Hikmət Hacıyev: Ermənistanın
siyasi-hərbi rəhbərliyində olan şəxslərə
revanşizm xülyalarından tamamilə əl çəkməyi
tövsiyə edirik
Ermənistan
Təhlükəsizlik Şurasının katibinin bu
açıqlaması əvvəlki və indiki Ermənistan
siyasi-hərbi rəhbərliyinin məğlubiyyətini
ört-basdır etmək, günahı başqasının
üzərinə yıxmaq və özünə bəraət
qazanmaq cəhdindən başqa bir şey deyildir.
AZƏRTAC xəbər
verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi
- Prezident Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik
Şurasının katibinin Qarabağın guya Rusiya tərəfindən
Azərbaycana verilməsi ilə bağlı iddiasına
münasibət bildirərkən deyib.
Hikmət
Hacıyev deyib: “Azərbaycan Ordusu döyüş
meydanında öz sözünü deyərək, şəhid
verərək Ermənistan ordusunu 44 günlük Vətən
müharibəsində məğlub edib, mütləq hərbi
qələbə qazanıb, Ermənistanın 30 il davam edən
hərbi işğalına son qoyub və Ermənistanı
kapitulyasiya aktını imzalamağa məcbur edib. Ermənistan
rəhbərliyi ordu sıralarında 10000 nəfərdən
artıq fərarinin olduğunu özü etiraf edib. 2023-cü
ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri
nəticəsində 23 saatdan az bir müddətdə Azərbaycan
ərazisində qeyri-qanuni qalmaqda davam edən Ermənistan
ordusunun qalıqları tərk-silah edilib və Qarabağ tam
azad edilib. Ümumən Ermənistan ordusunun 5 milyard ABŞ
dollarından artıq dəyəri olan silah və sursatı məhv
edilib və ya qənimət götürülüb.
Həm 44
günlük Vətən müharibəsi, həm də
antiterror tədbirləri bir çox dünya ölkələrinin
hərbi akademiyalarında unikal hərbi əməliyyatlar
olaraq öyrənilir.
Təəssüflə
qeyd etmək istərdik ki, bu kimi açıqlamalar Ermənistanın
siyasi-hərbi rəhbərliyinin təfəkküründə
hələ də revanşizm xülyalarının
qalmasının təzahürüdür. Ermənistanın
siyasi-hərbi rəhbərliyində olan şəxslərə
tarixi səhvləri yenidən təkrarlamamaq üçün
revizionizm və revanşizm xülyalarından tamamilə əl
çəkməyi, militarizasiya siyasətinə son
qoymağı tövsiyə edirik”.
Azərbaycan.-2024.-
28 iyun, № 132.- S.4.