Azərbaycan-İtaliya
əlaqələrinin tarixində əlamətdar gün
Prezident
İlham Əliyev İtaliyanın müdafiə nazirinin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da
İtaliya Respublikasının müdafiə naziri Quido
Krosettonun başçılıq etdiyi nümayəndə heyətini
qəbul edib.
AZƏRTAC xəbər
verir ki, nümayəndə heyətinə İtaliyanın
xarici işlər və beynəlxalq əməkdaşlıq
nazirinin müavini Edmondo Çirielli də daxildir.
Prezident
İlham Əliyev bu günün Azərbaycan-İtaliya əlaqələrinin
tarixində əlamətdar olduğunu deyərək, bununla
münasibətlərimizdə yeni səhifənin
açıldığını, ölkələrimizin
artıq hərbi-texniki sahədə də əməkdaşlığa
başladığını qeyd etdi.
Dövlətimizin
başçısı İtaliyanın çox inkişaf
etmiş hərbi-texniki sənayeyə malik olduğunu
vurğulayaraq, bu gün təqdim olunan “C-27J Spartan” tipli hərbi
nəqliyyat təyyarəsinin Azərbaycana gətirilməsini əlaqələrimizin
yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirdi.
Prezident
İlham Əliyev Azərbaycan ilə İtaliyanın bir
çox sahələrdə strateji tərəfdaş kimi fəaliyyət
göstərdiyini deyərək, Avropa məkanında ticarət
əlaqələrimizin böyük hissəsinin
İtaliyanın payına düşdüyünü və
ticarət dövriyyəmizin 15 milyard dolları
ötdüyünü bildirdi. Dövlətimizin
başçısı bir çox İtaliya şirkətlərinin
Azərbaycanda uğurla fəaliyyət göstərdiyini və
bir sıra layihələrdə iştirakını məmnunluqla
qeyd etdi.
Neft-qaz sahəsindəki
əməkdaşlığımızın təkcə
ölkələrimiz üçün deyil, bütün Avropa
məkanı üçün önəm
daşıdığını bildirən Prezident İlham
Əliyev bunun inkişafının təməlində
güclü siyasi əlaqələrin
dayandığını vurğuladı və “Azərbaycan
Respublikası ilə İtaliya Respublikası arasında
strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin
bu əlaqələrin əsasını təşkil etdiyini
dedi.
Dövlətimizin
başçısı bu il Azərbaycanda keçiriləcək
COP29-a hazırlıqla bağlı da ölkələrimizin
sıx təmasda olduğunu vurğuladı.
Azərbaycan
Prezidenti əməkdaşlığımızın digər
sahələri də əhatə etdiyini deyərək, təhsil
sahəsində əlaqələrə toxundu və qeyd etdi ki,
İtaliya-Azərbaycan Universiteti faktiki olaraq fəaliyyətə
başlayıb, bu universitet üçün hazırda yeni
müasir bina və təhsil kompleksi inşa edilir.
Dövlətimizin
başçısı əlaqələrimizin bundan sonra da
genişlənəcəyinə əminliyini bildirdi.
Qəbula görə
minnətdarlığını ifadə edən İtaliyanın müdafiə
naziri Quido Krosetto 26 İyun - Silahlı Qüvvələr
Günü münasibətilə
dövlətimizin başçısına
təbriklərini çatdırdı.
Qonaq Azərbaycan
Prezidenti ilə əvvəlki görüşünü
məmnunluqla xatırladı.
Ölkəmizə böyük
nümayəndə heyəti
ilə gəlməsinin
və İtaliyanın
xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin
müavini Edmondo Çiriellinin burada olmasının önəmini
qeyd edən Quido Krosetto müdafiə sənayesi sahəsində əməkdaşlığımızın
başlanmasından məmnunluğunu
bildirdi.
Azərbaycan.-2024.-
28 iyun, ¹ 132.- S.1.