Revanşizmin artması
Ermənistana ciddi problemlər yaradacaq
İrəvan
sülh tərəfdarıdırsa, əməli fəaliyyəti
ilə bunu göstərməlidir
"Hazırda Cənubi
Qafqazda sülhün və təhlükəsizliyin təmin
edilməsi Azərbaycan üçün ən əsas məsələdir.
Bu səbəbdən ərazilərini işğaldan azad
etmiş dövlətimiz Ermənistana sülh sazişi
imzalamağı təklif edib. Rəsmi İrəvan da
sülhdən danışır, amma görünən odur ki,
bu, yalnız spekulyasiya xarakteri daşıyır".
Bu fikirləri
"Azərbaycan" qəzetinə Milli Məclisin Beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr
komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Ermənistanın bəzi rəsmi şəxslərinin,
o cümlədən Təhlükəsizlik Şurasının
katibi Armen Qriqoryanın son açıqlamaları da bundan xəbər
verir. Əgər Ermənistan Cənubi Qafqazda sülhün tərəfdarıdırsa,
Azərbaycana qarşı ərazi iddialarına son
qoymalıdır, çünki bu ölkənin
konstitusiyasında ölkəmizə qarşı ərazi
iddiaları hələ də qüvvədə qalır. Azərbaycan
rəsmi səviyyədə bununla bağlı dəfələrlə
rəsmi xəbərdarlıq edib. Nəzərə almaq
lazımdır ki, Ermənistanın Müstəqillik Bəyannaməsinin
preambulasında "Ermənistan SSR Ali Sovetinin və
Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu
il tarixli "Ermənistan SSR-ə yenidən birləşmək
haqqında" birgə qondarma qərar yer almaqdadır. Yəni
rəsmi olaraq Ermənistan hələ də Azərbaycan
torpağına iddia ortaya qoyur. "Lakin erməni tərəfi
bu mövzuda spekulyasiyanı davam etdirməkdədir. Əslində,
bu, beynəlxalq ictimaiyyətin diqqətini iki ölkə
arasında sülhə nail olmaq üçün maneə təşkil
edən çağırışlardan yayındırmaq niyyətindən
başqa bir şey deyil", - deyə o əlavə edib.
Komitə sədrinin
müavini qeyd edib ki, bu gün əsas problem başda "Ermənistan
və Dağlıq Qarabağın birləşməsi"nə
çağıran, Ermənistanın Müstəqillik
Aktına açıq şəkildə istinad edən Ermənistan
Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı
hüquqi və siyasi sənədlərində təsbit
edilmiş Azərbaycana qarşı davam edən ərazi
iddialarıdır. Azərbaycanın milli təhlükəsizliyinə
bilavasitə təsir edən bu iddianın Konstitusiyadan
çıxarılmasını tələb etməyə
legitim hüququ var və bu, Ermənistanın daxili işlərinə
müdaxilə kimi qələmə verilə bilməz.
Görünən odur ki, erməni tərəfi
dayanıqlı sülhdə maraqlı deyil və yalnız bu
vəziyyəti gələcəkdə yenidən Azərbaycana
qarşı ərazi iddialarına başlamaq üçün
ehtiyat variant kimi saxlamağa çalışır.
S.Fətəliyeva söyləyib ki, digər
narahatedici məqam isə rəsmi İrəvanın hərbiləşmə
siyasətini davam etdirməsidir: "Ötən ildən
başlayaraq Fransa Ermənistana silah tədarük edir, eyni
zamanda Hindistan da İrəvana müxtəlif növ silahlar
satır. Təbii ki, Ermənistanın
silahlandırılması regionda hərbi gərginliyin
yaradılmasına xidmət edir. Bu baxımdan Fransa xüsusi
canfəşanlıq edərək Ermənistan vasitəsilə
Cənubi Qafqazda öz maraqlarını təmin etməyə
çalışır. Parisin məqsədi regionda yeni
müharibə alovlandırmaqdır və Ermənistan buna
görə hərbiləşdirilir. Hərbiləşmə
siyasətini davam etdirməsi Ermənistanın Azərbaycana
qarşı gizli gündəminin mövcud olduğunu
nümayiş etdirir. Son vaxtlar şərti dövlət sərhədində
erməni hərbi birləşmələrinin Azərbaycan
ordusunun mövqelərini atəşə tutması da bunun
göstəricisi ola bilər".
Komitə sədrinin
müavini vurğulayıb ki, Ermənistan regionda sabitliyi və
sülhü təmin etməyin yeganə yolunun qonşu ölkələrin
suverenliyinin və ərazi bütövlüyünün
tanınması olduğunu anlamalıdır. Eyni zamanda həmin
şərtlərə əməl etməklə münasibətlər
qurulmalı və bu istiqamətdə təhlükə yaradan
çağırışlar aradan
qaldırılmalıdır. Rəsmi İrəvan həqiqətən
sülhün tərəfdarıdırsa, əməli fəaliyyəti
ilə bunu nümayiş etdirməlidir. Əks halda
revanşizmin artması, silahlanmanın davam etməsi Ermənistanın
özü üçün ciddi problemlər yaradacaq.
Əsmər
QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
29 iyun, № 133.- S.5.