Azərbaycan
ilə ABŞ arasında müxtəlif sahələrdə
uğurlu əməkdaşlıq qurulub
Prezident
İlham Əliyev ABŞ Dövlət katibinin Avropa və
Avrasiya məsələləri üzrə köməkçisini
qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 28-də
Amerika Birləşmiş Ştatları Dövlət katibinin
Avropa və Avrasiya məsələləri üzrə köməkçisi
Ceyms O’Braynı qəbul edib.
AZƏRTAC xəbər
verir ki, Ceyms O’Brayn ABŞ Dövlət katibi Antoni Blinkenin bu
yaxınlarda Prezident İlham Əliyev ilə telefon
danışığını və bu əsnada aparılan
müzakirələri məmnunluqla qeyd etdi. O, ABŞ-ın
regional sülh gündəliyinin irəliyə
aparılmasına sadiqliyini və bu prosesi dəstəkləməyə
hazır olduğunu vurğuladı. Azərbaycan ilə ABŞ
arasında müxtəlif sahələrdə əməkdaşlığın,
o cümlədən əlaqələrimizin strateji səviyyədə
daha da inkişaf etdirilməsi məsələlərinin
vacibliyini qeyd etdi. Bu xüsusda regional əməkdaşlıq,
Orta Dəhliz və digər məsələlər müzakirə
olundu.
Prezident
İlham Əliyev Antoni Blinkenlə telefon
danışığını məmnunluqla xatırladı,
bu telefon danışığı əsnasında əlaqələrimizin
geniş spektrinin müzakirə olunduğunu dedi.
Azərbaycan
ilə ABŞ arasında ölkəmizin müstəqilliyinin
ilk günlərindən müxtəlif sahələrdə
uğurlu əməkdaşlığın qurulduğu
vurğulandı.
Söhbət
zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində
oynadığı rol, Azərbaycan ilə ABŞ arasında
enerji sahəsində əməkdaşlıq, COP çərçivəsində
iki ölkənin nümayəndə heyətlərinin səmərəli
və faydalı məsləhətləşmələrinin
olduğu qeyd edildi. COP29-un uğurla nəticələnməsi üçün
ABŞ-ın öz dəstəyini bundan sonra da davam
etdirəcəyi vurğulandı.
Azərbaycan.-2024.-
29 iyun, ¹ 133.- S.1.