Nikola
Sarkozi: "Makron öz mövqeyini və ölkəsini riskə atır"
İyunun 17-də Fransada
başlayan seçki kampaniyası davam edir. Növbədənkənar
parlament seçkiləri
(30 iyun və 7 iyul) ərəfəsində
ölkədə siyasi
vəziyyət daha da gərginləşib. Avropa
Parlamentinə seçkilərdən
sonra - iyunun 9-da
Emmanuel Makronun 2022-ci ildə
seçilmiş Milli Assambleyanı buraxmaq qərarı gərgin seçki kampaniyası ilə nəticələnib.
Xatırladaq ki, sonuncu
dəfə Milli Assambleya
1997-ci ildə respublikanın
22-ci prezidenti Jak Şirak
tərəfindən buraxılmışdı.
Ölkədəki mövcud
siyasi narahatlıqla əlaqədar müntəzəm
olaraq sosial sorğular keçirilir.
"Le Figaro", LCI və "Sud
Radio" üçün dərc
edilən ən son
"Ifop-Fiducial" sorğusu
yeni seçki dinamikasını
göstərib. Sorğunun
nəticələrinə görə,
son onilliklər ərzində
ilk dəfə seçicilərin
64 faizi səsvermədə
iştirak edəcək
və onların 34 faizi millətçi Milli
Birlik (RN) Partiyasına səs
verəcək. Solçuların
birləşməsi nəticəsində
yaranan Yeni Xalq Cəbhəsi (NFP) Partiyasının
səslərin 29 faizini
toplamaq ehtimalı var.
Beynəlxalq məsələlərdə daxili fikir
ayrılıqlarına və mübahisəli namizədliklərə
baxmayaraq, bu koalisiya Jan-Lük Melanşonun seçicilərinin
əksəriyyətini (92 faiz) cəlb edir. Avropa Parlamentinə
seçkilərdə məğlubiyyətə
uğramış Prezidentin "İntibah"
Partiyasının isə səslərin cəmi 22 faizini
toplayacağı gözlənilir.
Göründüyü
kimi, fransız solçularının artan radikallaşması
və onlarla mötədil sosialistlər arasında yaranan
ittifaq seçkilərdə millətçi Marin Le Penin
partiyasının işini asanlaşdıracaq. Beşinci
Respublikanın rəhbəri etiraf edib ki, qitənin hər
yerində millətçi partiyalar mövqelərini gücləndirib.
Bu səbəbdən "Reuters"in qeyd etdiyi kimi, Makronun
seçkilərə hazırlaşmaq üçün cəmi
bir neçə həftə vaxt verməklə digər
partiyaları çaşqınlığa salan planı əslində,
iflasa uğraya bilər. Hətta onun düşərgəsindən
olan bəzi qüvvələr növbədənkənar
seçkilərin məqsədəuyğunluğuna
şübhə ilə yanaşıblar. Məsələn,
maliyyə naziri Brüno Le Mer etiraf edib: "Parlamentin
buraxılması prezidentin qərarıdır, onun səlahiyyətidir.
Ancaq mən görürəm ki, bu, fransızlar arasında
geniş rahatsızlıq, anlaşılmazlıq və qəzəb
doğurub. Seçicilərimiz arasında gördüyüm
budur". Fransanın keçmiş prezidenti Nikola Sarkozi də
"Le Journal du Dimanche" qəzetinə verdiyi müsahibədə
qeyd edib ki, Makron öz mövqeyini və ölkəni riskə
atır və bu addım Fransanı oradan çıxması
çətin olacaq xaosa sürükləyə bilər.
Rizvan CƏFƏROV,
Azərbaycan.-2024.-
23 iyun, № 129.- S.8.