XƏYALİ
ERMƏNİSTANDAN REAL ERMƏNİSTANA KEÇİD
"Dəmir yumruq" bu dəyişmənin təkanverici
qüvvəsi oldu
Kim nə deyirsə, desin:
İnsanları düz
yola gətirməyin və ağıllandırmağın
bir yolu da güc tətbiqidir!
Söhbət burada
həm də məcburetmədən sonra
həqiqətin və
reallığın dərkindən,
"ağıllandırıldıqdan sonra" düzgün yola qayıtmaqdan gedir.
Qudurğanlıq edən,
boş xülyalarla yaşayan, özünə
deyil, başqalarına
arxalanan dövlətlər
də belədir.
* Sülh yolu ilə danışırsan,
eşitmir...
* Müəyyən güzəştlər
təklif edirsən, razılaşmır...
* Beynəlxalq hüququ,
mötəbər qurumlar
tərəfindən qəbul
edilmiş sənədləri
xatırladırsan, qulaqardına
vurur.
Elə ki,
"dəmir yumruğ"unu
işə salırsan,
başını əzib
ordusunu darmadağın
edirsən, əvvəlcə
"qohum-əqrəba"sını köməyə çağırır,
bundan bir şey çıxmadığını
görəndə isə
quzuya dönür.
Ürəyindəki niyyəti, istəyi başqa cür olsa da, yaranmış
reallığın sərt
üzü ilə hesablaşmağa, gücün
qarşısında ipəyə
dönərək güzəştə
getməyə məcbur
olur!
Həm də bundan betərindən qorunmaq üçün!
***
Ötən əsrin
doxsanıncı illərinin
əvvəlində:
* Ermənistan SSRİ-nin dağılmasından;
* Əli Azərbaycan
xalqının qanına
batmış Qorbaçovun
hakimiyyətə gəlməsindən;
* Havadarlarının ona arxa duraraq
silahlandırmasından;
* Erməni diasporunun
siyasi və maliyyə dəstəyindən;
* Habelə Azərbaycana
maymaq, qətiyyətsiz,
təcrübəsiz və
səriştəsiz insanların
başçılıq etməsindən
istifadə edərək
ərazimizin 20 faizini işğal etdi.
* Nə beynəlxalq
hüquqa məhəl
qoydu;
* Nə BMT-nin
4 qətnaməsinin tələblərini
yerinə yetirdi;
* Nə də Azərbaycanın "ən
yüksək səviyyəli
muxtariyyət" təklifinə
əhəmiyyət verdi.
Keçmiş DQMV-ni
və Azərbaycanın
daha iki rayonunu öz ərazisinə birləşdirmək,
özününküləşdirmək niyyətini də gizlətmədi.
* İkili standartların
əsas yanaşma üsuluna çevrilməsi;
* BMT-nin öz qərarının icrasına
aciz və səhlənkar münasibət
bəsləməsi;
* Münaqişənin sülh yolu ilə həlli məqsədilə yaradılan
ATƏT-in Minsk qrupunun dişsiz və fərsiz, əksinə, erməni dəyirmanına su tökmək istiqamətində
fəaliyyət göstərməsi;
Habelə dünyada
sözükeçən dövlətlərin
lider, siyasətçi
və parlamentarilərinin
erməni diasporu tərəfindən rüşvət
və korrupsiya yolu ilə ələ
alınması sayəsində
Qarabağ münaqişəsi
acı bağırsaq
kimi uzandıqca uzandı.
* Ta o vaxta qədər ki, Azərbaycan iqtisadi cəhətdən gücləndi!
* Ta o vaxta qədər ki, Azərbaycanın siyasi nüfuzu artaraq dünyadakı mövqeləri
əsaslı şəkildə
möhkəmləndi!
* Ta o vaxta qədər ki, Azərbaycan özünə
qüdrətli, ən
müasir silahlarla silahlanmış ordu qurdu!
* Ta o vaxta qədər ki, Ermənistanın baş naziri Paşinyan içib sərxoş olaraq əsl niyyətlərini açıqladı,
"Qarabağ Ermənistandır
və nöqtə"
deməklə sülh
danışıqlarına nöqtə
qoydu!
Beləliklə, "dəmir yumruğ"un işə salınmasına
əsas yaratmış
oldu!
***
Münaqişənin gedişində və həllində diqqətçəkən
bir neçə vacib məqam da vardır.
Əvvəla, Ermənistan
işğal etdiyi ərazilərə "öz
torpağı" kimi
baxmır, Orta əsrlər vəhşiliyi
və vandallığı
nümayiş etdirirdi.
Belə ki,
"din ayrı qardaşları" ilə
birlikdə işğal
etdikləri bütün
əraziləri talayır,
evləri və digər binaları söküb materiallarını
İranın inşaat
bazarlarında satdırır,
bağları, meşələri
qırıb daşıyır,
dini, mədəni, tarixi abidələri və qəbiristanlıqları
dağıdır, kənd
və şəhərləri
xarabalıqlara çevirirdilər.
Ələ keçirdikləri
torpaqlarda isə məskunlaşma apara bilmirdilər.
* Əvvəla, hayların
o qədər əhalisi
yox idi.
* İkincisi, heç
kəs hazır evini qoyub xarabalıqlarda
yaşamaq istəmirdi.
* Ən nəhayət,
xaricdən gətirilən
Livan və Suriya ermənilərinin böyük əksəriyyəti
şəraitsizliyi görərək
geri qayıdırdı.
* İşğal faktına
görə Azərbaycan
tərəfindən blokadaya
salınan bu ölkə yoxsul və perspektivsiz vəziyyətə düşdüyündən
yerli əhali də məqam tapan kimi xaricə
qaçırdı.
* Oğlan uşaqlarını
orduda xidmətdən yayındırmaqdan ötrü
köç edənlər
də çox idi və bu
proses indi də davam etməkdədir.
Ermənistanı dünyada
müdafiə edənlər
çox olsa da, beynəlxalq aləm işğal faktını qəbul etmədi, Hayastanın özü də daxil olmaqla heç
bir dövlət keçmiş DQMV-nin müstəqilliyini tanımadı!
Azərbaycan tərəfi
isə bəzən təklənməsinə, müxtəlif
təpkilərlə qarşılaşmasına
baxmayaraq, torpaq itkisinə səbəb olacaq heç bir addım atmadı, sənəd imzalamadı!
Heydər Əliyevin
siyasi kursunu ləyaqətlə davam etdirən cənab İlham Əliyev dəfələrlə açıq
və qətiyyətli
şəkildə bəyan
etdi:
"Azərbaycan bir
qarış torpağını
belə kimsəyə
güzəştə getməyəcək,
öz ərazisində
ikinci Ermənistan dövlətinin yaranmasına
yol verməyəcəkdir!"
Dövlət başçısı
İlham Əliyev sözdə dediklərini əməli işi ilə də möhkəmləndirdi.
Daim milli maraqlara söykənən
daxili və xarici siyasət yürütdü, ölkənin
iqtisadi gücünü
artıraraq siyasi nüfuzunu yüksəltdi,
dostlarının sayını
artırmaqla dünyadakı
mövqeyini möhkəmləndirdi,
hücum diplomatiyası
tətbiq etməklə
beynəlxalq qurum və təşkilatlarda fəal və səmərəli iş aparıb, müasir və qüdrətli ordu qurdu.
İlk dəfə
Azərbaycan 2016-cı ilin
dördgünlük Aprel
müharibəsində öz
gücünü və
imkanlarını nümayiş
etdirdi.
Amma Aprel dərslərindən nə
Ermənistanın havadarları
və müdafiəçiləri
nəticə çıxardılar,
nə də vassal dövlətin qudurğan başçıları...
Müdrik və
uzaqgörən siyasət
yürüdən, hər
addımını məharətlə
ölçüb-biçən Azərbaycan Prezidenti İlham Əliyev isə hadisələri
"yetişdirdikdən" sonra əlverişli və dəqiq məqam seçdi:
"Dəmir yumruğ"u
işə saldı!
44 gün ərzində
üç cəbhədə
- hərb meydanında,
diplomatiya sahəsində
və informasiya müharibəsində döyüşərək
hər üç cəbhənin qalibi və qəhrəmanı oldu!
Otuzillik işğaldan
sonra ilk dəfə olaraq Ermənistan və onun havadarları mövcud reallığı
dərindən dərk
etdilər.
Rusiyanın vasitəçiliyi
ilə imzalanan üçtərəfli Bəyanat
təkcə kapitulyasiya
aktı olmadı, həm də, əslində, Ermənistanı
bir dövlət kimi məhvolmadan xilas etdi!
"Xilasolma"nın" şərtini isə Müzəffər Ali Baş Komandan İlham Əliyev irəli sürmüşdü:
"Düşmən ordusunun Azərbaycan ərazisindən tam çıxarılma qrafiki
verilməyincə hərbi
əməliyyatlar dayandırılmayacaqdır!"
Belə də oldu!
***
Məğlubiyyətlə barışmaqda çətinlik
çəkən Ermənistan
sonralar cığallıq
etməyə cəhdlər
göstərdi.
Həm də elə güman edirdi ki, havadarlarının
dəstəyi ilə son məqamda nəyəsə nail ola biləcək!
Lakin Müzəffər
Ali Baş Komandan İlham Əliyevin polad iradəsi və dönməz qətiyyəti
hər cür məkrə və oyunbazlıqlara üstün
gəldi!
"Dəmir yumruq"
müxtəlif formada bir neçə dəfə işə salındı:
* 23 mart 2023-cü ildə
unikal əməliyyatla
Laçın yolu üzərində nəzarət-buraxılış
məntəqəsi quruldu!
Ərazi bütövlüyümüz
bərpa olundu!
* 20 sentyabr 2023-cü ildə cəmi 23 saat çəkən lokal antiterror əməliyyatı nəticəsində
Qarabağ ərazisindəki
bütün terrorçular
zərərsizləşdirildi, qanunsuz hərbi birləşmələr ləğv
edildi və tərk-silah olunaraq ərazimizdən çıxarıldı!
Dövlət suverenliyi
və Konstitusiya əsasları təmin edildi!
* 16 aprel 2024-cü ildə
yüksəksəviyyəli razılıq əsasında
Rusiya sülhməramlı
kontingenti ərazimizi tərk etdi.
Bütün bədbin
proqnozlar puça çıxdı, sülhməramlılar
musiqi sədaları altında bizdən ayrıldılar.
Bu gün isə birbaşa və vasitəçilərsiz
sülh danışıqları,
delimitasiya və demarkasiya prosesləri gedir.
Ermənistanın baş
naziri N.Paşinyan özünün dərk etdiyi həqiqəti xalqına da çatdırmaq istəyir:
"Xəyali Ermənistan"dan
yaxa qurtararaq real Ermənistanı məhvolmadan xilas etməliyik".
"Sərhədlərin müəyyənləşdirilməsi və sülh müqaviləsinin imzalanması
bugünkü Ermənistanın
xilasına xidmət edir".
Bunu Ermənistanda
başa düşməyənlər,
yaxud anlamaq istəməyənlər də
var!
"Mifik Ermənistan"
hesabına vəzifəyə
gələnlər, vəzifədə
olarkən xalqı çapıb-talayanlar, habelə
bu adla ermənilərdən
pul toplayaraq milyardlara yiyələnən,
yaşadıqları dövlətlərdə
rüşvətlə vəzifə
əldə edərək
ölkə siyasətinə
təsir göstərməyi
bacaran erməni diasporunun üzvləri yağlı tikəni əldən buraxmaq istəmirlər.
Onların məqsədi
nə müstəqil Ermənistan, nə də azad, firavan
yaşayacaq erməni xalqıdır!
Diaspor xaricdə
rahat və təhlükəsiz yaşamaqla
"Böyük Ermənistan"
adı ilə, əslində, millətlərini
fəlakət və məhrumiyyətlərə salmaqla
şəxsi maraq və sərvət toplamaq hərisliklərini
təmin edir.
Qurbanlıq qoyuna
çevrilən erməni
xalqı isə, deyəsən, ayılmaqdadır.
Bu dəfə erməni kilsəsi işə qarışaraq
avam camaatın önünə çıxıb.
Keşiş Baqrat
Qalstanyan sülh danışıqlarına, sərhədlərin
müəyyənləşdirilməsinə
etiraz hərəkatının
başında dayanır.
Arxasından görünənlər
isə Koçaryan və Sarkisyan, Katalikos II Qaregin və işğal dövründə milyardlar
qazanan xunta üzvləridir.
Bu gün revanşizm, hikkə, pul qazanmaq ehtirası
erməni xalqının
taleyini dəyişə
biləcək proseslərə
qarşı çıxan
xuntanın gözünü
kor edib.
Onlarla müqayisədə
Paşinyan daha gözüaçıq görünür!
Çünki 44 günlük
Zəfər müharibəsində
İlham Əliyevin
"dəmir yumruğ"u
onu ağıllandıraraq
gözünü açdı!
Bugünkü reallığı,
Azərbaycanın qüdrətini
və imkanlarını
görüb dərk etməsində yardımçı
oldu!
Həmin "dəmir
yumruq" daim hazır vəziyyətdədir!
Müzəffər Ali
Baş Komandan İlham Əliyev isə bütün xəbərdarlıqlarını edib.
Həm Paşinyana,
həm keçmiş
prezidentlərə, həm
bütün erməni
diasporlarına, həm
də Ermənistanın
müdafiəçilərinə və havadarlarına!
Başa düşənlər
yeni reallıqları dərk edərək lazımi nəticələri
çıxarıblar!
Başa düşməyənləri
isə başa salmağın qısa və təsirli yolunu Müzəffər Ali Baş Komandan
İlham Əliyev hamıdan yaxşı bilir!
***
Paşinyan sülh
danışıqlarına "nöqtə" qoyanda dünyadan xəbərsizliyini,
Azərbaycanın imkanlarını
düzgün dəyərləndirmədiyini,
Ermənistanın gücünü
isə şişirtdiyini
sübut etmişdi.
Başı daşdan-daşa
dəyən, ağır
məğlubiyyət yaşayan,
reallıqları dərindən
dərk edən erməni baş naziri artıq doğru yoldadır. Əslində:
"Biz tarixi deyil, müasir Ermənistanı qorumalıyıq"
söyləməklə və
ona uyğun addımlar atmaqla erməni xalqına böyük xidmət göstərir.
Beyni xülyalarla
zəhərlənmiş, aldadılmış
erməni xalqı bunu başa düşüb qiymətləndirə
biləcəkmi?
Yoxsa yenə
"dəmir yumruq"
işə düşməlidir?
***
Hadisələrdən göründüyü kimi,
revanşistlərin önünə
erməni kilsəsinin
keşişləri keçib.
Kilsəni daim terrorçu yuvasına, gizli silah-sursat anbarına çevirən
kilsə təmsilçiləri...
44 günlük Zəfər
müharibəsində əlinə
avtomat götürərək
ordunu işğala ruhlandıran keşişlər
də vardı.
Bu gün yenə də hayları yanlış yola çəkirlər.
Amma "dəmir
yumruq" işə düşən kimi əvvəlkitək qaçıb
kilsədə gizlənəcəklər.
İndi isə
ciblərinə pul basanlar olduğundan meydana çıxıblar.
Qədim türk
məsəlidir: "Meydan
boş qalanda ora çaqqal sürüsü dolar".
Revanşistlərin yenidən
Azərbaycanla müharibə
aparmağa, bizdən torpaq almağa gücləri çatmaz!
Getdi o günlər
daha!
Ermənistan dövlətçiliyinin
xilas yolu yaxın qonşuları Türkiyə və Azərbaycanla razılaşıb,
onların tələblərini
yerinə yetirməkdədir!
Bunu Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmir şəhərində
"EFES - 2024" çoxmillətli təliminin "Yüksək
Səviyyəli Müşahidəçi
Günü"ndə açıq
şəkildə bildirdi:
"Qarabağın 30 illik işğaldan sonra azad edilməsi
bölgədə tarixi
fürsət pəncərəsi
açıb və bu fürsətdən istifadə etmək lazımdır. Erməni xalqı gələcəyini
xaricdə "qəzəl"
oxuyanlarda deyil, əsrlərdir birlikdə
yaşadığı qonşularda
görməli, anlamalı
və lazım olanı cəsarətlə
etməlidir".
Müzəffər Ali
Baş Komandan İlham Əliyev də xəbərdarlığını
edib!
"Dəmir yumruq"
hazır vəziyyətdədir
və gicişən baş axtarır.
Yeganə yol sülh danışıqları
ilə Azərbaycanın
tələblərini ödəməkdir!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2024.-5
iyun, № 117.- S.9.