol
sərgilənəcək. Ona
görə də noyabrda
baş tutacaq qlobal tədbirə həm Azərbaycan, həm də xarici ölkələrdə hazırlıqlar
gedir.
Hər bir COP tədbirinin keçirilməsi
üçün hazırlıq
işlərinə ən
azı iki il ayrılır. Azərbaycanın isə hazırlıq üçün
vaxtı xeyli az idi. Odur
ki, bir dəqiqə
belə itirilmədən
işə başlandı.
Qısa zamanda COP29 komandası formalaşdı
və səfərbər
olundu.
Xarici dövlətlər
müxtəlif tədbirlər
keçirməklə COP29-a öz töhfələrini
verirlər. Bakıya nümayəndələri gələcək
200-ə yaxın ölkədə
qlobal tədbirin keçirilməsində
onların da payı olsun deyə bu istiqamətdə
müəyyən işlər
görürlər. Hər
ölkə özünəməxsus
formada COP29 hazırlıqlarında
yer almağa çalışır. Təbii
ki, bu məsələ
Azərbaycanla birlikdə
addımlamaq, qarşılıqlı
anlaşmalar, birgə
tədbirlər keçirmək
çərçivəsində baş tutur. Məsələn, Aşqabad
şəhərində Türkmənistan
Xarici İşlər
Nazirliyinin, BMT-nin Türkmənistandakı Rezident
Əlaqələndiricisinin ofisi, Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin
Türkmənistandakı səfirliklərinin
təşkilatçılığı ilə "Dubaydan Bakıya Yol - COP29 öncəsi" adlı tədbir keçirilib. Toplantıda COP29 sammitinə
hazırlıqların müzakirəsi,
eləcə də
"yaşıl enerji"yə
keçid və metan emissiyalarının azaldılması istiqamətində
fikir mübadiləsi aparılıb. Həmçinin
"Yaşıl dünya
naminə həmrəylik
ili"ndə Azərbaycanın
iqlim dəyişikliyi
ilə bağlı həyata keçirdiyi layihələrə, "yaşıl
enerji" istiqamətində
görülən işlərə
diqqət çəkilib.
COP29 könüllülərindən söz açılaraq 16 minədək namizədin qeydiyyatdan keçdiyindən,
təxminən daha
3000 yerli və beynəlxalq könüllünün
də prosesə cəlb olunacağından
söz açılıb.
Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov deyib: "Hər iki ölkə neft və təbii
qazla zəngin olsa da, ölkələrimiz
metan emissiyası öhdəliklərinə sadiq
qalaraq iqlim dəyişikliyi layihələrinə
töhfə verirlər.
Biz əminik ki, qardaş Türkmənistan da bu ilin noyabr
ayında Azərbaycanda
keçiriləcək COP29 sammitinə öz töhfəsini verəcək".
Okeanın o tayında
- ABŞ-də də
COP29 gündəlikdə dayanan
tədbir olaraq vaxtaşırı müzakirə
olunur. Bu günlər Vaşinqtonda
yerləşən Beynəlxalq
Tələbə Evində
"İqlim Dəyişikliyi
və Azərbaycanın
COP29 sədrliyi" mövzusunda
hibrid formatda tədbir keçirilib. Beynəlxalq Tələbə
Evinin baş icraçı direktoru Daniyel Bremerin, idarə heyətinin sədri, sabiq səfir Mişel Bondun da iştirak
etdiyi toplantıda
Azərbaycanın ABŞ-dəki
səfiri Xəzər
İbrahim Azərbaycanın
ətraf mühit və iqlim fəaliyyətinə
COP29 sədrliyindən çox
əvvəl başladığını
vurğulayaraq, ölkəmizin
külək və günəş enerjisi kimi bərpaolunan enerji mənbələri üçün böyük
potensiala malik olduğunu qeyd edib. Xarici investorların
ölkəmizin bir sıra bölgələrində
günəş enerjisinə
marağı olduğunu
qeyd edən diplomat özəl sektorun bu sahədə
rolundan və bu xüsusda əməkdaşlığın davam etdirilməsinin vacibliyindən söz açıb. Diplomat qeyd edib ki,
Azərbaycanın COP29-a sədrliyinin
məqsədi yeni hədəflər irəli
sürmək və qarşıya qoyulan məqsədlərin icrasını
təmin etməkdir.
Osloda Norveçin
beynəlxalq inkişaf
naziri An Beate Tvinnereim tərəfindən COP28-in müvafiq
bəyanatı əsasında
təsis edilmiş və bu ölkənin
həmsədri olduğu
Ərzaq Sistemlərinin
Transformasiyası üzrə
Çempionlar Alyansı
ilə bağlı tədbirdə də COP29 mövzusunda fikirlər söylənilib. Azərbaycanın
Norveç, İsveç,
Finlandiya və Danimarkadakı səfiri Zaur Əhmədov COP29-la bağlı ölkəmizdə
görülən hazırlıq
işlərindən danışıb.
Habelə Azərbaycanın
COP29 sədrliyi tərəfindən
kənd təsərrüfatı
və ərzaq təhlükəsizliyi sahəsində
irəli sürdüyü
təşəbbüsdən söz açıb. "Harmoniya" adlanan həmin təşəbbüs
platforma və tərəfdaşlıqların daha yaxşı əlaqələndirilməsi yolu
ilə səmərəliliyin
artırılmasına xidmət
edəcək.
Dünya COP29-da iştirak
edəcək xarici media vasitəsilə Azərbaycanın gördüyü
işlərdən xəbərdar
olacaq. Yaxşı haldır ki, Bakıya gələcək
jurnalistlərə vaxtaşırı
treninqlər keçirilir.
COP29-a hazırlıqlar, o cümlədən
jurnalistlərin təcrübələrinin
artırılması məqsədilə
keçirilən tədbirlərdə
BMT Katibliyinin iqlim mütəxəssisləri iştirak
edirlər. Bu cür treninqlərdən biri də bir
neçə gün əvvəl Almaniyanın Bonn şəhərində
keçirilib. Müxtəlif
dillərdə təşkil
olunan həmin seminar-treninqdə bir sıra ölkələrdən
olan jurnalistlər iştirak ediblər.
Xarici ölkələrdə
COP29 mövzusunda keçirilən
tədbirlər sırasına
Bonn şəhərində
ayrı-ayrı mövzular
üzrə ard-arda iki gün keçirilən
BMT-nin İqlim Dəyişmələri Konfransı
çərçivəsində COP29 Sədrliyi Fəaliyyət
Gündəliyinə daxil
olan bəzi təşəbbüslərin təqdimatını
və BMT-nin iqlim dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının yardımçı
orqanlarının 60-cı sessiyasını
da əlavə etsək, qlobal tədbirin dünya üçün nə qədər əhəmiyyətli
olduğu bir daha ortaya çıxır.
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2024.-
23 iyun, № 129.- S.7.