XİN: Avropa
Parlamentinin hesabatı
Azərbaycana qarşı
aparılan qarayaxma kampaniyasının tərkib
hissəsidir
Ölkəmizə qarşı
müddəaların əks
olunduğu "Ümumi
xarici və təhlükəsizlik siyasətinin
həyata keçirilməsi
haqqında illik hesabatı" qətiyyətlə
pisləyir və rədd edirik.
AZƏRTAC xəbər verir ki, bu
sözləri Xarici İşlər Nazirliyinin
mətbuat katibi Ayxan Hacızadə Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi tərəfindən
hazırlanmış "Ümumi
xarici və təhlükəsizlik siyasətinin
həyata keçirilməsi
haqqında illik hesabatı" üzrə
qəbul edilmiş qətnaməyə münasibətində
bildirib.
A.Hacızadə vurğulayıb
ki, Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının
tərkib hissəsi olan, bütün faktların təhrif olunduğu, böhtan xarakterli və tamamilə əsassız bu müddəalar Avropa İttifaqının
ümumi xarici və təhlükəsizlik
siyasətinin gələcəyinə
dair ciddi suallar yaradır.
“Təəssüf
ki, xarici və təhlükəsizlik siyasətinə dair dayaz
yanaşmanın əksi olan bu hesabat, həm də Avropa
Parlamentinin üzvlərinin populist siyasətin əsiri
olduqlarını, həmçinin regionumuzla bağlı
düzgün strateji yanaşma inkişaf etdirməkdən nə
qədər uzaq olduqlarını göstərir.
Bəyanatlarında
ərazi bütövlüyü və suverenliyə hörməti
aşılayan Avropa İttifaqının bir qurumu olan Avropa
Parlamentinin Azərbaycanın ərazi bütövlüyü və
suverenliyinə qarşı nümayiş etdirdiyi bu hörmətsizlik,
ölkəmizin öz suveren ərazilərində heç bir
mülki əhalinin hədəf alınmadığı
antiterror tədbirlərini pisləməsi və ərazilərimizdə
separatçılığın və Ermənistanın
keçmiş işğalçılıq siyasətinin təşviq
olunması bir daha göstərir ki, Avropa Parlamenti
üçün beynəlxalq hüquq və Avropa
İttifaqının maraqları yox, parlament üzvlərinin
şəxsi maraqları üstünlük təşkil edir.
Nə qədər
ki, Avropa İttifaqı öz qurumlarında baş verən bu
özbaşınalığa son qoymayacaq, təsisatın
xarici və təhlükəsizlik siyasəti beynəlxalq
münasibətlər sistemində öz utopik
yanaşmalarının əsiri olmaqda davam edəcəkdir”, -
deyə Xarici İşlər Nazirliyinin mətbuat katibi qeyd
edib.
Azərbaycan.-2024.-
1 mart, № 47.- S.3.