Vətən uğrunda ölməyi özünə şərəf bilirdi

 

 

Torpaq - ona sahib çıxıb yolunda can verəndə, qan tökəndə, bir yüksəkliyi uğrunda minlərlə can fəda verməyə hazır olanda Vətən olur.

Şəhidlik zirvəsinə ucalan igidlərimiz bəlkə ölümlərinin yurdumuza azadlıq, qələbə gətirəcəyi barədə heç düşünməmişdilər. Kiçik bir kənddən, balaca bir rayondan, şəhərdən çıxıb cəbhəyə getmişdilər. Vətən çağırmışdı, yurd "övladım, məni qoru" demişdi. Oğlanlarımız da əllərinə silah alıb ana Vətənin çağırışına hay vermişdilərGetdilər qanları ilə bu xalqın yeni qəhrəmanlıq dastanını yazdılar.

44 günlük Zəfər müharibəsi zamanı vətənin çağırışına hay verənlərdən biri şəhid Ayaz Qnyaz oğlu Xəlilov oldu. Ayaz Xəlilov 25 yanvar 1998-ci ildə Ucar rayonunun Alpout kəndində dünyaya gəlib. Üçüncü sinfə kimi ibtidai təhsilini Alpout kəndində alıb. Ailəsinin Bakı şəhərinə köçməsi ilə əlaqədar təhsilini Maştağa qəsəbəsindəki 128 saylı məktəbdə davam etdirib. Musiqiyə olan marağı Ayazı qəsəbədə yerləşən musiqi məktəbinə aparıb. O, burada respublikada tanınmış kaman ustası Elnur Salahovdan dərs alıb. Ailələrinin maddi durumunun ağırlığını hiss edən Ayaz 2015-ci ildə orta məktəbi bitirdikdən sonra musiqi sahəsində deyil, ailəyə kömək olmaq üçün başqa sahədə axtarmalı olur. Bir müddət avtomobil təmirçisi işləyir.

2016-cı ildə hərbi xidmətə çağırılan Ayaz Xəlilov müddətli hərbi xidmətini Murovdağda keçir. İşğalda olan başıqarlı şiş qayaları, Azərbaycan təbiətinin dilbər guşələrini görən gəncin qəlbi intiqam hissi ilə döyünür.

 2020-ci ilin isti yay günləri Ayazın da ürəyinin odunu, alovunu artırır. Hərbi səfərbərlik idarəsinə gedib könüllü döyüşçü olmaq üçün qeydiyyatdan keçir. 21 sentyabrda qardaşı Samiri Vətənə xidmət etmək üçün cəbhəyə yola salanda qucaqlayıb bağrına basaraq "Sənin bəxtin gətirdi, yaxşı yol. Mən ardınca gələcəyəm" deyib qardaşına uğurlar arzulayır. Sentyabrın 28-də isə Ayazın gözlədiyi xəbər gəlir.

Anası Xalidə xanım o günləri belə xatırlayır: "Ayazın üzündə sanki gün doğmuşdu. Elə bil cəbhəyə, qanın, ölümün içinə deyil, toya, bayrama, hər hansı bir şənliyə gedirdi. TələsirdiAyazı yola salanda nənəsi onu müqəddəs kitabımız "Quran"ın altından keçirdi. Oktyabrın 4-ü gecə saat 12 radələrində zəng etmişdi. Son sözü bu oldu ki, məndən narahat olmayın. Bir-iki gün telefonla danışmaq imkanım olmayacaq. Elə mənimlə danışa-danışa komandirinin səsini eşidirdim. Ayazı çağırıb deyirdi ki, "Xəlilov, tez gəl, ləngimək olmaz". Bu, bizim Ayazla son danışığımız oldu".

Döyüş yoldaşı Ağasıyev Tural Rasim oğlu o günləri xatırlayaraq deyir:

- Çox maraqlı adam idi. İnsanlarla münasibət qurmaqda olduqca mahir idi. Qısa bir zamanda bütün komandanlıq şəxsi heyət arasında özünə böyük sevgi, hörmət qazana bilmişdi.

Oktyabrın 6-sı səhər saat 6-7 radələrində kolonla döyüş mövqeyinə doğru hərəkətə başladı. Döyüş planı qurulanda bildim ki, bu dəfə Həsənqaya, Levonarx istiqamətində irəliləməli olacağıq. Birinci mövqe ilə ikinci mövqeyin arasında 900 metrə yaxın məsafə var idi.

Həmin ərazidən irəliləyib düşmənin əlində olan ikimərtəbə deyilən postu həmin ərazini ələ keçirməliydik. Oranı azad etdikdən sonra Gödəkburun 530 istiqamətində irəliləməliydik. Bu döyüşdə məndən bir qədər aralıda Xəlilov Ayazın qorxmadan bizə tuşlanan o mərmiləri heçə sayaraq irəlilədiyini gördüm.

Bu döyüşdə iki ayağımdan yaralandım. Məndən bir qədər aralıda Ayaz da yaralanaraq yerə uzanmışdı. Mən sürünə-sürünə Ayazın yanına gəldim. Dedim "qardaş, vəziyyət ağırdır, taleyimizə yazılıbsa, o da olacaq". Ayazın yarası ağır idi. O anları xatırlayanda belə dəhşətə gəlirəmAyaz qəlpə yarası almışdı. Dedim "Ayaz, narahat olma, yəqin indi təxliyə gəlib bizi çıxarar". Dedi ki, "deyəsən Allah mənim səsimi eşidib, arzuma çatıram. Mən şəhid oluram". Ayazı qucaqlayıb ona təsəlli vermək istəyirdim. Elə bu andaca Ayaz qucağımda son nəfəsini verdi.

Vətən müharibəsində göstərdiyi şücaət dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ayaz Xəlilov "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" "Vətən uğrunda" medalları ilə təltif olundu.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2024.- 1 mart, № 47.- S.11.