Paris alovun üstünə
benzin tökür
İlham Əliyev ABŞ və Fransanı
reallıqları qəbul edib, regionun lider dövləti olan Azərbaycanla
işləməyə çağırdı
"Azərbaycan sülh prosesinə sadiqdir. Məhz biz
İkinci Qarabağ müharibəsi başa çatdıqdan
sonra sülh danışıqları təşəbbüsü
ilə çıxış etdik. Əslində, biz sülh
yolu ilə həllin beş əsas prinsipini işləyib
hazırladıq və sülh müqaviləsinin mətninin
layihəsini təqdim etdik. Beləliklə, biz əgər
sülh istəmiriksə, niyə bunların
hamısını hazırlamışıq?!"
Prezident İlham Əliyevin bu fikirləri son günlərdə
Qərb mətbuatında "Azərbaycanın Ermənistana
qarşı hücuma hazırlaşması"
iddiasının həm yalan, uydurma olduğunu təsdiqlədi,
həm də bir daha Azərbaycanın əsl məqsədini dünyaya nümayiş etdirmiş
oldu.
Alman İqtisadiyyatının Şərq Komitəsinin
sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüşdə İlham Əliyev əsl həqiqətləri
açıqladı və bildirdi ki, ikili standartların
hökm sürdüyü Avropa İttifaqı Azərbaycana
qarşı saxta məlumatlar əsasında ittihamlar səsləndirir,
ölkəmizin Ermənistana hücuma hazırlaşması ilə
bağlı feyklər tirajlayır. Fransanın Avropa İttifaqının
Ukraynanı ərazi bütövlüyünü təmin etmək
üçün müdafiə etdiyi bir şəraitdə tam
tərsinə, ərazi bütövlüyünü təmin
etdiyinə görə Azərbaycanı günahlandırması
anlaşılmazdır. Bu, islamofobiya nümunəsidir.
Dövlət başçısı onu da
vurğuladı ki, vaxtilə ATƏT-in sabiq Minsk qrupunda
olmuş Fransa, ABŞ və Rusiya kimi ölkələr Azərbaycanı
öz yolundan döndərmək üçün illərlə
müxtəlif alətlərdən istifadə ediblər.
Prezident konkret faktlarla, arqumentlərlə müqayisə
apararaq reallıqları diqqətə çatdırıb. Belə
ki, Azərbaycan əraziləri 30 il Ermənistanın
işğalı altında olarkən barbar ermənilər həmin
əraziləri dağıdıb yerlə yeksan ediblər. Bir
milyona yaxın soydaşımız məcburi
köçkün vəziyyətinə düşüb.
Torpaqlarımızı işğal altında saxlayan Ermənistan
bu müddətdə BMT Təhlükəsizlik
Şurasının məlum qətnamələrinə, beynəlxalq
hüququn normalarına, o cümlədən humanitar normalara məhəl
qoymayıb.
Amma heç bir beynəlxalq təşkilat, mərhum
Minsk qrupu da Ermənistana "gözün üstə
qaşın var" deməyib. Məhz bu cəzasızlıq
mühitindən yaxşıca yararlanan Hayastan istədiyi
vandalizmi həyata keçirib. Azərbaycan suverenliyini və ərazi
bütövlüyünü bərpa etdikdən və
Qarabağda separatizm yuvasını dağıtdıqdan sonra
hücumlara məruz qalıb. Lakin 2 ili tamam olan Rusiya-Ukrayna
müharibəsində ərazi bütövlüyünü bərpa
etmək istəyən Ukraynaya Qərb ölkələri
silahlar göndərir və bəyan edirlər ki, Ukrayna öz
ərazi bütövlüyünü təmin etməlidir.
Bəs belə
olan halda Azərbaycan hansı yolu seçməli idi?!
30 il sülh istəyən
Azərbaycana heç bir dəstək göstərilmədi və
öz gücünə ərazilərini işğaldan azad
etdiyinə görə təzyiqlərə məruz qalır.
Prezident İlham Əliyev bunun izahını verərək
vurğuladı ki, biz Cənubi Qafqazda ayırıcı xətlərin
qurulması cəhdlərini görürük. Bununla
bağlı Azərbaycanda bir çox insan belə
düşünür ki, Avropa institutları tərəfindən
Cənubi Qafqazda Gürcüstanın və Ermənistanın
çox yaxın qəbul edildiyi, Azərbaycanın isə
demonizə edildiyi bir şəraitdə yeganə
çıxış yolu islam dinimizdir: "Mən demirəm
ki, bu, mənim şəxsi fikrimdir, insanların çoxu belə
düşünür. Biz öz ərazi
bütövlüyümüzü və suverenliyimizi bərpa
etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan
nümayəndə heyətinin səs hüququndan məhrum
edilməsi barədə qərar qəbul edir. Əfsuslar olsun
ki, bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü
ilə qəbul olunub və o şəxs Kansler Şoltsun rəhbərlik
etdiyi partiyanın üzvüdür. Bu, ikili standart deyilmi,
yoxsa bizimlə aparılan bir oyundur?!"
Azərbaycan
Prezidenti Almaniyanın da bu prosesdə ikili oyun
oynadığını vurğulayaraq dedi ki, bu ölkənin
kansleri qərəzsizlik nümayiş etdirir, onun bəyanatları
və fəaliyyəti bunu göstərir. Onun rəhbərlik
etdiyi partiyanın üzvü isə AŞPA-da 2 qeyri-xristian
ölkəsindən biri olan Azərbaycanı
uzaqlaşdırmaq istəyir və bunu nümayişkaranə
və məqsədyönlü şəkildə edir. Azərbaycan
isə bu qurumun sessiyalarında iştirak etməmək qərarına
gəlib. Əgər Azərbaycanın öz mövqeyini
bildirmək hüququ yoxdursa, nəyə görə orada olmalıdır?!
İlham
Əliyev qətiyyətli şəkildə vurğuladı ki,
əgər bir il ərzində nümayəndə heyətimizin
hüquqları bərpa olunmazsa, Azərbaycan Avropa
Şurasından tamamilə çıxmağı barədə
məsələyə ciddi şəkildə baxa bilər.
İndi Almaniya
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin
imzalanması istiqamətində tərəflər arasında
görüşlərin keçirilməsinə vasitəçilik
edir. Ölkə liderlərinin Münxendə, xarici işlər
nazirlərinin isə Berlində görüşlərinin təşkili
Almaniyanın sülh prosesinə konstruktiv yanaşmağa
çalışdığını göstərir. Yəni
Almaniya qonşuluğunda yerləşən, Prezidentin söylədiyi
kimi, alovun üstünə benzin tökən və Ermənistanı
öldürücü silahlarla təchiz edən Fransadan fərqli
olaraq, sülh prosesində neytrallıq nümayiş etdirir.
Amma bu ölkənin KİV-ində Azərbaycana qarşı
çirkin kampaniya aparılır. Azərbaycan haqqında bilərəkdən
mənfi təəssürat yaradılır.
İlham
Əliyev bir daha bəyan etdi ki, bütün bunlar, o cümlədən
Azərbaycana qarşı qarayaxmalar, iftiralar, hədə-qorxu
dili ilə danışıqlar həyata keçirilən
işlərə mane ola bilməz. Azərbaycan dövləti
istər ərazi bütövlüyünün bərpası,
istərsə də iqtisadi gündəliyi ilə bağlı
xalqın, ölkənin rifahı naminə möhtəşəm
işlər görür.
Artıq qonşu
Rusiya Federasiyası əsl reallıqları anlayır və
yeni reallıqları qəbul edir. ABŞ və Fransanı da
eyni addımı atmağa çağıran İlham
Əliyev bəyan etdi ki, əks təqdirdə vəziyyət
onların planlaşdırdığı kimi olmayacaq. Bu
ölkələr Cənubi Qafqazda regionun aparıcı ölkəsi,
güclü iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri
olan Azərbaycan ilə işləməlidirlər.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.-2024.-
1 mart, № 47.- S.6.