COP29-un
sədri olaraq Azərbaycan dünya ölkələri
arasında həmrəyliyin qurulmasına öz tövhəsini
verəcək
Prezident
İlham Əliyev BMT-nin Baş katibinin müavini və
Ətraf Mühit Proqramının icraçı direktorunu qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də
Birləşmiş Millətlər Təşkilatının
(BMT) Baş katibinin müavini və BMT-nin Ətraf Mühit
Proqramının (UNEP) icraçı direktoru İnger Andersonu
qəbul edib.
AZƏRTAC xəbər
verir ki, İnger Anderson COP29-un Azərbaycanda keçirilməsi
münasibətilə təbriklərini çatdırdı.
Bildirdi ki, ölkəmiz qlobal iqlim dəyişiklikləri məsələsinin
müzakirəsi baxımından bütün dünyanın
toplaşdığı bir mərkəzə çevriləcək.
O vurğuladı ki, Azərbaycanda keçiriləcək COP29
çox vacibdir. Belə ki, burada iqlim dəyişikliyi ilə əlaqədar
istər maliyyə, istər şəffaflıq
hesabatlarının təqdim olunması və digər parametrlər
nöqteyi-nəzərindən çox ciddi və önəmli
qərarların qəbul edilməsi gözlənilir.
Azərbaycanın
COP29-a ev sahibliyi etməsinin həqiqətən də ölkəmizin
iqlim dəyişikliyi məsələsində liderliyinin təcəssümü
və nümunəsi olduğunu deyən qonaq “Troyka” mexanizminin
yaradılmasını çox vacib bir addım kimi dəyərləndirdi
və bu müdrik qərara görə təbriklərini
çatdırdı.
İnger
Anderson əlavə etdi ki, dünya qazıntı
yanacağından yeni yanacaq növünə doğru
keçid prosesindədir. O dedi ki, buna görə də neft və
qaz ixrac edən ölkələrin tənqid olunması cəhdləri
ədalətli deyil və şəxsən bunu ədalətli
hesab etmir. Qonaq vurğuladı ki, dünyada hər bir
insanın bu cür enerji formasına ehtiyacı var.
Azərbaycanın
yaşıl iqlim və yaşıl keçid nöqteyi-nəzərindən
qəti siyasi iradə nümayiş etdirdiyini vurğulayan
İnger Anderson metan öhdəliyi, dekarbonizasiya, neft və qaz
sənayesinin modernləşdirilməsi istiqamətində
ölkəmizdə atılan addımların önəmli
olduğunu qeyd etdi.
Azərbaycanda
milli səviyyədə ətraf mühit istiqamətində həyata
keçirilən tədbirləri çox təqdir edərək
buna görə təbriklərini çatdıran qonaq
xüsusilə rəqəmsal əsaslı və
“ağıllı kənd təsərrüfatı”
konsepsiyasının inkişaf etdirilməsi,
tullantıların idarə edilməsi, ətraf mühitin, Xəzər
dənizinin ekoloji mühitinin və biomüxtəlifliyin
qorunması və digər istiqamətlərdə ölkəmizdə
həyata keçirilən tədbirləri, Azərbaycanda bu
ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan
edilməsini yüksək qiymətləndirdi.
İnger
Anderson ölkəmizə səfəri çərçivəsində
ətraf mühit sahəsində fəaliyyət göstərən
gənclər təşkilatı - IDEA-nın ətraf
mühit könüllüləri və gəncləri ilə
görüşdüyünü, Şirvan milli qoruğunda
olduğunu məmnunluqla qeyd etdi.
Rəhbərlik
etdiyi qurumla Azərbaycan arasında əməkdaşlığın
genişləndirilməsini bildirən qonaq 2026-cı il iyunun
5-də Dünya Ətraf Mühit Günü münasibətilə
UNEP-in xətti ilə Azərbaycanda Dünya Ətraf Mühit
Gününün keçiriləcəyini və bunun da qlobal
miqyasda ətraf mühit baxımından ən vacib tədbirlərdən
biri olduğunu dedi.
Xoş
sözlərə görə minnətdarlıq edən
Prezident İlham Əliyev UNEP ilə Azərbaycan arasında əməkdaşlıqdan,
İnger Andersonun regionlarımıza səfər edərək
oradakı ekomühitlə tanış olmasından və gənclərlə
görüşündən məmnunluğunu bildirdi.
Azərbaycanın
neft və qaz ixrac edən ölkə olmasına baxmayaraq,
yaşıl enerjiyə keçid sahəsində planlarına
toxunan dövlətimizin başçısı dedi ki, bu,
siyasi iradəmizin olduğunu göstərir.
Prezident
İlham Əliyev 200-ə yaxın dövlətin Azərbaycanın
COP29-a sədrliyini yekdilliklə dəstəkləməsini
ölkəmizə olan etimadın göstəricisi kimi dəyərləndirdi.
Dövlətimizin
başçısı bildirdi ki, Azərbaycan COP29-un sədri
olaraq dünya ölkələri arasında körpülərin,
etimadın və həmrəyliyin qurulmasına öz töhfəsini
verəcək.
Prezident
İlham Əliyev vurğuladı ki, ölkəmiz Qlobal Cənubu
təmsil edir və 2019-2023-cü illərdə Qoşulmama Hərəkatının
sədri olan və Avropa İttifaqı ölkələri ilə
də yaxşı əlaqələrə malik Azərbaycan
Qlobal Cənubla Qlobal Şimal arasında da iqlim dəyişikliyi
mövzusunda həmrəyliyin gücləndirilməsi prosesinə
öz töhfəsini verəcək.
Dövlətimizin
başçısı qeyd etdi ki, ölkəmiz kiçik ada
dövlətlərinin problemlərini prioritet istiqamətlərdən
biri kimi müəyyən edib və “Troyka” çərçivəsində
digər həmkarlarla bu məsələ ilə bağlı
da yaxından işləyir.
Azərbaycanın
özünün də iqlim dəyişikliyi problemlərindən
əziyyət çəkdiyini deyən Prezident İlham
Əliyev qeyd etdi ki, bir dövrdə Azərbaycanda quraqlıq
halları, yağıntının miqdarının azalması
baş verirdisə, son dövrlərdə
yağıntının miqdarının artdığı
müşahidə olunmaqdadır.
Söhbət
zamanı tullantıların idarə olunması, Xəzər dənizinin
ətraf mühit məsələləri, onun suyunun
azalması və bu istiqamətdə daha sistemli işin, həmçinin
əməkdaşlığın həyata keçirilməsi
məsələləri ilə bağlı fikir mübadiləsi
aparıldı.
Azərbaycan.-2024.-
28 iyun, ¹ 132.- S.1-2.