“Sıfır
Tullantı” Bakı Təşəbbüsü qəbul
edilib
İyunun
28-də “Yaşıl dünya naminə həmrəylik:
Dayanıqlı gələcək üçün
tullantıdan dəyərə” Beynəlxalq Forumu çərçivəsində
tədbirdə iştirak edən təşkilat və şirkətlər
tərəfindən “Sıfır Tullantı” Bakı Təşəbbüsü
qəbul edilib.
AZƏRTAC xəbər
verir ki, tədbirdə çıxış edən Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev
şirkət və təşkilatların öz təşəbbüsləri
ilə tullantıların idarə olunması sahəsində ən
son nailiyyətlərdən istifadə edərək müasir təcrübənin
tətbiqi, istehsalçı məsuliyyətinin gələcəkdə
fəaliyyət sahələrində nəzərə
alınması məqsədilə bir
çağırış hazırlandığını diqqətə
çatdırıb: “Çağırışda həm
istehsalçıların məsuliyyəti, həm
sıfır tullantının, müasir texnologiyaların və
yaşıl iqtisadiyyatın tətbiqi sahəsində
planlaşdırılan işlər öz əksini tapıb. Təşəbbüsü bir
neçə şirkət
imzalayıb və bununla bağlı nazirlikdə görüş
də keçirilib. Çağırış açıq
şəkildə saxlanılır
və təşəbbüsə
qoşulmaq istəyənlər
onu imzalaya bilərlər”.
Sonra
“Sıfır Tullantı” Bakı Təşəbbüsünün
mətni oxunub.
Bakı Təşəbbüsünə
qoşulan şirkət və təşkilatlar Birləşmiş
Millətlər Təşkilatının İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etdiyi
üçün Azərbaycan hökumətinə dərin təşəkkürlərini
bildirib və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik
ili” elan edilməsini yüksək qiymətləndiriblər.
Bakı Təşəbbüsündə,
həmçinin qeyd olunub: “Qlobal ətraf mühit problemlərinin
vacibliyini dərk edərək Paris Sazişinin və 2030-cu il
üçün Dayanıqlı İnkişaf Məqsədlərinin
gündəliyinə sadiqliyimizi bəyan edirik. Bu və Azərbaycanın
tərəfdar olduğu
digər beynəlxalq çərçivələrə uyğun olaraq dayanıqlı inkişafı
təşviq edən və iqlim dəyişmələrinin
təsirlərini azaltmağa
yönəlmiş strategiyaların
həyata keçirilməsini
dəstəkləyirik.
Məhsulun keyfiyyətini
və təhlükəsizliyini
qorumaqla Azərbaycanda
təkrar emal olunan, kompostlaşdırıla
bilən və ya təkrar istifadə oluna bilən innovativ həlləri təşviq
edərək tullantıların
İstehsalçının Genişləndirilmiş Məsuliyyəti
modeli üzrə idarə olunması zəruriliyini qəbul edirik.
Biz ekoloji cəhətdən təmiz
qablaşdırma texnologiyalarını
və qabaqcıl tullantıların idarə
olunması həllərini
inkişaf etdirmək üçün innovativ layihələri dəstəkləməyə,
beləliklə, daha dayanıqlı gələcəyin
təmin edilməsinə
töhfə vermək
üçün səy
göstərəcəyimizi bildiririk.
Biz Azərbaycanda
tullantıların toplanması,
çeşidlənməsi və təkrar emalı üçün kompleks həlləri əhatə edən tullantıların səmərəli
və effektiv idarə olunması sisteminin qurulmasının
zəruriliyini qəbul
edirik.
Biz tullantıların
azaldılması və
dayanıqlı idarə
edilməsi təcrübələrini
yaxşılaşdırmaq məqsədilə siyasət
və qaydaların hazırlanması və həyata keçirilməsi
üçün Azərbaycan
Respublikasının Ekologiya
və Təbii Sərvətlər Nazirliyi,
“Təmiz Şəhər”
ASC, yerli hakimiyyət orqanları və digər əsas tərəfdaşlarla əməkdaşlığın
vacibliyini vurğulayırıq.
Şəffaflıq və
hesabatlılığa olan
bağlılığımızla tullantıların azaldılması
məqsədlərinə doğru
irəliləyişimizi hər
il izləməyin və nailiyyətlərimizi
ictimaiyyətə açıq
şəkildə çatdırmağın
əhəmiyyətini təsdiqləyirik.
Tullantıların azaldılması,
təkrar emalın və məsuliyyətli istehlakın vacib əhəmiyyətini ictimaiyyətə
çatdırmaq üçün
maarifləndirmə təşəbbüslərində
iştirak etməyin əhəmiyyətini vurğulayırıq.
Biz “Sıfır
Tullantı” təşəbbüslərində
iştirak etmək üçün milli və beynəlxalq şirkətlərlə tərəfdaşlıq
imkanlarını araşdıracağıq
və onları təşviq edəcəyik,
beləliklə, dayanıqlılığa
yönəlmiş kollektiv
addımları dəstəkləyəcəyik.
Nəhayət, məqsədimiz
tullantıların minimuma
endirildiyi, resursların
optimallaşdırıldığı və təbii mühitin gələcək
nəsillər üçün
qorunduğu Azərbaycanda
dövri iqtisadiyyatın
həyata keçirilməsinə
töhfə verməkdir.
Bu təşəbbüsə
imza atanlar kimi, Azərbaycan və dünyada dayanıqlı gələcəyi
təmin etmək üçün kollektiv səylərimizin əhəmiyyətini
başa düşərək,
bu prinsiplərə sadiq qalırıq”.
Bakı Təşəbbüsünü
imzalayan tərəflər onun prinsiplərinə və məqsədlərinə
sarsılmaz sədaqətlərini bəyan ediblər.
Azərbaycan.-2024.-
29 iyun, ¹ 133.- S.4.