Azərbaycan
əsla güzəştə
getməyəcək
Erməni lobbisinin təsiri ilə Avropa Parlamenti, AŞPA və digər qurumlar ölkəmizə qarşı
yeni bədnam kampaniyaya başlayıblar
Azərbaycan torpaqlarının
30 ilə yaxın işğal altında qalmasının əsas səbəblərindən biri
də bəzi beynəlxalq təşkilatların
problemə ədalətsiz
yanaşması, ikili standartlardan çıxış
etməsi idi. İki gün əvvəl Alman İqtisadiyyatının
Şərq Komitəsinin
sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyev bir daha buna
diqqət çəkərək
ikili standartların bir sıra beynəlxalq
institutlar, o cümlədən
Avropa İttifaqı üçün adi hala çevrildiyini bildirdi.
Xüsusilə torpaqlarımızda
erməni separatizminə
son qoyulmasından sonra erməni lobbisinin təsiri ilə həm Avropa Parlamenti, həm AŞPA və digər qurumlar ölkəmizə qarşı
yeni bədnam kampaniyaya başlayıblar.
Fransanın Azərbaycana
qarşı təxribatı,
Avropa İttifaqının
Xarici Siyasət və Təhlükəsizlik
məsələləri üzrə
Ali komissarı Cozep Borelin Azərbaycanın
Ermənistana hücum
edəcəyini bəyan
etməsi, AŞPA-da Azərbaycan nümayəndə
heyətinin səs hüququndan məhrum edilməsi barədə qərarın qəbulu göstərir ki, Qərb Azərbaycana qarşı total şəkildə təzyiq
etməyə çalışır.
Lakin torpaqlarını
işğaldan azad etməklə yalnız Ermənistanı deyil, Fransanın və digər Qərb dairələrinin timsalında
dünya erməniliyini
diz çökdürən
Azərbaycanı öz
yolundan döndərmək
mümkün deyil. Azərbaycana qarşı edilən riyakarlıqlara qarşı ölkəmiz
qətiyyətli mövqe
ortaya qoyur. Alman İqtisadiyyatının
Şərq Komitəsinin
nümayəndə heyəti
ilə görüşdə
Prezident İlham Əliyev xəbərdarlığını
da edərək bildirdi ki, əgər
bir il ərzində
nümayəndə heyətimizin
hüquqları bərpa
olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız
barədə məsələyə
ciddi şəkildə
baxa bilərik.
Qərbin siyasi
dairələri arasında
elələri də var ki, Azərbaycana
qarşı həm işğal, həm də sonrakı dövrdə nəinki ikili standartlardan, ümumiyyətlə, qərəzli
və məkrli mövqedən çıxış
ediblər və etməkdədirlər. Bu baxımdan Avropa Parlamenti (AP) Azərbaycana qarşı münasibətində
və mövqeyində
hər zaman qərəzli olub. Azərbaycana qarşı nifrət və düşmənçilik dolu
qətnamələr qəbul
etmək, qarayaxma kampaniyası aparmaq, ölkəmizin uğurlarına
ləkə yaxmaq sanki bu təşkilatın
əsas təməl prinsipidir.
Avropa Parlamentinin
bu günlərdə yenidən qətnamə qəbul edərək Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalara çağırması
bir daha AP-nin riyakarlığını
ortaya qoydu. İlk dəfə deyil ki, AP Azərbaycana
qarşı hansısa
bədnam sənəd
qəbul edir. Əvvəlkilər
kimi bu qətnamə
də Azərbaycan üçün adi kağız parçasından
başqa bir şey deyil. Azərbaycanın hansısa
təzyiq qarşısında
güzəştə getməsi
mümkün deyil. Bu barədə bir nümunə belə göstərmək
olmaz. Digər tərəfdən, heç
Aİ özü və
üzv dövlətlər
də sənəddə
əks olunan xülyaları qəbul etmirlər. Çünki həmin qətnamədə
yer alan çağırışar Aİ-nın prinsiplərinə uyğun deyil.
O da məlumdur
ki, AP yeni seçkilərə hazırlaşır.
Azərbaycana qarşı
çağırışları isə erməni lobbisinin pulu ilə işləyən deputatlar səsləndirirlər.
Araşdırmalar göstərir
ki, bu maliyyələşmənin
arxasında Brüsseldə
yaşayan erməniəsilli
Kaspar Karapetyan dayanır. Xatırlayırsınızsa,
2022-ci ilin sonlarında
Brüsseldə AP-nin Yunanıstandan olan vitse-prezidenti Eva Kailinin adının hallandığı milyonlarla
dollarlıq korrupsiya skandalı baş vermişdi. Araşdırmalar
göstərir ki, Eva Kaili AP-nin
Avropa İttifaqı-Ermənistan
dostluq qrupunun üzvü olub. Həmin qrup isə K.Karapetyanın prezidenti olduğu Ədalət və Demokratiya uğrunda Ümumavropa Erməni Federasiyası təşkilatı
ilə sıx əlaqəlidir.
Məhz bu yolla AP-nin deputatlarına
rüşvət verilib
və bu mexanizm indi də
işləyir. Azərbaycana
qarşı çıxan
deputatlar bundan əvvəl də AP-də eyni mövqedən
çıxış edən
və almaz qaçaqmalçısı olan
K.Karapetyanın pulla ələ aldığı
parlamentarilərdir. Bütün
bu oyunların arxasında isə Makron
kimiləri, islamafob, rasist və türkofob dairələr dayanır.
Azərbaycanın AP qarşısında heç
bir öhdəliyi yoxdur. AP-də də yaxşı bilirlər ki, bu sənədlərin heç bir hüquqi qüvvəsi yoxdur və Azərbaycanı öz yolundan döndərə bilməz. Həm də korrupsiyalaşdığı sübut
olunmuş bir qurumun qəbul etdiyi sənədlər heç Avropanın özündə belə artıq ciddi qəbul edilmir.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2024.-
1 mart, № 47.- S.1-2.