Monteneqro-Azərbaycan
biznes forumu və iki ölkənin
hökumətləri arasında
Birgə Komissiyanın
3-cü iclası keçirildi
Monteneqronun
paytaxtı Podqoritsa şəhərində Monteneqro-Azərbaycan
biznes forumu və iki ölkənin hökumətləri
arasında iqtisadi əməkdaşlıq üzrə Birgə
Komissiyanın 3-cü iclası keçirilib.
Hər iki tədbirdə
iştirak etmək üçün Komissiyanın Azərbaycan
tərəfindən həmsədri, əmək və əhalinin
sosial müdafiəsi naziri Sahil Babayevin
başçılıq etdiyi nümayəndə heyəti
Monteneqroda səfərdədir. Nümayəndə heyəti
Podqoritsadakı “Kral parkı”nda böyük Azərbaycan
şairi və dramaturqu Hüseyn Cavidin büstünü ziyarət
edib, önünə gül dəstələri düzüblər.
S.Babayev və
Birgə Komissiyanın Monteneqro tərəfindən həmsədri,
Monteneqronun Baş nazirinin iqtisadi siyasət üzrə
müavini və həmin ölkənin iqtisadi inkişaf naziri
Nik Qjeloşaj Komissiyanın 3-cü iclası çərçivəsində
keçirilən Monteneqro-Azərbaycan biznes forumunun
açılış mərasimində iştirak ediblər.
Tədbirdə
çıxış edən S.Babayev Azərbaycan və
Monteneqro arasında əlaqələrin dostluq və əməkdaşlıq
ruhunda daim inkişaf etməkdə olduğunu, yüksək səviyyəli
qarşılıqlı səfərlərin, davamlı siyasi
dialoqun əlaqələrimizin gələcək
inkişafı üçün mühüm önəmini qeyd
edib. İki ölkənin ticarət dövriyyəsinin də
artmaqda olduğu, ötən il bu artımın 54,32 faiz təşkil
etdiyi diqqətə çatdırılıb.
Keçirilən
belə biznes forumların ölkələrimizin işgüzar
dairələri arasında əlaqələrin qurulması və
genişlənməsində əhəmiyyəti
vurğulanıb. Qeyd edilib ki, artıq Bakı və Podqoritsada
4 biznes forum və işgüzar görüş keçirilib.
Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi
Agentliyi (AZPROMO) və Monteneqronun İqtisadiyyat Palatası tərəfindən
təşkil edilən bugünkü biznes forumda da Azərbaycandan
10-dək, Monteneqrodan 5 şirkət iştirak edir.
N.Qjeloşaj
çıxış edərək ölkəsi ilə Azərbaycanın
əlaqələrinin yüksələn xətlə
inkişaf etdiyini, bu istiqamətdə
məqsədyönlü işlərin
aparıldığını, hazırki biznes forumun da müsbət
nəticələr verəcəyinə əminliyini ifadə
edib.
Birgə
Komissiyanın iclasında Komissiyanın həmsədrləri
ölkələrimiz arasında yüksək səviyyədə
münasibətlərin mövcud olduğunu vurğulayıb, əlaqələrimizin
getdikcə daha da dərinləşməsi üçün
qarşılıqlı səylərin uğurla davam etdirilməsindən
razılıq ifadə ediblər.
İclasda Azərbaycan
və Monteneqro arasında gələcək əməkdaşlıq
istiqamətlərinə dair fikir mübadilələri
aparılıb, ticarət dövriyyəsinin daha da
artırılması üçün böyük
potensialın olduğu bildirilib.
İki
ölkənin müxtəlif sahələrdə əməkdaşlığının
gələcək perspektivləri, enerji, nəqliyyat,
investisiyaların qarşılıqlı təşviqi, turizm,
kənd təsərrüfatı, əmək və sosial
müdafiə, mədəniyyət, təhsil və digər
sahələrdə əməkdaşlığın genişləndirilməsi
imkanları nəzərdən keçirilib.
Prioritet
sektorlar üzrə qarşılıqlı maraq doğuran məsələlər,
habelə bərpa olunan enerji sahəsində təcrübə
mübadiləsi imkanları və s. müzakirə olunub.
Daha sonra
S.Babayev və N.Qjeloşaj Birgə Komissiyanın 3-cü
iclasının yekunlarına dair Protokolu imzalayıblar. Sənəddə
gələcək əməkdaşlıq istiqamətləri əks
olunub.
Azərbaycan.-2024.-
29 iyun, № 133.- S.7.