Energetika
naziri və Avropa İttifaqının
energetika məsələləri
üzrə komissarı
mətbuat üçün
bəyanat yayıb
Həmsədrlər
energetika naziri Pərviz Şahbazov və Avropa
İttifaqının energetika məsələləri üzrə
komissarı Kadri Simson mətbuat üçün bəyanat
yayıblar.
AZƏRTAC xəbər
verir ki, Cənub Qaz Dəhlizi Məşvərət
Şurası çərçivəsində Nazirlərin
10-cu iclası və Yaşıl Enerji Məşvərət
Şurası çərçivəsində nazirlərin 2-ci
iclası çərçivəsində keçirilən tədbirdə
23 tərəfdaş hökumətin, 52 qurum və şirkətin
nümayəndələri bir araya gəliblər.
Görüşdə Avropa İttifaqı və Azərbaycanın
əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatı,
bərpa olunan enerji istehsalının
stimullaşdırılması, enerji səmərəliliyi,
hidrogen, metan emissiyalarının azaldılması və ətraf
mühitin qorunması mövzularını əhatə edən
energetika sahəsində strateji tərəfdaşlıq əlaqələrinə
mütləq şəkildə sadiq olduqları bir daha təsdiqlənib.
Cənub Qaz
Dəhlizi Məşvərət Şurası çərçivəsində
nazirlər iclasında Azərbaycandan sabit və rəqabətcil
enerji tədarükünü təmin edən etibarlı enerji
ötürücü sistemi kimi CQD-nin mühüm rolu bir daha
vurğulanıb və ardıcıl üçüncü
ildir ki, uğurlu fəaliyyəti qeyd edilib. 2023-cü ildə
Avropa İttifaqına Azərbaycandan təqribən 12 milyard
kub metr təbii qaz tədarük edilib. Bu da 2021-ci ildən bəri
45 faizdən çox artım deməkdir. Ümumilikdə, Azərbaycan
2023-cü ildə Aİ, Türkiyə, Gürcüstan və
Serbiya bazarlarına təqribən 23,9 milyard kub metr təbii
qaz ixrac edib.
İştirakçılar
Azərbaycandan Avropa İttifaqına tədarük olunan
qazın həcmini daha da artırmaq məqsədilə
müvafiq infrastrukturu və qaz yataqlarını inkişaf
etdirmək üçün görülən cari işləri
müzakirə ediblər. Görüşdə “Həmrəylik
halqası” təşəbbüsü, o cümlədən
Bolqarıstan-Serbiya İnterkonnektorundan da bəhs olunub.
İştirakçılar Trans-Balkan boru kəməri kimi
mövcud ötürmə sistemlərinin tam istismara verilməsini
və vahid Avropa bazarına tədarükün şaxələndirilməsi
prosesini daha da sürətləndirəcək cari layihələrin
yekunlaşdırılmasını təşviq ediblər.
Görüşdə
həmçinin CQD-nin enerji keçidi prosesindəki rolu,
Qlobal Metan Vədi və Neft-Qaz Metan Tərəfdaşlığı
2.0 kimi yerli və beynəlxalq təşəbbüs və
standartlara uyğun olaraq metan emissiyalarını azaltmaq
üçün zəruri addımların
atılmasının əhəmiyyəti vurğulanıb.
Yaşıl
Enerji Məşvərət Şurasının nazirlər
iclasında Azərbaycan BMT-nin İqlim Dəyişikliyi
üzrə Çərçivə Konvensiyasının
növbəti tərəflər konfransına (COP29) ev sahibliyi
münasibətilə təbrik edilib.
İştirakçılar son hadisələri, o cümlədən
enerji sistemindəki karbohidrogen yanacaqlardan digər yanacaq
növlərinə nizamlı və bərabər formada
keçidlə bağlı qlobal inventarlaşdırma
(Stocktake) öhdəliklərini, elmin nailiyyətlərinə
uyğun olaraq 2050-ci ilə qədər xalis sıfır
emissiyaya nail olmaq üçün bu kritik onillikdə görülən
tədbirlərin sürətləndirilməsini, BMT-nin sonuncu
İqlim Dəyişikliyi Konfransının nəticəsi
olaraq 2030-cu ilə qədər dünyada bərpa olunan enerji
potensialının üç dəfə, enerji səmərəliliyinin
isə ikiqat artırılması təşəbbüslərini
müzakirə ediblər. Azərbaycan və Aİ arasında
enerji sahəsində strateji tərəfdaşlıq
haqqında Anlaşma Memorandumu, həmçinin 17 dekabr 2022-ci
ildə Buxarestdə imzalanan "Azərbaycan, Gürcüstan,
Rumıniya və Macarıstan hökumətləri arasında
yaşıl enerjinin inkişafı və ötürülməsi
sahəsində strateji tərəfdaşlıq haqqında
Saziş" kimi strateji sənədlərin əhəmiyyətini
təsdiq edən görüşdə tərəfdaş
ölkələr, maliyyə institutları və şirkətlər
Xəzər regionunun bərpa olunan enerji potensialının səfərbər
edilməsində, o cümlədən enerjinin istehsalı və
ötürülməsi imkanlarının genişləndirilməsində
və hidrogen və digər bərpa olunan yanacaq növlərinin
rolunun nəzərə alınmasında fəal rol
oynamağı öhdələrinə götürüblər.
Anlaşma
Memorandumunun səmərəli həyata keçirilməsi
üçün həmsədrlər qarşıdakı
dövrdə əməkdaşlığı müəyyən
edəcək bir sıra tədbirlər və prioritet
tapşırıqları razılaşdırıblar.
İclas
enerji təhlükəsizliyinin gücləndirilməsinə və
iqlim dəyişikliklərinə qarşı birgə fəaliyyətə
mühüm töhfələr verən səmərəli
dialoqun davam etdirilməsi əzminin olduğunu göstərdi.
Cənub Qaz
Dəhlizinin iclası çərçivəsində Azərbaycan,
Gürcüstan, Rumıniya və Macarıstan arasında
yaşıl enerjinin inkişafı və ötürülməsi
sahəsində strateji tərəfdaşlıq mövzusunda
nazirlərin 6-cı iclası baş tutub. Sonda həmsədrlər
(biz) Aİ və Azərbaycan tərəfləri arasında dənizdə
külək enerjisinin inkişafına dair biznes və
investisiya dəyirmi masasını çağırıblar.
Tərəflər
Azərbaycanın Bərpa Olunan Enerji üzrə Dövlət
Agentliyi ilə “WindEurope” Assossasiyası arasında külək
enerjisi sahəsində əməkdaşlığa dair
Anlaşma Memorandumunun imzalanmasını yüksək qiymətləndiriblər.
Azərbaycan.-2024.-
2 mart, ¹ 48.- S.8.