Azərbaycan
Prezidenti Asiya İnkişaf Bankının dəstəyini
yüksək qiymətləndirir
Prezident
İlham Əliyev Asiya İnkişaf Bankının prezidentini
qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də
Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakavanı
qəbul edib.
AZƏRTAC xəbər
verir ki, dövlətimizin başçısı Asiya
İnkişaf Bankının prezidentinin regionlarımıza səfər
etməsini ölkəmizdə gedən inkişaf prosesləri
haqqında daha çox məlumatın əldə olunması
və Azərbaycanın bu Bankla sıx əməkdaşlıq
əlaqələrinin davam etdirilməsi üçün
yaxşı imkan yaratdığını dedi.
Prezident
İlham Əliyev Azərbaycan iqtisadiyyatının həm
ölkəmiz, həm də regional əməkdaşlıq
üçün önəm daşıyan sahələrinin
inkişafına Bankın verdiyi dəstəyə görə
minnətdarlığını bildirdi.
Dövlətimizin
başçısı xüsusilə Azərbaycan təbii
qazının nəql edilməsi layihələrinə Avropa
maliyyə institutları tərəfindən bəzi maliyyə
gecikmələrinin olduğu zaman bu məsələdə
Asiya İnkişaf Bankının birmənalı dəstəyini
yüksək qiymətləndirdi. Azərbaycan Prezidenti bununla
bağlı xatırladı ki, əvvəllər də dediyi
kimi, ölkəmiz Avropanı qazla təmin etdiyi halda Avropa
bankları maliyyələşməni təmin etməyə
hazırlıq nümayiş etdirməyiblər, lakin Asiya
İnkişaf Bankı bunu edib.
Prezident
İlham Əliyev vurğuladı ki, ölkəmiz inkişaf
etdikcə Xəzəryanı qonşu ölkələrlə
və digər regionlarla güclü iqtisadi
bağlantının yaradılması ilə əlaqədar
qarşımızda yeni məqsədlər və
çağırışlar durur. Dövlətimizin
başçısı bu baxımdan Asiya İnkişaf
Bankı ilə mövcud səmərəli əməkdaşlığın
davam etdirilməsi məqsədilə yeni istiqamətlərin
müəyyənləşdirilməsinin vacibliyini
vurğuladı.
Xoş
sözlərə görə minnətdarlığını
bildirən Masatsuqu Asakava Azərbaycanla Asiya İnkişaf
Bankı arasında tərəfdaşlığın 25-ci
ildönümündə dövlətimizin
başçısı ilə şəxsən
görüşməkdən məmnunluğunu ifadə etdi.
Qonaq 2020-ci
ildə COVID-19 pandemiyası dövründə videokonfrans
formatında görüşü də məmnunluqla
xatırladı.
O, dövlətimizin
başçısını prezident seçkilərində qələbəsi
münasibətilə təbrik edərək gələcəkdə
də Azərbaycanın qarşısında duran strateji
prioritetlərin reallaşması istiqamətində Asiya
İnkişaf Bankı ilə ölkəmiz arasında əməkdaşlığın
uğurla davam edəcəyinə
ümidvarlığını bildirdi.
Söhbət
zamanı yaşıl enerjinin istehsalı və ixracı məsələlərinə
toxunuldu.
Dövlətimizin
başçısı Azərbaycanda yaşıl enerji
zonalarının yaradılması, o cümlədən
işğaldan azad olunmuş ərazilərdə hidroelektrik
stansiyaların tikilməsinin əhəmiyyətini qeyd etdi, həmin
ərazilərimizdə artıq 270 meqavata qədər
hidroenerji potensialının yaradıldığını
bildirdi və bunun 500 meqavata qədər artırılması
imkanlarının müzakirə edildiyini dedi.
Söhbət
zamanı Şimal-Cənub dəmir yolu layihəsi ilə
bağlı əməkdaşlıq məsələlərinə
toxunuldu, Mərkəzi Asiya dövlətlərinin nəqliyyat
sahəsində Azərbaycanla əlaqələrinin daha da
genişləndirilməsinə dair fikir mübadiləsi
aparıldı.
Azərbaycan.-2024.-
28 iyun, № 132.- S.1-2.