BakıdaAzərbaycanda yaşayan tatların etnokonfessional tariximövzusunda tədbir təşkil olunub

 

İyunun 28-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Azərbaycanda yaşayan tatların etnokonfessional tariximövzusunda tədbir keçirilib.

BBMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin moderatoru - BBMM-in Analitika şöbəsinin müdiri Rəşad İlyasov bildirib ki, tədbir “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Azərbaycanda yaşayan tatların etnokonfessional tarixi” layihəsi çərçivəsində təşkil olunub. O diqqətə çatdırıb ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq, Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib.

Layihə haqqında ətraflı məlumat verən “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyinin sədri Elman Əhmədov bildirib ki, əsas məqsəd Azərbaycanda yaşayan tatların etnik tarixi, din və dil mənşəyi, ölkə ərazisində məskunlaşma tarixi, adət-ənənələri və bu ənənələrin nə dərəcədə qorunub saxlanılmasını təhlil və təşviq etməkdən ibarətdir. Qeyd olunub ki, multikultural ənənələrə malik Azərbaycanda qədim zamanlardan bəri digər xalqlarla yanaşı, tatlar da yaşayır, yaradır, inkişaf edir və inkişafa töhfə verirlər. Lakin Azərbaycanda yaşayan tatlar az öyrənilib, kifayət qədər tədqiq olunmayıb. Mənbə qıtlığı çətinlik yaratsa da, birbaşa və bilavasitə mənbələrdən, tədqiqat əsərlərindən istifadə etməklə müəyyən araşdırmalar aparılıb və bunların nəticəsi olaraq silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. İyun-avqust aylarını əhatə edən “Azərbaycanda yaşayan tatların etnokonfessional tarixi” layihəsinin icra olunması da bu məqsədə xidmət edir.

Tədbirdə Azərbaycan Dillər Universitetinin dosenti Məhəmməd Əliyev tatların etnik tarixi, din və dil mənşəyi, Azərbaycan ərazisində məskunlaşma tarixi, adət-ənənələri barədə danışıb.

Hərbçi Bəhram Şeydayev Qarabağ uğrunda döyüşlərdə tatların iştirakından bəhs edib. Bildirib ki, Zəfərlə başa çatan Vətən müharibəsində bütün Azərbaycan vətəndaşları kimi, tatlar da “Dəmir yumruq” ətrafında sıx birləşdilər, tarixi Azərbaycan torpaqlarının işğaldan azad olunmasında həmrəylik göstərdilər.

Digər çıxış edənlər – Talış icmasının ağsaqqalı İmamverdi Həmidov, Elçin Mirzəbəyov, Cavid Maqsudov, Süleyman Rəhmanov, Fuad Sultanov, Fərman Əliyev tarixən formalaşmış multikultural mühitdən danışıblar. Vurğulanıb ki, Azərbaycanda yaşayan bütün etnik qruplar vahid ailədə, qarşılıqlı anlaşma və hörmət şəraitində yaşayırlar.

Tədbirdə məktəblilər Ayxan Əliyev və İnci Əliyeva tat dilində Azərbaycan şeirini səsləndiriblər.

 

Azərbaycan.-2024.- 30 iyun, ¹ 134.- S.11.