"Arzum Qarabağda layihələrimi gerçəkləşdirməkdir"

 

 

"Mənim üçün Qarabağ ruh, can, Vətən deməkdir. Qarabağ adı çəkiləndə gözlərimin qarşısında qənirsiz gözəlliyi ilə yaddaşıma əbədi həkk olunan doğulduğum, böyüyüb boya-başa çatdığım gözəl Ağdam canlanır. Çox şükür ki, ermənilərin dağıdıb viran etdiyi bu torpaqlara yenidən həyat verilir, insanlar öz doğma yurduna qayıdır. Bir zamanlar silahların guruldadığı bu torpaqlardan indi musiqi səsi gəlir, körpə qığıltısı eşidilir. Yurdumun hər qarışı cənnətə dönür...

Bu günlərdə Şuşaya getmişdim. Orada gedən abadlıq-quruculuq işlərini görüb dövlətimin gücü, qüdrəti ilə qürur duydum. Bu torpaqları azad edən əsgərlərə alqış etdim. Torpaqlarımızı azad edib gülüstana döndərən Prezidentimizə dualar etdim... Qarabağda aparılan abadlıq-quruculuq işləri bir memar şəhərsalma üzrə mütəxəssiz kimi ürəyimi dağa döndərdi".

Həmsöhbətimiz Əməkdar memar,  professor  Yeganə Hacıyeva 1960-cı ildə Ağdam şəhərində anadan olub. 1976-cı ildə orta məktəbi bitirib. Əmək fəaliyyətinə Ağdam rayon XDS icra komitəsinin tikinti memarlıq işləri şöbəsində başlayıb.

Yeganə xanım deyir ki, gəncliyindən içində qəribə bir hiss var idi: "Böyüdükcə sanki arzularım da böyüyürdü. Özümü daim bitməyən, tükənməyən bir aləmdə görmək istəyirdim. Məndən sonra da dunya durduqca unudulmayanlardan olmağı arzu edirdim. Odur ki, böyük iddia ilə çalışmağa, yaratmağa kökləndim. Xalamın əri memar idi. Bir gün onun kağız üzərində necə maraqla işlədiyini gördüm. "Eskizlərini çəkdiyi bir layihənin sabah şəhərin bir yerini bəzədiyi gözlərim qarşısında canlandı. Qərar verdim ki, mən memar olacağam. Memarlıq bir xalqın daş yaddaşıdır. Çox şükür ki, arzularımı bu sənətlə gerçəkləşdirə bildim".

1983-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakültəsini bitirən Yeganə Hacıyeva ümumilikdə 15 şəhərin baş planı, 12 müfəssəl plan layihələri, 4 yaşayış kompleksinin, 6 körpü yolötürücüləri, piyada yeraltı yerüstü keçidlərin, 67 elmi əsərin, monoqrafiya, dərslik metodik vəsaitlərin müəllifidir. Hazırda Azərbaycan Memarlıq İnşaat Universietinin fəxri professoru, "Mühit dizaynı" kafedrasının müdiridir.

Yeganə xanım deyir ki, şəhərsalma layihələri 25-30 ilə uğurla həyata keçən bir prosesdir: "Yollar, körpülər, iki-üç səviyyəli yolötürücüləri, yaşayış kompleksləri, inzibati binalar, kiçik mərtəbəli yaşayış evləri, keçidlər tunellər şəhərlər üzərində icra olunduqca hansı hissləri yaşamışam, onu ifadə etməyə hələ söz tapa bilmirəm. Yeraltı, 1-səviyyəli, 2-səviyyəli "Exsellsor" mehmanxanası (Heydər Əliyev mərkəzi ərazisi)  ərazisində yolötürücüsünün layihəsində icrasında birbaşa iştirak edəndə, işin çətinliyinə baxanda külək, beton toru, soyuq hava belə çox xoş gəlirdi. Çünki bu, mənim arzularımın həyata keçməsi idi. Sevinirdim ki, məndən sonra işlərim qalacaq. Bu işlərlə adım müasir memarlıq tarixinə düşəcək".

Hələ 1983-1993-cü illərdə "Bakı Dövlət Layihə İnstitutu"nda memar, II dərəcəli, I dərəcəli memar vəzifələrində işləyərkən Yeganə Hacıyevanın "Şimali Abşeron" Ümumittifaq kurort zonasının, Əhmədli, Günəşli yaşayış massivlərinin baş plan layihələrinin, Badamdar yaşayış rayonunun, 1,3, 6, 7-ci  mikrorayonların, "Pirşağı" müalicə istirahət komplekslərinin, müfəssəl plan layihələrinin, Teleqüllə park zonasının, Səməd Vurğun küçəsinin park ərazisində müəllifi olduğu layihələri gerçəkləşib. Deyir ki, bir memar kimi şanslıdır: "Şəhərsalma layihələri çox geniş bir ərazini əhatə edən genişmiqyaslı, problemlər proqnozlara bağlı layihələrdir. Şəhərimizi gəzərkən müəllifi olduğum işləri görəndə qürur duyuram. Onlar mənim yuxusuz gecələrimin gerçəkləşən layihələridir.

1994-cü ildə Azərbaycan Ali Tətbiqi Elmlər Kollecində pedaqoji fəaliyyətə başlayan memarlıq üzrə fəlsəfə doktoru Yeganə xanım hazırda Azərbaycan Memarlıq İnşaat Universitetinin "Mühit dizaynı" kafedrasının müdiridir. Onun əməyi yüksək qiymətləndirilib. 2013-cü ildən Əməkdar memardır. Deyir ki, bir memar kimi arzusu bərpaolunan Qarabağda layihələrinin gerçəkləşməsidir.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2024.- 29 iyun, № 133.- S.8.