İlham Əliyevinyaşıl gündəliy"i

 

 

Azərbaycan ənənəvi enerjidən əldə etdiyi gəlirləri bərpaolunan enerjiyə yönəldir

 

 

 

BMT Təhlükəsizlik Şurasına, Qoşulmama Hərəkatı Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlara uğurlu sədrlik edən, Avropa Oyunlarının standartlarını müəyyənləşdirən, İslam Həmrəyliyi Oyunlarına, siyasi-iqtisadi beynəlxalq forumlara, konfranslara ən layiqli şəkildə evsahibliyi ilə nüfuzunu artıran Azərbaycan indi müstəqillik tarixinin ən böyük tədbirinə - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu qlobal konfransına (COP29) hazırlaşır. Əlbəttə ki, irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizin üzərinə böyük məsuliyyət qoyur. Ancaq bu sahədəki təcrübə yetərlidir ki, bu beynəlxalq konfransı da ən yüksək səviyyədə keçirə bilək.

 

 

 

"Yaşıl enerji"yə keçid prosesində öndə gedənlərdən olmaq öhdəlikdir

 

 

 

Ölkəmizin evsahibliyi edəcəyi bu beynəlxalq sammit öncəsi Bakıda işğaldan azad edilən şəhərlərimizdə mühüm konfranslar, forumlar təşkil edilir. Bu toplantılar, görülən hazırlıq işləri onu deməyə əsas verir ki, noyabr ayında Azərbaycanın COP29-a evsahibliyi etməsi fonunda dünyanın təmiz enerjiyə transformasiya nəbzi ölkəmizdə döyünəcək.

Xüsusilə vurğulanmalıdır ki, ölkəmizdə bu istiqamətdə keçirilən bütün tədbirlərdə ilk növbədə Prezident İlham Əliyevin "yaşıl gündəliy"i təqdim edilir müzakirələr əsasında toplantı iştirakçıları Azərbaycanın hansı imkanlara sahibliyi barədə geniş bilgi alırlar.  

Bəs Azərbaycan Prezidentinin "yaşıl gündəliy"ində nələr var?!

Prezident İlham Əliyev iyunun 21-də "Euronews"da yayımlanan müsahibəsində Azərbaycanın "yaşıl dünya" naminə həyata keçirdiyi layihələrdən ümumilikdə "yaşıl gündəlik"də olan məsələlərlə bağlı geniş məlumat verib.

Prezident "Bakı-Ekspo" Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft Qaz - "Caspian Oil&Gas" 12-ci Xəzər Beynəlxalq Energetika "Yaşıl Enerji" - "Caspian Power" sərgilərini, eləcə bu istiqamətdə reallaşan digər mühüm konfransların hamısının Azərbaycanın "yaşıl gündəliyi"ni nümayiş etdirdiyini vurğulayıb. Bütün bunlar da onu göstərir ki, Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir.

İlham Əliyevin Azərbaycanın "yaşıl gündəliy"ini ehtiva edən müsahibəsi bu istiqamətdə bütövlükdə regionun perspektiv enerji xəritəsini müəyyənləşdirmək üçün mühüm əhəmiyyətə malikdir.

Ümumiyyətlə, Azərbaycan "yaşıl enerji" iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə sübut edir. Buna misal olaraq, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib.

Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavatdır. Dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir.

Prezident İlham Əliyevin 2021-ci ilin 2 fevral tarixli sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri" əsasında ölkədə bərpaolunan enerji istehsalı siyasətinin strateji təməli qoyulub. Sənəddə qeyd olunmuş 5 Milli Prioritetdən biri "təmiz ətraf mühit" "yaşıl artım"la bağlıdır. Bu isə "yaşıl iqtisadiyyat"a keçidlə bağlı qarşıya yeni hədəflər qoyur. Bununla yanaşı, İlham Əliyev Qarabağ Şərqi Zəngəzuru  "yaşıl enerji" zonası elan edib 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib. Bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur.

Dövlət başçısı müsahibəsində həmçinin Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Masdar" şirkəti arasında imzalanan sazişi xatırladaraq qeyd edib ki, "Masdar" ölkəmizin bərpaolunan enerji sahəsində strateji tərəfdaşdır. Ötən ilin oktyabrında 230 meqavatlıq ilk günəş enerjisi stansiyasının açılışı olub. Bu il isə ümumi gücü 1 qiqavat olan üç günəş külək enerjisi stansiyalarının təməlqoyma mərasimi reallaşıb.

Bunu yalnız başlanğıc adlandıran Prezident vurğulayıb ki, Azərbaycan orta perspektivdə 10 qiqavata 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri anlaşma memorandumlarını icra etməyi planlaşdırır.

Bu, Azərbaycanın hədəfidir və bunun üçün potensial da var. Yaxşı sərmayə mühiti də mövcuddur. Bu da həqiqətən göstərir ki, ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a evsahibliyi edəcək ölkə kimi "yaşıl enerji"yə keçid prosesində öndə gedənlərdən olmaq Azərbaycanın üzərinə düşən öhdəlikdir.

 

 

 

Azərbaycan dünya ölkələri arasında körpülərin qurulmasına töhfə verəcək

 

 

 

Bütün bunlar sözü imzası qədər keçərli olan İlham Əliyevin söylədiyi həqiqətlərdir. Azərbaycan Prezidenti bununla bir daha ənənəvi enerji, yəni neft və qaz ixrac edən ölkələri tənqid edənlərə mesaj ünvanlayır ki, Cənubi Qafqazın lider ölkəsi artıq neft və qazdan əldə etdiyi gəlirləri bərpaolunan enerjiyə yönəldir və "yaşıl enerji"yə sərmayə yatıranlar arasında öndə gedən dövlətlər sırasındadır. Əlbəttə ki, Azərbaycanın ənənəvi enerjidən əldə etdiyi gəlirləri bərpaolunan enerjiyə yönəltməsi bu sahədə ölkəmizə olan inamı daha da möhkəmləndirir.

İyunun 27-də BMT Baş katibinin müavini və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersonu qəbul edən İlham Əliyev bir daha bəyan edib ki, Azərbaycan COP29-un sədri olaraq dünya ölkələri arasında körpülərin, etimadın və həmrəyliyin qurulmasına öz töhfəsini verəcək. Ölkəmiz Qlobal Cənubu təmsil edir. 2019-2023-cü illərdə Qoşulmama Hərəkatının sədri olan və Avropa İttifaqı ölkələri ilə də yaxşı əlaqələrə malik Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında da iqlim dəyişikliyi mövzusunda əməkdaşlığın gücləndirilməsinə müsbət impuls verəcək.

İnger Anderson  isə Azərbaycanın noyabrda qlobal iqlim dəyişiklikləri məsələsinin müzakirəsi baxımından bütün dünyanın toplaşdığı bir mərkəzə çevriləcəyini deyib. Onun sözlərinə görə, COP29-da iqlim dəyişikliyi ilə əlaqədar istər maliyyə, istər şəffaflıq hesabatlarının təqdim olunması və digər parametrlər nöqteyi-nəzərindən çox ciddi və önəmli qərarların qəbul edilməsi gözlənilir.

İcraçı direktor birmənalı şəkildə vurğulayıb ki, Azərbaycan "yaşıl iqlim" və "yaşıl keçid" nöqteyi-nəzərindən qəti siyasi iradə nümayiş etdirir.

Göründüyü kimi, Azəbraycan bu beynəlxalq sammitə yüksək səviyyədə evsahibliyi etmək üçün bütün imkanlarını səfərbər edib. Buna beynəlxalq birlik də şahidlik edir və İlham Əliyevin bu istiqamətdə atdığı bütün addımlar təqdir olunur.

Bu sammit Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, "yaşıl iqtisadiyyat"ı nə dərəcədə prioritet sahə kimi gördüyünü dünyaya bir daha sübut edəcək.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2024.- 30 iyun, № 134.- S.6.