Prezident İlham Əliyev antiazərbaycançı şəbəkəyə
bir daha yerini göstərdi
"Afrikada acı
məğlubiyyətə uğrayan
Fransa Prezidenti Emmanuel Makron İrəvan vasitəsilə
regiona soxulmağa çalışır və
bu ölkəni silahlandırmaqdan çəkinmir.
Paralel olaraq Paris beynəlxalq hüquqa uyğun ərazi bütövlüyünü bərpa
etmiş Azərbaycana
qarşı məkrli
siyasət yürüdür".
Bu fikirləri qəzetimizə açıqlamasında
Milli Məclisin deputatı Rəşad Mahmudov deyib. Deputat bildirib ki, işğalçını
dəstəkləməklə Emmanuel Makron ikili standartlara yol verir. Təkcə
Paris deyil, Avropanın
bir sıra beynəlxalq təşkilatları
da belə qeyri-konstruktiv mövqe sərgiləyir. Məsələn,
son vaxtlar Avropa İttifaqının
rəhbərliyi reallıqdan
uzaq bəyanatlar səsləndirir. Bu, Avropa İttifaqının
xarici əlaqələr
və təhlükəsizlik
siyasəti üzrə
ali nümayəndəsi,
Aİ Komissiyasının vitse-prezidenti
Cozep Borelin çıxışlarında özünü
daha qabarıq göstərir.
R.Mahmudov bildirib
ki, Alman İqtisadiyyatının Şərq
Komitəsinin sədrinin
rəhbərlik etdiyi nümayəndə heyətilə
görüşündə Prezident İlham Əliyev bu məqama toxunaraq təəssüf hissi ilə bu gün
ikili standartların bir sıra beynəlxalq
institutlar, o cümlədən
Avropa İttifaqı üçün adi hala çevrildiyini qeyd edib: "Cozef Borelin qeyri-adekvat
bəyanatları həqiqətdən
tamamilə uzaqdır və məqsədlidir. Prezident
İlham Əliyev
qonaqların nəzərinə
çatdırdı ki,
birincisi, Borelin məlum bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına tamamilə ziddir. İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı
pərdələnmiş təhdid
kimi qiymətləndirir.
C.Borel iddia edir ki, Azərbaycan
Ermənistana qarşı
guya ərazi iddiaları ilə çıxış edir.
Dövlət başçısı
almaniyalı qonaqlarla görüşündə bir
daha bəyan etdi ki, Azərbaycan
sülh prosesinə sadiqdir, Ermənistana
hücum etmək planları yoxdur və bu iddialar
Emmanuel Makronun insinuasiyalarıdır".
Deputat xatırladıb
ki, Prezident İlham Əliyev Fransanın bütün bu əməllərinin ölkəmizin demonizə
edilməsinə əsaslanan
anti-Azərbaycan siyasətinin
bir hissəsi olduğunu diqqətə çatdırıb. Görüşdə
dövlət başçısı
birmənalı şəkildə
bildirdi ki, ABŞ və Fransa regionda yaranmış yeni reallıqları qəbul etməlidir. Beləliklə, Prezident İlham Əliyev Alman İqtisadiyyatının
Şərq Komitəsinin
sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə növbəti
dəfə Azərbaycanın
haqlı mövqeyini səsləndirməklə həm
ölkəmizin sülh
prosesinə sadiqliyini,
həm də anti-Azərbaycan dairələrinə,
ölkəmiz haqqında
məqsədli şəkildə
mənfi təəssürat
yaradanlara yerini göstərdi. Dövlət
başçısının qeyd etdiyi kimi,
bütün bunlar istər ərazi bütövlüyünü tam
bərpa etmiş
Azərbaycanın iqtisadi
gündəliyinə, istərsə
də xalqımızın
rifahı naminə görülən işlərə
mane ola bilməz. Çünki Azərbaycanın mövqeyi
hər zaman ədalət və beynəlxalq hüquq prinsiplərinə söykənir.
Azərbaycanın cəmi
44 gün ərzində
torpaqlarını erməni
işğalçılarından azad edərək tarixi zəfərə imza atdığını
deyən R.Mahmudov bildirib ki, 2023-cü il sentyabrın 20-də həyata keçirilmiş
lokal xarakterli antiterror tədbirlərindən
sonra ölkəmizdə
uzun müddət kök salmış erməni separatizminə birdəfəlik son qoyulub. "İndi ölkəmiz 30 illik münaqişənin nəticələrini
aradan qaldırmaqla məşğuldur. Ancaq İkinci Qarabağ müharibəsinin nəticələri
bəzi dövlətlərin,
xüsusilə də Fransanın ürəyincə
deyil. Postmüharibə
reallıqları ilə
barışmaq istəməyən
rəsmi Paris erməniləri
Azərbaycana qarşı
kökləyir və bununla da Cənubi
Qafqaz regionunu növbəti təhlükəli
astanaya yaxınlaşdırır.
Neytrallığını geosiyasi
ambisiyalara qurban verən Fransanın bu siyasəti şübhəsiz ki, Azərbaycanı haqlı yolundan döndərə bilməz. Bu, birmənalı şəkildə
belədir", - deyə
o əlavə edib.
Deputat bildirib ki, Qarabağ münaqişəsi artıq
tarixdə qaldı. Azərbaycanın ərazi
bütövlüyünü bərpa etməsi günümüzün reallığıdır.
İndi masada sülh gündəliyidir.
Bakı İrəvanı
düşmənçiliyi bir kənara qoyub qonşuluq münasibətlərində yeni
səhifə açmağa
dəvət edir. Müzakirə olunacaq məsələlər də
məlumdur. Azərbaycan
beynəlxalq hüquqa
uyğun qərarların
qəbul edilməsinin
tərəfdarıdır və
İrəvanı da belə mövqe sərgiləməyə çağırır.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
1 mart, № 47.- S.6.