Həsən
bəyin yandırdığı
sönməz məşəl
"Aləmi-İslam bir qaranlıq içərisində qaldığı
zaman bu adam əlinə
məşəl alıb
qaranlığı işıqlandırmağa
çalışırdı. O məşəl nə idi? Əvvəlinci mətbu kəlam idi..." Xalqını zülmətdən işığa
çıxarmaq istəyən
isə Həsən bəy Zərdabi idi...
1907-ci il noyabrın
29-da - Həsən bəyin
dəfn mərasimində
görkəmli türk
ideoloqu, mütəfəkkir,
publisist Əli bəy Hüseynzadə çıxışına belə
davam etdi: "Həsən bəy əvvəlinci şəxsdir
ki, Qafqaz, bəlkə Rusiya, demək olar ki, bütün dünyada müsəlmanlar
içində əvvəlinci
türk müsəlman
qəzetəsi nəşr
etmişdir. Biz Qafqaz türklərinin öhdəsində bu adamın artıq haqqı vardır. Çünki bu şəxs bizim üçün dil yaratmışdır. Ədəbiyyata
qapı açmışdır".
Sonra Əli bəy Hüseynzadə ustadın gördüyü
digər işlərdən
danışdı, onun
xidmətlərinin çox
olduğunu bildirdi.
Həsən bəy
Zərdabi ömrünün
son günlərinədək
xalqını düşünmüşdü.
Özünə təntənəli
bir dəfn mərasimi belə qıymamışdı. Odur
ki, ölümündən
bir neçə gün öncə vəsiyyət etmişdi:
"Sizdən xahiş
edirəm, mənim üçün təntənəli
dəfn mərasimi düzəltməyin. Məni
çox sadə dəfn edin. Dəfn üçün xərclənməsi lazım
gələn vəsaiti
müsəlmanlar arasında
savad yayan cəmiyyətə verin. Bu, mənim başı bəlalar çəkmiş xalqım
üçün daha faydalı olardı…" Ancaq bu dəfə
onu dinləməmişdilər...
O, ömür boyu
Vətəninin, yurddaşlarının
əsarətdən, səfalətdən,
ətalətdən qurtulması
uğrunda çalışdı.
Bu yolda çox işlər gördü, fitri istedadı, dərin, əhatəli biliyi sayəsində hansı sahəyə üz tutdusa, uğur qazandı.
1842-ci il iyunun
28-də Şamaxı quberniyası
Göyçay qəzasının
Zərdab kəndində
dünyaya gələn
Həsən bəy kiçik yaşlarından
aydın zəkası
ilə seçilirdi. Yeddi-səkkiz yaşlarında ikən atası Səlim bəy onu mədrəsəyə
qoydu. Oğlunun ilahiyyatla
çox da maraqlanmadığını görən
atası Həsəni
1852-ci ildə Şamaxıdakı
ibtidai rus məktəbinə apardı.
Məktəbin buraxılış
imtahanında Qafqaz Təhsil İdarəsi müdirinin diqqətini cəlb edən Həsən onun təqdimatı ilə dövlət vəsaiti hesabına 1-ci Tiflis Gimnaziyasına qəbul olundu. 1861-ci ildə gimnaziya təhsilini də uğurla başa vurdu. Moskva Dövlət Universitetinin Fizika-riyaziyyat
fakültəsinin təbiət
elmləri şöbəsinə
daxil oldu. "Dövlət təqaüdçüsü"
statusunu aldı.
Gənc tələbə
biliyi, Şərq-islam
tarixi üzrə geniş məlumatı ilə universitetin rektoru, tarixçi Sergey Mixayloviç Solovyovun rəğbətini
və dostluğunu qazandı. Həsən bəy 1865-ci ildə təhsildə ən yüksək müvəffəqiyyətə
və əxlaqa görə verilən namizəd diplomu ilə ali məktəbi
bitirdi və ona Moskvada qalıb
işləmək təklif
edildi. Moskvanın kübar cəmiyyəti, yaxşı
iş... Təklif cazibəli idi. Amma Həsən bəy hətta qonşu ölkələrdən
belə geri qalmış Vətənini,
əksəriyyəti savadsız,
cahil olan və düşdüyü
girdabdan nəinki şikayətlənməyən, hətta oradan çıxmasına çalışanlara
qənim kəsilən
soydaşlarını üz
tutduqları qaranlıqdan
maarif işığı
ilə aydınlığa
çıxarmaq yolunu
seçdi. Bunun nə qədər ağır, müşkül
olduğunu bilə-bilə
geri döndü.
Tiflisdə Torpaq
Palatasında, Bakıda
Quberniya İdarəsində,
Qubada məhkəmədə
işləyərkən məşəqqətlərlə,
sui-qəsdlə üzləşdi.
1869-cu ildə çətinliklə
Bakı Realnı Gimnaziyasına təbiət
tarixi müəllimi təyin edildi. Həsən bəy Zərdabi Qafqazda fəaliyyət göstərən
10 gimnaziyada çalışan
müəllimlər arasında
ali təhsilli ilk azərbaycanlı idi.
Şagirdlər arasında
azərbaycanlıların yox
dərəcəsində olması
Həsən bəyi kədərləndirsə də,
həvəsdən salmadı.
O, millət övladlarını
məktəbə cəlb
etməyə çalışdı.
Yoxsul, kimsəsiz uşaqların təhsilinə
yardım göstərilməsi
üçün müsəlmanlar
arasında ilk dəfə 1872-ci ildə Bakıda "Cəmiyyəti-xeyriyyə"
yaratdı. Gimnaziyada təhsil alan şagirdləri Nəcəf
bəy Vəzirov və Əsgərağa Adıgözəlov Gorani ilə Azərbaycan şəhərlərini, kəndlərini
dolaşdı, "Cəmiyyəti-xeyriyyə"yə
üzvlər yazdırdı.
Toplanan 1600 manatla 2 kasıb və kimsəsiz şagirdin təhsil haqqı ödənildi.
Həsən bəy
Zərdabi vətənin,
xalqın tərəqqisində
mətbuatın böyük
rol oynayacağına əmin idi. Ona görə də qəzet açmağa çalışırdı.
Arzusunu gerçəkləşdirmək
yolunda maneələr isə çox idi. Əvvəla, çar imperiyası öz müstəmləkəsi
altında olan ölkələrdə, xüsusilə
də əhalisi müsəlmanlar, türklər
olan yerlərdə məktəblərin açılmasına,
mətbuatın inkişafına
yol vermək istəmirdi.
Həsən bəy
Zərdabi illər sonra - 1905-ci ildə "Həyat" qəzetində
dərc olunmuş
"Rusiyada əvvəlinci
türk qəzetəsi"
adlı məqaləsində
"Əkinçi" qəzetinin
nəşri ərəfəsində
Vətəninin, soydaşlarının
halını belə təsvir edirdi: "Elmsiz də bu zəmanədə dolanmaq mümkün deyil. Ələlxüsus, bizim yerlərdəki qonşularımız elm təhsil edib gün-gündən irəli
gedir, bizim əlimizdə olan mülk-malımıza sahib
olurlar..." O çətin
günlərdə çıxış
yolu aradığını
yazırdı: "Belədə
nə qayırmalı?
Hər kəsi çağırıram gəlməyir,
göstərirəm görməyir,
deyirəm qanmayır.
Axırda gördüm
ki, onları haraylayıb çağırmaqdan,
onlara deməkdən başqa bir qeyri-əlac yoxdur. Olmaz ki, mənim
sözümü eşidənlərdən
heç biri qanan olmasın!.. Belədə qəzetə çıxarmaqdan
savay bir qeyri-əlac yoxdur ki, kağızın üstə yazılmış
doğru sözlər
qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru söz yerdə qalsın. Hər ildə on qəzet
oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar... Sonra düşmənin düşmənliyi, dostun
dostluğu və dost göstərən doğru yolun doğru olmağı aşkar olar..."
Çarizmin müvafiq
idarələrinə göndərdiyi
məktublardan birinə,
nəhayət, müsbət
cavab alan Həsən bəy mətbəə problemini də böyük çətinliklə həll
edə bildi. Və 1875-ci il iyulun 22-də Abbasqulu ağa Bakıxanovun kiçik qardaşı, rus ordusunun general-mayoru
Abdulla bəy Bakıxanovun maliyyə yardımı ilə Bakıda ilk anadilli qəzetin - "Əkinçi"nin birinci
sayı işıq üzü gördü. Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgərağa
Gorani və başqaları "Əkinçi"dən
köməklərini əsirgəmədilər.
Bakı qubernatoru Staroselski qəzetin nəşrinə xeyli kömək etdi.
Xalqı maariflənməyə,
anadilli məktəblərin,
mətbuat orqanlarının
açılmasına səsləyən
ilk milli qəzetimizin cəmi 56 sayı çıxdı.
"Əkinçi"nin bağlanması
üçün hökumətə
göndərilən donosların
ardı-arası kəsilmədi.
1877-ci il sentyabrın
29-da qəzetin nəşrinə
son qoyuldu. Lakin Həsən bəy Zərdabinin "Əkinçi" ilə
yandırdığı məşəlin
işığı müxtəlif
səbəblərdən bəzən
öləzisə də,
heç zaman sönmədi. Ardıcılları
- "Ziya" və "Ziyayi-Qafqaziyyə", "Kəşkül",
"Həyat", "İrşad",
"Füyuzat", "Tərəqqi",
"Açıq söz"
və başqa mətbuat orqanları onun başladığı
müqəddəs yolu
davamsız qoymadılar.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2024.-
29 iyun, № 133.- S.8.