COP 29 Azərbaycana verəcək?!

 

 

Beynəlxalq toplantı ölkəmizin qlobal ekosistemə inteqrasiyasını sürətləndirəcək

 

 

 

"Bu gün iqlim dəyişikliyi bütövlükdə qlobal cəmiyyəti təhdid edən ən mühüm problemlərdən biri kimi qəbul edilir. Bu da bir faktdır ki, problemlə ən effektiv mübarizə heç şübhəsiz fərdlərin iqlim böhranı haqqında məlumatlandırılması bu problemə səbəb olan faktorları minimuma endirəcək rəftar davranışlar sərgiləmələrini stimullaşdırmaqdan ibarətdir".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin departament müdiri Seymur Əliyev deyib. O hesab edir ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində, ilk növbədə, iqlim dəyişikliyi üzrə qlobal kommunikasiyanı daha da irəli apararaq bu əsasda həm aktivizm, həm ekodost davranış istiqamətləri üzrə yeni impulslara səbəb olacaq. Digər tərəfdən, COP29-un ölkəmizdə keçirilməsi istər ölkə imici, istərsə "yaşıl enerji" sahəsindəki dövlət siyasəti üçün həm qlobal, həm lokal mənada proseslərin gedişinə müsbət təsir edəcək.

Onun sözlərinə görə, beynəlxalq konfrans "yaşıl enerji" sektoruna xarici investisiyaların cəlb edilməsi ilə yanaşı, ölkəmizin alternativ enerji bazarlarına çıxış imkanları üçün müstəsna əhəmiyyətə malikdir. İqtisadi diversifikasiya istiqaməti kimi "yaşıl iqtisadiyyat"a keçid iqtisadi inkişafı investisiyaları artırmaq, eyni zamanda ətraf mühitin keyfiyyətini sosial inklüzivliyi yaxşılaşdırmaq baxımından da dövlət siyasətinin iqtisadi sahədə mərkəzi determinantı kimi qiymətləndirilə bilər. 

S.Əliyev qeyd edib ki, tədbirin miqyası iştirakçıların təsir gücü baxımından konfrans "yaşıl iqtisadiyyat"a transformasiya yolunu seçmiş ölkəmiz üçün qlobal ekosistemə inteqrasiyanı daha da sürətləndirə bilər: "COP29 çərçivəsində mümkün birgə əməkdaşlıq formatları siyasət qərarvericilərinə "yaşıl maliyyə təşviqləri"nin effektivliyini təmin etmək üçün alternativ baxış fürsətləri yaratmış olacaq. Konfrans, eyni zamanda siyasət transferləri kontekstində iqlim dəyişikliyinə yönəlik dövlət siyasətlərinin müqayisəli təhlili təcrübə mübadiləsi baxımından da dəyərləndirilməlidir".

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 23 iyun, № 129.- S.7.