Əsir düşəndə də
Azərbaycan bayrağını
əlindən yerə
qoymadı
Azərbaycan tarixinə
qızıl hərflərlə
yazılan 2020-ci ilin sentyabr-noyabr ayları xalqımızın yaddaşından
heç vaxt silinməyəcək. Qüdrətli
Azərbaycan Ordusu 44 gün ərzində böyük Zəfərə
imza atmış, Qarabağ və Şərqi Zəngəzuru
30 illik işğaldan
azad etmişdir.
Bu misilsiz qələbəmiz haqqında
yüz illər sonra da iftixarla
danışılacaq. Və
danışıla-danışıla Ali Baş Komandana,
onun rəhbərliyi altında bizlərə qələbə sevinci yaşadan Azərbaycan Ordusunun əsgər və zabitlərinə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza minnətdarlıq
ifadə olunacaq. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibələrində Vətən,
torpaq, yurd naminə canını fəda edərək şəhidlik zirvəsinə
ucalan və şəhadəti ilə ölümsüzlüyə qovuşan
oğullarımızla qürur
duyulacaq.
Belə igid övladlarımızdan biri
də Natiq Qasımovdur. Onun Birinci Qarabağ müharibəsində göstərdiyi
igidlik bu gün əfsanəyə çevrilib, cəmi 21 illik ömür yaşasa da, adı Azərbaycanın
müasir hərb tarixinə əbədi həkk edilib.
1971-ci il yanvarın
2-də Gədəbəyin Kiçik Qaramurad kəndində anadan olan Natiq Qasımov
sonralar ailəsi ilə birlikdə Mingəçevirə köçüb.
Orta məktəbi bitirəndən sonra həqiqi hərbi xidmətə yollanıb və Rusiyanın Krasnoyarski vilayətində
daxili qoşun hissələrində xidmət
edib. Hərbi xidməti başa vurduqdan sonra - 1991-ci ildə Vətənə qayıdıb və elə həmin il erməni təcavüzkarlarına
qarşı döyüşlərə
yollanıb. Ağdamda
Yaqub Rzayevin başçılıq etdiyi
"Qarabağ şahinləri"
dəstəsində ermənilərə
qarşı vuruşub.
1992-ci ildə Xocalının
Xramort (indiki Pirlər) kəndi yaxınlığında yeddi
Azərbaycan əsgəri
ilə alban kilsəsinin yerləşdiyi
yüksəklik uğrunda
döyüşlərdə iştirak edib. Bu şiddətli döyüşlərdə altı
döyüş yoldaşı
həlak olan Natiq son dərəcə
əlverişli strateji
mövqedə yerləşən
kilsədə döyüşü
davam etdirib. Bir neçə gün təkbaşına
vuruşaraq düşməni
yaxına buraxmayıb.
Həmin dövr
ermənilərə əsir
düşən və
sonradan əsirlikdən
azad olan Xocalı sakini Cəfər Cəfərov
həmin hadisələri
belə xatırlayır:
"Bizi - 22 nəfər
xocalılını tutub
Əsgərana gətirdilər.
Bir neçə gün orada qaldıqdan sonra günlərin birində bizi cərgəyə düzdülər.
Erməni zabiti mənə yaxınlaşıb
dedi ki, səni Qriqoryan kilsəsinə aparıram.
Kilsədə Azərbaycan
döyüşçüləri var. Onlar bizə
güclü müqavimət
göstərirlər. Sən
kilsəyə daxil ol və onlara
təslim olmalarını
de. Əgər təslim olmasalar, sizin hamınızı güllələyəcəyik. Təslim olsalar, azad edəcəyik.
Məni Qriqoryan
kilsəsinə apardılar.
Maşını kilsədən
aralı saxlayıb məni düşürdülər
və kilsəyə girməyimi əmr etdilər. Mən kilsəyə daxil olanda səs gəldi. Azərbaycanlı
olduğumu söylədim
və ermənilərin
tələblərini bildirdim.
Yenə səs gələndə anladım
ki, orada yalnız bir nəfər var. Sən demə, o, 5 gündür ac-susuz tək döyüşür.
Mən ermənilərin
şərtini təkrar
edəndə o, bir qədər fikrə getdi. Nə fikirləşdisə, kənd
məktəbindən götürdüyü
Azərbaycan bayrağını
kilsənin üstündən çıxarıb
əlinə aldı. Silahında cəmi iki güllə qalmışdı. Onu da havaya atıb
dedi ki, mən günahsız Xocalı sakinlərinin güllələnməsinə razı
ola bilmərəm. Sonra bayrağı yuxarı qaldıraraq ermənilərin üstünə
getdi. Ermənilər onu əsir götürdülər.
Sonralar ermənilər
heç vaxt Natiqin onların əsirliyində olmasını
etiraf etmədilər".
Halbuki əsir və itkin düşmüş,
girov götürülmüş
vətəndaşlarla əlaqədar
yaradılmış Dövlət
Komissiyasının məlumatına
əsasən, ermənilər
tərəfindən əsir
və girov götürülmə faktı
danılan şəxslərin
siyahısında Natiq
Qasımovun da adı var idi.
Dövlət Komissiyasının
dəfələrlə etdiyi
müraciətlərə baxmayaraq,
erməni tərəfi
indiyədək Natiqin
sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan
gizlədir. Natiq haqqında çəkilən
filmdə isə onun Vitali Balasanyanın
iştirakı ilə
dindirilməsindən sonra
işgəncə ilə
öldürüldüyü haqda ifadə var. Şahidlər ermənilərdir və onlar bunu hələ
illər öncə etiraf etmişlər. Etibarlı mənbələrdən
əldə olunmuş
məlumata əsasən,
bu qorxmaz Azərbaycan əsgərinin
qəhrəmanlığı erməni hərbçiləri
arasında vahimə və psixoloji gərginlik yaratdığı
üçün səhra
komandiri Vitali Balasanyan Natiq Qasımova erməni əsgərlərinin qarşısında
müharibə qanunlarına
zidd olaraq dəfələrlə ağır
və dəhşətli
işgəncələr vermişdi.
Bu yerdə qeyd edək ki, Böyük Britaniyanın "Broken Pot Media" şirkəti
tərəfindən çəkilmiş
"Oğul" sənədli
filmində erməni separatçılarının rəhbəri
olmuş Vitali Balasanyandan da müsahibə götürülmüşdür.
Bundan başqa, Natiq Qasımov erməni zabitləri tərəfindən dindirilən
zaman italiyalı müharibə fotoqrafı
Enriko Sarsini də orada olub.
Filmdə fotoqrafın
müsahibəsi də
yer alıb. Üstəlik Birinci Qarabağ müharibəsində
iştirak edən
"general" Vitali Balasanyan da müsahibə
verib. O, əsirin tanış gəldiyini, lakin Natiq Qasımovu
xatırlaya bilmədiyini
söyləyib. Vitali Balasanyan müsahibə zamanı Natiq Qasımovu tanımadığını
bildirsə də, istefada olan polkovnik-leytenant
Romik Mxitaryan Natiqi dindirən gənc erməni zabitinin Vitali Balasanyan olduğunu deyib. Bu, onu göstərir
ki, Vitali Balasanyan Natiqin dindirilməsində şəxsən
iştirak etmişdir.
Natiq Qasımov
haqqında nə keçmiş, nə də indiki zamanda danışmaq olur. Çünki dillərdə dastan olan sonuncu fotoşəklindən
sonra Natiqin sonrakı taleyi barədə indiyədək
heç bir məlumat yoxdur. Onun Çexiyanın paytaxtı Praqa şəhərində yaşayan
əmisi oğlu Çingiz Qasımov deyir ki, Natiqi
illərlə axtarıb.
Ümumiyyətlə, Çingizin
Natiqlə bağlı
maraqlı və kədərli xatirələri
var: "Natiq Qarabağ uğrunda döyüşlərə qatılanda
mən Moskvada yaşayırdım. Həmin
dövr tez-tez evə zəng edirdim. Günlərin birində yenə evə zəng edəndə dedilər ki, Natiq itkin düşüb.
Bir neçə gündən sonra həyat yoldaşım mənə "Oqonyok"
jurnalını gətirərək
dedi ki, jurnalda Natiqin əlində Azərbaycan bayrağı olan şəkli dərc edilib. Məqalənin adı "Strax" (
"Qorxu") idi. Jurnalın redaksiyasına zəng edib görüş istədim.
Bir gündən sonra redaksiyada oldum. Məni yaxşı qarşıladılar.
Əmim oğlunun taleyi ilə maraqlandım. Jurnalın həmin ərazidə olan əməkdaşı
Konstantin Smirnovla söhbət etdim. Rus jurnalisti Natiq Qasımovun ermənilərə
əyilməzliyini, qorxmazlığını
və cəsarətini
tam xırdalığı
ilə danışdı.
Jurnalda çap olunan şəkli göstərib dedi ki, bu oğlan
əsir düşəndə
erməni uşaqlarının
müşayiəti ilə
Azərbaycan bayrağı
aparırdı. Şəkil
keçmiş SSRİ-nin
ən populyar jurnallarından olan "Oqonyok" jurnalının
1992-ci il tarixli aprel sayında çap edilmişdi. Yazı italiyalı fotomüxbir Enriko Sarzininin çəkdiyi şəkillə oxuculara təqdim olunmuşdu. Şəkildə Natiqin ağır döyüşlərdən
sonra əlində tutduğu üçrəngli
Azərbaycan bayrağı
ilə iki saqqallı erməni arasında məğrurcasına
addımladığı əks
edilmişdi. Sonra söhbətinə davam edən rusiyalı jurnalist dedi ki, ermənilər elə bilirdilər kilsədə batalyon var. Lakin Natiq
təslim olanda gördülər ki, kilsədən cəmi bir nəfər çıxdı. Erməni
əsgərləri şok
olmuşdular. Kəndin
sakinləri Natiqin üstünə hücum etmək istəyəndə
hərbçilər onları
yaxına buraxmadılar
və dedilər ki, burda çoxlu
sayda xarici jurnalist var. Sonra Natiqi sual-cavab
etdilər. Mən jurnalın əməkdaşı
Konstantin Smirnovdan ermənilərin nə suallar verdiklərini soruşdum. Dedi ki, onlar Azərbaycan
dilində danışdıqları
üçün heç
nə başa düşməyib. Smirnova
dedim ki, əgər ermənilərlə
əlaqə qura bilsə, istədikləri
pulu verərəm ki, Natiqi buraxsınlar.
O, əvvəlcə razı
oldu. Dedi ki, danışaram. Lakin bir müddət
sonra bildirdi ki, söhbətimiz alınmadı. Çünki
Natiq orda yox idi. Öyrənə
bilmədim ki, onu başqa yerə aparıblar, yoxsa öldürüblər.
Sonralar onun yerini müəyyənləşdirmək
üçün hər
yerə əl atdım. Lakin heç nəyə nail ola bilmədim".
Natiqin qəhrəmanlığı
az bir vaxt
içərisində dildən-dilə
düşdü. Bu hadisə keçmiş ittifaqda yayıldı. Rus jurnalisti özü də bilmədən Natiq Qasımovun düşmənə
əyilməzliyini, qorxmazlığını
və cəsarətini
nümayiş etdirmişdi.
Bir müddət
sonra sosial şəbəkələrdə erməni cəlladlarının
1992-ci ildə əsir
götürdükləri Azərbaycan
əsgəri Natiq Qasımovun dindirilməsi zamanı çəkilmiş
fotoları yayıldı.
Bayrağı düşmənə
verməyən Natiq Qasımovun dəhşətli
işgəncələr nəticəsində
öldürüldüyü güman edilirdi.
Britaniyalı rejissor
və ssenari müəllifi Karan Sinq Natiq Qasımovun
həyatından bəhs
edən sənədli
film çəkib.
Film izləyənləri dəhşətə
gətirib. Rejissor filmdə Natiqi dindirən Xocalı qatili Vitali Balasanyan
olduğunu üzə
çıxarıb. Balasanyan
isə bu faktı təkzib edib. Halbuki sorğu zamanı Natiqlə düz üzbəüz dayanan gənc zabit həqiqətən Balasanyan idi. Dindirilmə zamanı erməni zabiti Aşot Movsesyan da bunu
təsdiq etdi. Bir də onu
qeyd etdi ki, Natiq cəsur
və qoxmaz əsgər idi: "Təsəvvür edin ki, bizimkilər ona qumbara atırdılar.
O isə həmin qumbaranı götürüb
bizə atırdı.
Eşitdiyimə görə
onu əsir götürəndən sonra
öldürmüşdülər".
Xəbər verildiyi
kimi, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev ölkənin ərazi bütövlüyünün qorunub
saxlanılmasında xüsusi
xidmətlərinə və
döyüş tapşırığını
yerinə yetirərkən
göstərdiyi şəxsi
igidliyə görə
Natiq Səlim oğlu Qasımova Azərbaycanın Milli Qəhrəmanı adı
vermişdir. Bununla bağlı Natiqin ailəsində böyük
sevinc yaşanır. Belə bir ərəfədə
Natiqin ailəsinə baş çəkdik. Bizi Milli Qəhrəmanın
bacıları Kəmalə
və Nahidə qarşıladılar. Evdə
yaxın qohum-əqrəba
da var idi.
Onlar Dursun ananı təbrik etməyə gəlmişdilər.
Qəhrəmanın anası
xəstə olsa da, sevincini gözaydınlığa
gələnlərlə bölüşürdü.
"Oğluna Milli Qəhrəman adı veriləndə hansı hissi keçirdiniz?" sualına belə cavab verdi:
- Həmin gün
özümdə olmadım.
Bir neçə dəqiqə danışmaq
istəmədim. Ağlıma gəlməzdi ki, mənim balama Milli Qəhrəman
adı verilə. Sanki yuxuda idim.
Sevincdən gözlərim
yaşardı. Prezidentimizə
təşəkkür etdim,
"sağ ol" dedim. Allah ona
uzun ömür, cansağlığı versin,
Azərbaycan xalqının,
dövlətimizin üstündən
əskik eləməsin.
Çox razı qaldım. Həmişə
bizi - şəhid ailələrini diqqətdə
saxlayır.
Natiq Qasımovun
qardaşı Nofəl
Qasımov isə ürək sözlərini
belə ifadə etdi:
- Bu günlər
Natiqin ad günüdür. 32 ildən
sonra qardaşıma Azərbaycanın Milli Qəhrəmanı adının
verilməsi onun doğum gününə bir hədiyyə oldu. Onun yolunu
həmişə gözləmişik.
Arzulamışıq ki,
qardaşım sağ-salamat
gəlib çıxsın.
Təəssüf ki, onun taleyi barədə
heç bir məlumat əldə edə bilmirdik. Sağ olsun Prezidentimiz, Natiqin qəhrəmanlığına yüksək
qiymət verdi. Buna görə ona ailəmiz adından minnətdarlığımızı
bildiririk.
Sabir ƏLİYEV,
Azərbaycan.-2024.-
28 iyun, № 132.- S.10.