Ərazi bütövlüyümüzün tam bərpası şəraitində keçiriləcək
parlament seçkiləri
ölkəmizin demokratik
inkişafının növbəti
təsdiqi olacaq
Ərazi bütövlüyünü,
suverenliyini tam təmin edən Azərbaycanda 2024-cü il
yeni çağırışlarla,
vacib ictimai-siyasi proseslərlə zəngin
dövr kimi diqqət çəkir. 2024-cü ildə
müstəqillik tariximizdə
ilk dəfə olaraq bütün ölkə ərazisində
növbədənkənar prezident
seçkilərinin keçirilməsi,
işğaldan qurtulan
ərazilərimizdə seçicilərin
səsvermədə iştirak
etmələri xalqımız
üçün tarixi
və milli əhəmiyyətə malik
hadisə oldu. Qarşıdan isə daha bir mühüm
siyasi hadisə - Milli Məclisə seçkilər gəlir.
Xəbər verildiyi
kimi, Prezident İlham Əliyevin iyunun 28-də imzaladığı
sərəncamla 6-cı çağırış
Milli Məclis buraxılıb. Sentyabrın
1-nə isə parlamentə
növbədənkənar seçkilər
təyin edilib.
Seçkilərin önə
çəkilməsini şərtləndirən
mühüm səbəblər
Azərbaycan Konstitusiyasının
84-cü maddəsinə görə,
Milli Məclisin hər çağırışının
səlahiyyət müddəti
beş ildir. Eyni zamanda Konstitusiyanın
981-ci maddəsinin II hissəsinə
əsasən, növbədənkənar
seçkilərdə seçilən
Milli Məclisin çağırışının səlahiyyət müddəti
5 ildən az ola bilər. Bu halda növbəti
seçkilər Milli Məclisin çağırışının
səlahiyyət müddətinin
beşinci ilinin noyabr ayında keçirilməlidir.
Lakin bir sıra mühüm məqamlar 7-ci parlament seçkilərinin keçirilməsi
müddətinin önə
- sentyabr ayına çəkilməsini şərtləndirib.
Məlumdur ki, noyabr ayında Azərbaycan bir neçə beynəlxalq tədbirə evsahibliyi edəcək. Kioto Protokolunun Tərəflər
Görüşünün 19-cu və Paris Sazişinin Tərəflər Görüşünün
6-cı sessiyaları, eyni
zamanda COP29 ölkəmizdə
keçiriləcək. 200-dən çox ölkənin qərarı ilə COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə
olan etimadın göstəricisidir. Respublikamız
COP-a evsahibliyi etməklə
üzərinə böyük
məsuliyyət götürüb.
Bu baxımdan, iştirakçılarının sayına görə dünyanın ən böyük tədbirlərindən
hesab olunan COP29-la zamanı üst-üstə
düşən parlament
seçkilərinin keçirilməsinin
müddətinin əvvələ
çəkilməsi tam
məqsədəuyğundur. Azərbaycan üçün
həm beynəlxalq tədbirlərin, həm də parlament seçkilərinin yüksək
səviyyədə keçirilməsi
vacibdir. Qlobal əhəmiyyətli qərarların
qəbul olunacağı
COP29-un işində parlamentin
də tam formalaşmış şəkildə
iştirakı, yəni
qanunvericiliklə bağlı
fəaliyyətin fasiləsiz
həyata keçirilməsi
əsasdır.
Parlament
diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə
edilməlidir
Xatırladaq ki,
iyunun 20-də Yeni Azərbaycan Partiyasının İdarə
Heyətinin iclasında Milli Məclisdə təmsil olunan
deputatlara 6-cı çağırış Milli Məclisin
buraxılması və növbədənkənar seçkilərin
təyin edilməsi barədə Azərbaycan Prezidentinə
müraciət olunması üçün təşəbbüs
göstərmələrinin tövsiyə edilməsi barədə
qərar qəbul olunmuşdur.
İyunun 21-də
isə Milli Məclisin iclasında parlament seçkilərinin
vaxtının irəli çəkilməsinin zəruriliyi
vurğulanıb. COP29-un və digər tədbirlərin
keçirildiyi dövrdə ölkə parlamentinin tam fəaliyyətdə
olmasının, ərazi bütövlüyümüzün bərpasından
sonra Milli Məclisin yeni tərkibdə təmsil edilməsinin
məqsədəuyğun olmasının vacibliyi diqqətə
yetirilib. Bildirilib ki, Milli Məclisin yeni
çağırışının tam
formalaşdırılması ölkəmiz üçün
böyük əhəmiyyətli bu tədbirlər zamanı
parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli
istifadə edilməsinə, habelə normal fəaliyyətinin
fasiləsiz həyata keçirilməsinə şərait
yaradacaqdır.
Digər tərəfdən,
beynəlxalq tədbirlərə hazırlıq işlərinin
görülməsi və həmin tədbirlərin
keçirilməsi qaçılmazdır. Bu baxımdan,
parlament seçkilərinin demokratik prinsiplərə uyğun
şəkildə təşkil olunması, habelə vətəndaşların
seçkiqabağı kütləvi tədbirlərdə və
seçkilərdə maneəsiz iştirakının, səsvermədə
öz iradəsini azad və sərbəst ifadə etməsinin
təmin olunması da əsas vəzifələrdən biridir.
Bütün
bunları nəzərə alan deputatlar parlamentin
sözügedən tarixdə keçirilən plenar
iclasında Azərbaycan Respublikası Milli Məclisinə
növbədənkənar seçkilərin təyin edilməsi
haqqında Azərbaycan Respublikasının Prezidentinə
müraciət edilməsi barədə qərar qəbul
etmişlər.
Konstitusiya Məhkəməsi
Plenumunun iyunun 27-də keçirilən iclasında isə Azərbaycan
Prezidentinin Milli Məclisin 2024-cü il 21 iyun tarixli "Azərbaycan
Respublikasının Milli Məclisinə növbədənkənar
seçkilərin təyin edilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinə müraciət edilməsi barədə"
qərarı əsasında Milli Məclisin
buraxılmasının və növbədənkənar
seçkilər təyin edilməsinin Azərbaycan
Respublikasının Konstitusiyasına uyğunluğuna dair
sorğusuna baxılıb. Konstitusiya Məhkəməsinin
Plenumunun Qərarına əsasən, Milli Məclisin Qərarı
və bu Qərar əsasında Milli Məclisin Azərbaycan
Prezidenti tərəfindən buraxılması və növbədənkənar
seçkilərin təyin edilməsi Azərbaycan
Konstitusiyasının 981-ci maddəsinə uyğundur.
Beləliklə,
qarşıdan növbəti parlament seçkiləri gəlir.
Ərazi bütövlüyümüzün tam bərpası
şəraitində keçiriləcək parlament seçkiləri
ölkəmizin demokratik inkişafının növbəti təsdiqi
olacaq.
Yasəmən
MUSAYEVA,
Azərbaycan.-2024.-
30 iyun, № 134.- S.6.