Prezident növbədənkənar parlament seçkilərini təyin etdi

 

 

VII çağırış Milli Məclisə seçkilər ilk dəfə Azərbaycanın bütün ərazilərində keçiriləcək

 

 

 

Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla  altıncı çağırış Azərbaycan Milli Məclisi buraxıldı. Sentyabrın 1-nə isə Milli Məclisə növbədənkənar seçkilər təyin edildi. Bu, respublikamızda müstəqillik dövründə keçirilən sayca 7-ci parlament seçkiləri olacaq.

 

 

Növbədənkənar seçkilərin keçirilməsi üçün mühüm əsaslar var

 

 

Azərbaycan Milli Məclisinə sonuncu seçkilər də növbədənkənar olmaqla 2020-ci ilin fevral ayında keçirilib. Həmin seçkilər əsasında formalaşan altıncı çağırış Milli Məclis ötən müddət ərzində respublikamızın daxili və xarici siyasətinin həyata keçirilməsində, dövlət idarəetməsinin daha da təkmilləşdirilməsində yaxından iştirak edib, qanunvericilik fəaliyyətini həyata keçirməklə, üzərinə düşən vəzifələri yerinə yetirib. Xüsusilə qeyd edilməlidir ki, Prezident İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasında verdiyi tövsiyələrə uyğun olaraq bu dövrdə parlamentin qanunyaratma və qanunvericilik fəaliyyətinin təkmilləşdirilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi, qanunların icrasına nəzarət və təmsilçilik funksiyalarının müasir tələblər səviyyəsində qurulması yolunda lazımi addımlar atılıb. Milli Məclis islahatların hüquqi bazasının daha da möhkəmləndirilməsi və təkmilləşdirilməsinə layiqli töhfələr verib.

Azərbaycan Konstitusiyasının 84-cü maddəsinə görə, Milli Məclisin hər çağırışının səlahiyyət müddəti beş ildir. Eyni zamanda Konstitusiyanın 981-ci maddəsinin II hissəsinə əsasən növbədənkənar seçkilərdə seçilən Milli Məclisin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda növbəti seçkilər Milli Məclisin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayında keçirilməlidir.

Lakin noyabr ayında respublikamız mühüm tədbirlərə də evsbahibliyi edəcək. Belə ki, 2024-cü ilin noyabr ayında bir çox ölkədən nümayəndə heyətlərinin iştirakı ilə ən mötəbər beynəlxalq tədbirlərdən biri olan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası Azərbaycanda keçiriləcəkdir.

Göründüyü kimi, sözügedən tədbirlərin və parlament seçkilirənin keçirilmə vaxtı noyabr ayına təsadüf edir. Əlbəttə, həm beynəlxalq tədbirlərin, həm də parlament seçkilərinin yüksək səviyyədə keçirilməsi respublikamız üçün olduqca vacib məsələdir. Eyni zamanda həmin dövrdə parlamentin tam fəaliyyətdə olması, qanunvericiliklə bağlı fəaliyyətin fasiləsiz həyata keçirilməsi də vacibdir. Bu isə  noyabr ayına qədər parlamentin tam formalaşması zərurətini gündəmə gətirir və görünən odur ki, Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üçün mühüm əsaslar var.

 

 

YAP üzvü olan deputatların müraciətini digər partiyaları təmsil edən deputatlar da dəstəkləyiblər

 

 

Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında  YAP-ı parlamentdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib.

Parlamentin iyunun 21-də keçirilən plenar iclasında Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə qərar qəbul edilib. Qərarda qeyd olunur ki, COP29 zamanı Azərbaycan Respublikası Milli Məclisinin ərazi bütövlüyümüzün bərpasından sonra yeni tərkibdə təmsil olunması, parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə edilməsi, habelə ölkəmiz üçün bu əhəmiyyətli tədbir zamanı normayaratma fəaliyyətinin fasiləsiz həyata keçirilməsi üçün həmin vaxta qədər Azərbaycan Respublikası Milli Məclisinin yeni çağırışının tam formalaşdırılması zəruridir.

Onu da qeyd edək ki, YAP üzvü olan deputatların müraciəti digər siyasi partiyaları təmsil edən deputatların, habelə heç bir siyasi partiyaya mənsub olmayan müstəqil deputatların əksəriyyəti tərəfindən dəstəklənib.

Konstitusiya Məhkəməsi Plenumunun iyunun 27-də keçirilən iclasında isə Azərbaycan Prezidentinin Milli Məclisin 2024-cü il 21 iyun tarixli "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə" Qərarı əsasında Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğuna dair sorğusuna baxılıb. Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" Milli Məclisin Qərarı və bu Qərar əsasında Milli Məclisin Azərbaycan Prezidenti tərəfindən buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Azərbaycan Konstitusiyasının 981-ci maddəsinə uyğundur.

Bu, torpaqlarımızın azad edilməsindən və ərazi bütövlüyümüzün bərpa edilməsindən sonra respublikamızda keçirilən sayca ikinci seçki olacaq. Xatırladaq ki, Vətən müharibəsindən və ərazi bütövlüyümüzün bərpa edilməsindən sonra, cari ilin fevral ayının 7-də ölkəmizdə ilk olaraq növbədənkənar prezident seçkiləri keçirilib.

Bu seçki isə Azərbaycanın bütün ərazilərində təşkil ediləcək ilk parlament seçkisi kimi tarixə düşəcək. Bütün qürurdoğuran tərəfləri ilə yanaşı, növbədənkənar parlament seçkiləri həm də Azərbaycanda demokratiyanın növbəti təntənəsinə çevriləcək.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2024.- 29 iyun, № 133.- S.1;4.