Gəncə şəhər rəhbərliyi Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət edib

 

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP şəhər təşkilatının sədri Bayram Aslanov, Kəpəz bələdiyyəsinin sədri Yaşar Abdullayev ŞİH-in məsul əməkdaşları ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun ailəsini ziyarət ediblər.

Milli Qəhrəmanın anası Dursun Qasımova ilə görüşən qonaqlar qeyd ediblər ki, Azərbaycan xalqı həm Birinci Qarabağ savaşı, həm Vətən müharibəsində qəhrəmanlıq göstərərək adını tarixə yazan igid oğullarımızla fəxr edir. Belə qəhrəmanlardan biri Natiq Qasımovdur. O, xalqımızın tarixində iz qoyan igidlərimizdəndir.

Dursun ana övladının keçdiyi qısa həyat yolundan danışıb, uşaqlığından, yeniyetməliyindən söz açıb. O, övladının xatirəsinə göstərilən ehtirama görə Ali Baş Komandan, Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Niyazi Bayramov Dursun ananın səhhəti ilə maraqlanıb, müayinəsi müalicəsi ilə bağlı aidiyyəti quruma müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildə ailəsi Mingəçevirə köçüb gələcək qəhrəman orta məktəbi burada tamamlayıb. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidmətini başa vurduqdan sonra  1991-ci ildə Vətənə qayıdan Natiq  elə həmin il könüllü olaraq cəbhəyə yollanıb. Ağdamda Yaqub Rzayevin (Qatır Məmməd) başçılığı altında "Qarabağ şahinləri" dəstəsində ermənilərə qarşı döyüşüb.

Prezident İlham Əliyevin 25 iyun 2024-cü il tarixli sərəncamı ilə Natiq Qasımova  "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

 

Sabir ƏLİYEV,

Azərbaycan.-2024.- 30 iyun, № 134.- S.11.