Bakıda
beynəlxalq şahmat
festivalının açılış
mərasimi keçirilib
Azərbaycan Şahmat
Federasiyası (AŞF) ilə
Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı
ilə növbəti dəfə keçirilən
“Baku Open-2024” beynəlxalq
şahmat festivalının
açılış mərasimi
olub.
AZƏRTAC xəbər verir ki, Bakı
İdman Sarayında təşkil edilən tədbir Dövlət Himnimizin səsləndirilməsi
ilə başlayıb.
Daha sonra Azərbaycanın füsunkar
təbiəti ilə bağlı videoçarx nümayiş olunub.
Gənclər və
idman naziri Fərid Qayıbov ölkə idmanının
yüksək səviyyədə
inkişaf etdiyini bildirib. O, Prezident İlham Əliyevin idmana böyük dəstək verdiyini söyləyib. Azərbaycanda
şahmatın inkişafından
söz açan nazir Yunanıstanın Rodos adasında təşkil edilmiş qadın şahmatçılar
arasında şəxsi
Avropa çempionatında
qızıl medal qazanan Ülviyyə Fətəliyevanın uğurunu
xatırladıb.
Azərbaycan Şahmat
Federasiyasının prezidenti
Mahir Məmmədov “Baku Open-2024” beynəlxalq turnirinə marağın ildən-ilə artdığını
vurğulayıb. O, Beynəlxalq
Şahmat Federasiyasının
(FIDE) 100 illiyi münasibətilə
silsilə tədbirlər
keçirildiyini deyib.
M.Məmmədov ölkə
şahmatında qazanılan
nəticələrin bu
idman növündə
olan inkişafın göstəricisi olduğunu
söyləyib.
FIDE prezidenti Arkadi
Dvorkoviç təmsil
etdiyi qurumun 100 illiyi münasibətilə
bu cür möhtəşəm tədbirin
keçirilməsinə görə
Azərbaycana təşəkkür
edib. O, Azərbaycanın
şahmat idman növündəki nəticələrinin
kifayət qədər
yüksək olduğunu
diqqətə çatdırıb.
Çıxışlardan sonra FIDE prezidenti Fərid Qayıbov və Mahir Məmmədova
xatirə hədiyyəsi
təqdim edib.
Azərbaycan Şahmat
Federasiyasının birinci
vitse-prezidenti, yarışların
baş hakimi Faiq Həsənov isə öz çıxışında bütün
idmançılara uğurlar
arzulayıb.
Daha sonra Fərid Qayıbov və Arkadi Dvorkoviç yarışın
ilk gedişini ediblər.
Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı,
Bolqarıstan, Gürcüstan,
Hindistan, İran, Qazaxıstan,
Səudiyyə Ərəbistanı,
Qətər, Türkiyə,
Ukrayna, ABŞ, Özbəkistan
şahmatçıları, eləcə də FIDE bayrağı altında yarışdan iti zəka sahibləri iştirak edirlər.
Azərbaycan şahmatçılarından
Rauf Məmmədov, Qədir Hüseynov, Aydın Süleymanlı, Məhəmməd Muradlı,
o cümlədən Günay
Məmmədzadə, Gövhər
Beydullayeva, Ülviyyə
Fətəliyeva, Xanım
Balacayeva, Gülnar Məmmədova və digərləri yarışda
mübarizə aparırlar.
Turnirin A və
B qruplarında iştirak
üçün ümumilikdə
300-dən çox şahmatçı
qeydiyyatdan keçib. İsveçrə sistemi üzrə keçirilən
turnir 9 turdan ibarətdir.
Yarışın ümumi
mükafat fondu isə 50 000 ABŞ dollarına
bərabərdir.
Azərbaycan.-2024.-
30 iyun, № 134.- S.11.