Fransa isə İrəvanı yenə də revanşizmə sürükləyir
"Fransa faktiki
olaraq beynəlxalq hüquq normalarında əksini tapan prinsipləri, bütövlükdə
ümumbəşəri dəyərləri
özünün imperialist,
təcavüzkar mahiyyətdə
ehtiva olunan riyakar maraqlarına qurban verərək irticaçı subyekt kimi çıxış edir. Onsuz da
revanşist təfəkkürdən
qurtulmamış İrəvanı
da öz məqsədləri üçün
yenidən alətə
çevirir. Konseptual yanaşdıqda Fransanın
son məqsədi regionda vəziyyəti gərginləşdirmək, Ermənistanı
faktiki olaraq Ukrayna kimi qurban
vermək bahasına Cənubi Qafqazda münaqişə ocağının
saxlanmasıdır. Əgər
Prezident Emmanuel Makron əvvəllər daha qapalı tezislərlə çıxış
edirdisə, artıq beynəlxalq ictimaiyyət qarşısında və
media nümayəndələri
üçün açıqlamalarında
Ermənistanın revanşist
niyyətlərinə açıq
dəstək verməkdən
və təcavüzkar
niyyətlərə təşviq
etməkdən çəkinmir".
Bu sözləri
"Azərbaycan" qəzetinə
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Deputatın sözlərinə
görə, Ermənistan
Təhlükəsizlik Şurasının
katibi Armen Qriqoryan ölkəsinin Azərbaycandan sülh müqaviləsi ilə bağlı 10-cu paket təklif aldığını
bəyan edərək
bildirib ki, proses dinamikdir, bəzən irəliləyiş
var, bəzən yox. Amma tərəflər
bu gün də sənəd üzərində işləyirlər.
Ermənistan Xarici İşlər Nazirliyinin
də iyunun 7-də məlumat yaydığını
xatırladan deputat bildirib ki, iki
ölkə arasında
sülh sazişi imzalamaq üçün vaxtın yetişdiyini və Ermənistan tərəfinin onun yaxın bir ay ərzində başa çatdırılması,
imzalanması istiqamətində
konstruktiv və intensiv işləməyə
hazır olduğu bəyan edilib: "Həmin bəyanatdan bir gün sonra
Misirdə səfərdə
olan Prezident İlham Əliyev Ermənistanla danışıqlar
prosesində də irəliləyiş üçün
yaxşı imkanların
olması barədə
xoşməramlı bəyanat
verdi. Daha əvvəlki müsbət
inkişaf tendensiyaları,
xüsusən aprelin
19-da və mayın
15-də sərhədlərin delimitasiya və demarkasiyası üzrə
əldə olunan nəticələrin yekun sülh üçün unikal şans yaranması fonunda Fransa ilə Ermənistan arasında
"Caesar" özüyeriyən
artilleriya qurğularının
alqı-satqısı barədə
kontraktın imzalanması
iki reallığı
bir daha üzə çıxardı.
Birincisi, Ermənistan sülh prosesində səmimi deyil. İkincisi, Fransa hələ də Cənubi Qafqazda dayanıqlı sülhün,
davamlı sabitlik perspektivlərinin, xalqların
birgə yaşayış
və qarşılıqlı
etimad mühitinin formalaşmasının qarşısında
əsas əngəl kimi çıxış edir. Baxmayaraq ki, Fransa BMT idarəçilərindən biri,
Təhlükəsizlik Şurasının
daimi üzvü kimi təşkilatın sülh və təhlükəsizlikdə ehtiva
olunan məqsədlərinin
realizə olunmasında,
o cümlədən beynəlxalq
hüquq normalarında
əksini tapan prinsiplərin, ələlxüsus
dövlətlərin əməkdaşlıq
prinsipinin təmin olunmasında qlobal öhdəlik daşıyır".
B.Məhərrəmov vurğulayıb ki, Vətən müharibəsində
qalib tərəf Azərbaycanın olmasına
baxmayaraq, regionda sülhün əsas təşəbbüskarı kimi
çıxış edib.
Hətta antiterror tədbirləri fonunda belə Prezident sülh niyyətindən vaz keçmədi, Ermənistan və havadarlarının ikinci kapitulyasiya aktından sonra, sentyabrın 20-də
xalqa müraciətində
dövlət başçısı
açıq mətnlə
bildirdi ki, Azərbaycanın niyyəti
sülh, qarşılıqlı
anlaşma, qarşılıqlı
hörmət əsasında
birgə həyat qurmaqdır. Eyni zamanda ötən üç il yarım ərzində Bakı müvafiq məcburetmə tədbirləri
ilə Moskva, Brüssel və Vaşinqton platformalarında
müəyyən irəliləyişlərə
nail olmuşdu.
Antiterror tədbirlərindən
sonra sülh üçün geniş imkanlar açıldığını
qeyd edən deputat xatırladıb ki, hətta Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan baş nazirinin Aparatının birgə bəyanatları fonunda, habelə COP çərçivəsində qarşılıqlı xoş
niyyət ifadə olunub: "Doğrudur, xüsusən bu il fevralın ilk yarısında təxribatlar fonunda münasibətlərdə yenidən
gərginləşmə müşahidə
edilsə də, Münxen Təhlükəsizlik
Konfransında Azərbaycan
və Ermənistan rəhbərlərinin görüşünün
ardınca xarici işlər nazirlərinə
verilən təlimatlar yenidən sülh ümidləri yaratmağa başladı.
Lakin Münxen görüşündən dərhal
sonra Paşinyanın Fransaya səfəri Azərbaycan-Ermənistan arasında
hökm sürən və sülh üçün real imkanlar açan pozitiv mühiti faktiki olaraq yenidən dalana dirədi. Daha dəqiq ifadə etsək, Ermənistan baş nazirinin Parisdə davranışı
və açıqlamaları
Münxendə əldə
olunmuş pozitiv irəliləyişə zərbə
oldu. Lakin regionun hərbi-siyasi gündəminin Bakıdan
diktə olunmasının
məntiqi nəticəsi
olaraq bu il aprelin 19-da Qazaxın dörd kəndinin geri qaytarılması, may ayı ərzində sərhədlərin 12.7 km-lik
hissəsinin delimitasiya
və demarkasiyası Azərbaycanla Ermənistan
arasında faktiki sülhə gətirib çıxartdı".
Müsahibimiz bildirib
ki, bu vəziyyət
sülh və sabitliyə özünün
neoimperialist niyyətləri
üçün təhdid
kimi baxan Fransanı razı sala bilməz. Cənubi Qafqazda geosiyasi situasiyanın təhlili göstərir ki, Azərbaycanın qələbəsi ilə formalaşan yeni reallıqda regionda neoimperializm niyyətlərinə
yer qalmayıb. Əksinə, formalaşan
sülh və əməkdaşlıq perspektivi
bölgədə sağlam
maraqlara malik beynəlxalq subyektlər üçün geniş imkanlar açıb. Təbii ki, bu reallıq 30 il ərzində bölgədə qeyri-sağlam
siyasət yürüdən,
öz maraqlarını
işğal və təcavüz faktoru üzərində quran Fransa üçün fiasko deməkdir. Məhz bu səbəbdən
Makron iqtidarı Ermənistanın silahlandırılması
istiqamətində növbəti
addımı lüzum
görərək sülh
prosesinin pozulmasında
israrını bəyan
etmiş oldu. Regionda situasiyanın imperializmin arzu etdiyi istiqamətdə irəliləməməsi Qərbi
yenidən hərəkətə
keçməyə vadar
edir. Ermənistan müdafiə naziri Suren Papikyanın Paris səfəri və Ermənistanla Fransa arasında hərbi-texniki əməkdaşlıq sahəsində
yeni razılaşmalarla
İrəvanın öldürücü,
hücum təyinatlı
artilleriya qurğuları
və digər silah növləri ilə təchiz edilməsi də məhz bu ssenarinin
tərkib hissəsidir.
Əslində, bu, təəccüblü deyil,
çünki Paris Azərbaycanın
44 günlük müharibədə
qələbəsi, habelə
antiterror tədbirlərində
böyük uğuru fonunda müxtəlif platformalarda ölkəmizə
qarşı davamlı
hücumlar edir, habelə Fransanın peykinə daxil olan dövlətləri, təsisatları, muzdlu siyasətçiləri anti-Azərbaycan
addımlara təşviq
edir. Lakin Prezident İlham Əliyev bu prosesdə də diktə edən, qalib tərəf kimi çıxış edərək, bütün
anti-Azərbaycan cəhdləri
neytrallaşdırmağı bacarıb. Bir sözlə, müşahidələr
göstərir ki, proseslər Fransanın Qafqaz siyasətinin tam iflasa uğraması,
Makronun və komandasının İlham
Əliyevə istisnasız
məğlubiyyəti fonunda
inkişaf edir.
B.Məhərrəmov qeyd edib ki,
indiki məqamda Fransanın yeganə ümidi Azərbaycanda daxili qeyri-konstruktiv qüvvələrdən, satılmış
siyasətçilər və
muzdlu mediadan istifadə edərək stabilliyi hədəfə almağa qalıb: "Prezident İlham Əliyevin Müzəffər
Ali Baş Komandan kimi müstəsna
nüfuzu, xalq arasında yüksək reytinqi Parisin bu niyyətini də puça çıxarmaqdadır. Üstəlik,
Afrikadan Okeaniyaya, Asiyadan Mərkəzi Amerikaya qədər uzanan nəhəng və məğlubedilməz
fransız xüsusi xidmət şəbəkəsinin
Azərbaycanda çökdürülməsi
Paris üçün ağlasığmaz
zərbə oldu. Azərbaycan xüsusi xidmət orqanlarının
peşəkarlığı nəticəsində Fransa
agentura şəbəkəsinin
ifşası, əslində,
ardıcıl uğursuzluqlarının
davamı kimi Ermənistan üçün
də dərs olmalıdır. Erməni xalqı anlamalıdır ki, Fransanın Ermənistanı silahlandırması,
revanşist əhvali-ruhiyyənin
artmasına çalışması
onların mənafelərinə
xidmət deyil, ermənilərin neokolonializmin
çirkin niyyətlərinə
alət edilməsidir.
Ermənistan, nəhayət,
başa düşməlidir
ki, İrəvanın
Azərbaycanla danışıqlara
getməkdən başqa
çıxış yolu
yoxdur və istənilən əks-cəhd
sadəcə məğlubiyyət
seriyasının davamı
olacaq".
Deputat vurğulayıb
ki, Azərbaycan ümumbəşəri dəyərləri
rəhbər tutaraq dünya xalqları ilə beynəlxalq hüquq normaları çərçivəsində mehriban əlaqələr qurmaq niyyətindədir. Ermənistanın yenidən
silahlandırılması, revanşizm
naminə yeni texnologiyalar vəd edilməsi bölgədə
heç nəyi dəyişə bilməz,
əksinə, onu yenidən münaqişəyə
təşviq etməklə
Ermənistanın "failed
state" statusunun daha da dərinləşməsinə
səbəb olacaq. Yeni dövr üzrə Azərbaycanın
xarici siyasət kursunda Ermənistanla münasibətlər prioritet
deyil. Prezidentin andiçmə mərasimində
dediyi kimi, Azərbaycan artıq dünyanı narahat edən qlobal məsələlərlə məşğuldur.
"Bu mənada İrəvan faydasız silahlanma, yaxud heç bir perspektivi olmayan uğursuz revanşizm niyyətlərindənsə, sülhə
fokuslanmalıdır. Artıq səmərəsiz sülh
proseslərinin uzanması
dövrü deyil və biz Ermənistandan
real addımlar gözləyirik. Konseptual əsası olmayan sülh Cənubi Qafqazda dayanıqlı ola bilməz. Ermənistan konstitusiyası
dəyişməyincə, Azərbaycan
və Ermənistan arasında dövlətlərin
qarşılıqlı olaraq
ərazi bütövlüyünü
ehtiva edən sülh müqaviləsinin
imzalanması və qüvvəyə minməsi
mümkün deyil. Azərbaycan Ermənistan konstitusiyasında təcavüzkar,
region dövlətlərinə
qarşı ərazi iddialarını özündə
ehtiva edən normaların ən qısa müddətdə
ana qanundan çıxarılmasını, yəni konstitusiya islahatlarını zəruri
hesab edir", - deyə deputat bildirib.
B.Məhərrəmov xatırladıb ki, Ermənistanın mövcud
iqtidarının nümayəndələri
və Nikol Paşinyan da ölkənin konstitusiya islahatlarının zəruri
olması barədə
dəfələrlə fikir
bildirsə də, ölkədəki revanşist
dairələr, həmçinin
erməni kilsəsi bu prosesdə islahatların qarşısında
dayanan əsas qüvvə kimi çıxış edir.
Azərbaycanın qələbəsindən
sonra əsl siması üzə çıxan bəzi Qərb dairələri də proseslərə nüfuz edərək Ermənistanda islahatların
həyata keçirilməsinə
məqbul yanaşmır.
Qısa müddət əvvələ qədər
konstitusiya islahatlarından
bəhs edən Nikol Paşinyan da artıq Qərbin
direktivlərini rəhbər
tutaraq aidiyyəti dəyişiklikləri hökumətin
siyasi gündəmindən
çıxarmaqdadır. Lakin
Ermənistan başa düşməlidir ki, dalan dövlət statusundan qurtulmaq və real müstəqilliyə
çatmaq üçün
özündən min kilometrlərlə kənarda
yerləşən Fransa
kimi dövlətlərlə
"müttəfiqlik" deyil,
Azərbaycan və Türkiyə simasında qonşuları ilə müsbət məcrada inkişaf edən tərəfdaşlıq zəruridir.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
28 iyun, № 132.- S.10.