COP29 insan sağlamlığının qorunmasına
da mühüm töhfə verəcək
Son illər iqlim dəyişiklikləri
nəticəsində ortaya
çıxan bir sıra problemlər dünyanı qlobal çətinliklərlə üz-üzə
qoyub. Problemlərin getdikcə daha da dərinləşməsinin
qarşısının alınmasında
planetin bütün sakinləri məsuliyyət
daşıyırlar. Bu
baxımdan dövlətlərin
qlobal istiləşmə
ilə mübarizədə
üzərinə mühüm
öhdəliklər düşür.
Atmosferə atılan
zərərli qazlar hava keyfiyyətini aşağı salmaqla həm də temperaturun qalxmasına səbəb olur. Nəticədə təbii
fəlakətlərin sayının
artması, anomal hava şəraiti və iqlim dəyişikliklərinin
yaratdığı digər
fəsadlarla qarşılaşırıq.
İqlim dəyişiklikləri
fonunda baş verən bütün proseslər isə insan sağlamlığına
təsirsiz ötüşmür.
Bir sıra xəstəliklərin artdığı
müşahidə edilir
ki, bu da
təbiətdə baş
verən dəyişikliklərlə
əlaqədardır.
İqlim dəyişiklikləri
ən çox həssas və müdafiəsiz əhali qruplarına təsir edir
İqlim dəyişikliklərinin
yaratdığı problemlərlə
birgə mübarizə
günümüzdə ən
aktual məsələlərdən
biridir. Bu baxımdan Azərbaycanda keçiriləcək BMT-nin
İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası
- COP29 böyük əhəmiyyətə
malikdir. Konfrans çərçivəsində müxtəlif panellər üzrə müzakirələr
aparılaraq, mütəxəssislər
tərəfindən təkliflər
səsləndiriləcək.
İqlim dəyişikliyinin
insan sağlamlığına
təsiri barədə
əməkdaşımızla danışan Almaniyanın
Bad Salzungen şəhər xəstəxanasının
Qulaq, burun, boğaz və üz plastik cərrahiyyə şöbəsinin
müdiri, Yena Universitetinin doktorantı Cavid Hüseynzadə bildirib ki, iqlim
dəyişiklikləri ən
çox həssas və müdafiəsiz əhali qruplarına təsir edir. Məsələn, maddi imkanları məhdud olan şəxslər iqlim dəyişikliklərinin
yaratdığı fəlakət
və dəyişikliklərə
daha az hazırlıqlıdırlar.
Onlar təbii fəlakətlər zamanı
daha çox zərər çəkir
və bərpa prosesində çətinliklər
yaşayırlar.
Bundan başqa,
kənd təsərrüfatı
ilə məşğul
olan əhali iqlim dəyişikliklərinin
təsirlərinə - quraqlıq,
daşqın və fırtınalara qarşı
daha həssasdır, çünki onların fəaliyyəti birbaşa
təbiətə bağlıdır.
"Eyni zamanda uşaqlar və yaşlılar sağlamlıq
baxımından risk qrupuna daxildirlər, onlar iqlim dəyişikliyinin
yaratdığı ekstremal
hava şəraitinə
tab gətirə bilmirlər. Xüsusən
inkişaf etməkdə
olan ölkələrdə
qadınlar iqtisadi və sosial səbəblərdən daha
həssas kateqoriya hesab olunur. Çünki
onlar məişətdə,
kənd təsərrüfatında
çalışaraq daha
çox məsuliyyət
daşıyırlar. Xroniki
xəstəlikləri olanlar,
əlillər də iqlim dəyişikliyi nəticəsində yaranan
sağlamlıq risklərinə
daha çox məruz qalan əhali qrupudur. Həmçinin miqrantlar və qaçqınlar yeni mühitə uyğunlaşma ilə bağlı problemlər yaşadıqlarından müdafiəsiz
hesab olunurlar", - deyə o bildirib.
Çirkli hava
bu xəstəlikləri
artıra bilər
Həkim qeyd edib ki, çirkli
hava, bəzi qazların havada miqdarının artması
və ozon təbəqəsinin deşilməsi
ciddi sağlamlıq problemlərinə səbəb
ola bilər. Nəticədə keyfiyyətsiz
hava tənəffüs
yollarını qıcıqlandıraraq
astma və bronxit kimi xəstəliklərin
yaranmasına gətirib
çıxarır. Uzun
müddət çirkli
hava ilə təmasda olmaq ağciyərlərin xroniki
obstruktiv xəstəliyinin
inkişaf riskini artırır. Bu xəstəlik nəfəs
darlığı və
öskürək kimi
simptomlarla xarakterizə
olunur. Həmçinin
ağciyər, dəri
xərçəngi, ürək
qan-damar sistemi xəstəlikləri, hipertoniya,
infarkt və insult, dəri problemləri keyfiyyətsiz
hava şəraitində
daha da artır.
C.Hüseynzadə vurğulayıb
ki, bu təsirlər
insan sağlamlığını
ciddi şəkildə
təhdid edir və ətraf mühitin qorunmasının
vacibliyini göstərir.
Hava çirkliliyi ilə mübarizə aparmaq və ozon təbəqəsini qorumaq üçün hər kəsin üzərinə böyük
məsuliyyət düşür.
İqlim dəyişikliklərinin
bir sıra xəstəliklərinin gedişinin
ağırlaşmasına səbəb
olduğunu vurğulayan
şöbə müdiri
bildirib ki, allergik xəstəliklərin
gedişatı pisləşir.
Allergik rinitin ən çox görünən səbəblərindən
biri polendir və Avropada geniş yayılıb. Almaniyada 12 milyondan çox uşaq və yeniyetmədə allergik renit aşkarlanıb. Ümumiyyətlə,
astma və allergik rinokonyunktivit kimi xroniki respirator
allergik xəstəlikləri
olanlar tozcuqlara məruz qalma, hava çirkləndiricilərinin
konsentrasiyası və
paylanmasının artması
səbəbindən risk
altında olurlar. Dərhal müdaxilə edilmədiyi halda insan sağlamlığına
ciddi təsirləri olur.
Həkim deyib ki, iqlim dəyişiklikləri
nəticəsində isti
havalar bitkilərin erkən çiçəklənməsinə
səbəb olduğundan
polen mövsümü
daha öncə başlayır və uzun çəkir. Eyni zamanda atmosferə
atılan zərərli
qazlar karbon dioksidin səviyyəsini artırır ki, bu da bitkilərin
polen istehsalına təsir edir.
Beləliklə, soyuq
iqlimə malik ölkələrdə havanın
temperaturunun yüksəlməsi
polen istehsal edən bitkilərin də daha geniş
yayılmasına və
inkişafına gətirib
çıxarır.
Allergiyadan əziyyət
çəkənlərin sayı
artacaq
C.Hüseynzadə növbəti
5-15 il ərzində polen mövsümlərinin
daha uzun çəkəcəyini, bu
fonda allergiyadan əziyyət çəkənlərin
sayının artacağını
vurğulayıb. Havada
olan polen allergenlərinə məruz
qalma və ya inhalyasiya burun, göz və bronxlarda allergik reaksiyalara səbəb ola bilər. Bu da yuxu problemləri
yaratmaqla, psixi sağlamlıq səbəbindən
həyat keyfiyyətinin
aşağı düşməsinə,
məhsuldarlığın azalmasına, uşaqlar arasında dərs göstəricilərinin zəifləməsinə,
nəticədə isə yüksək
səhiyyə xərclərinə
səbəb olacaq.
O vurğulayıb ki,
allergik xəstəliklərdən
ən çox uşaqlar əziyyət çəkir və son illərdə azyaşlılar arasında
belə halların artdığı müşahidə
olunur: "Havanın orta temperaturu yüksəldikcə bu tendensiyanın artacağı
proqnozlaşdırılır. Lakin karbon emissiyalarının
azaldılması istiqamətində
tədbirlər görülərsə,
proses zəifləyə
bilər. Orqanizmimiz ekoloji dəyişikliklərə
uyğunlaşmaq qabiliyyətinə
malikdir, amma bu, çox vaxt alır. Buna görə də iqlim dəyişikliyinin
yaratdığı problemlərin
fəsadlarının qarşısının
alınması və ya yumşaldılması istiqamətində qabaqlayıcı
tədbirlərin görülməsi
vacibdir".
Həkim iqlim dəyişikliklərinin sağlamlığa
mənfi təsirlərini
azaltmaq məqsədilə
görüləcək tədbirlərdən
də söz açıb. O bildirib ki, istilik dalğalarına
qarşı sərin mühitlər təmin etmək, xəbərdarlıq
sistemləri qurmaq, yoluxucu xəstəliklərin
qarşısını almaq,
hava çirkliliyinə
qarşı mübarizədə
təmiz hava məkanlarının yaradılması,
maska istifadəsi, hava keyfiyyəti barədə xəbərdarlıqlar,
sağlamlıq sistemlərinin
gücləndirilməsi, eyni
zamanda səhiyyə xidmətlərinin artırılması,
ətraf mühitin qorunması və bərpası, su ehtiyatlarının qorunması,
təhsil və ictimai maarifləndirmə bu istiqamətdə görüləcək tədbirlər
sırasına daxildir.
Görüləcək işlər
iqlim dəyişikliklərinin
sağlamlığa mənfi
təsirlərini azaltmaq
üçün mühümdür
və qlobal səviyyədə koordinasiya
və əməkdaşlıq
tələb edir.
C.Hüseynzadə sonda
iqlim dəyişikliklərinin
mənfi təsirlərini
minimuma endirmək üçün təcili
tədbirlər görülməli
olduğunu diqqətə
çatdırıb və
bu baxımdan COP29-un olduqca böyük əhəmiyyət kəsb
etdiyini vurğulayıb:
"Bakıda keçiriləcək
İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasında
müəyyən panellərdə
qlobal istiləşmənin
sağlamlığa təsirləri
də müzakirə olunacaq.
Beləliklə, mənfi
təsirlərin aradan
qaldırılması və
ya yumşaldılması
istiqamətində təkliflər
irəli sürüləcək.
Beynəlxalq konfransın
Azərbaycanda keçirilməsi
isə ölkəmizin
iqlim dəyişiklikləri
ilə mübarizədə
səyləri birləşdirmək,
bu istiqamətdə töhfə vermək istəyinin bariz nümunəsidir. Azərbaycan
artıq qlobal ekoloji platformaya çevrilib".
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
29 iyun, № 133.- S.6.