Prezident bir daha həqiqəti açıqladı

 

 

Yeni reallıqlar Azərbaycanla fərqli münasibətlərin qurulmasını tələb edir

 

 

 

"Bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Bu baxımdan Cozef Borelin qeyri-adekvat bəyanatları bizi çox məyus edib. Əvvəla, onun bu bəyanatları heç bir reallığı əks etdirmir beynəlxalq hüququn normalarına ziddir. İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir".

Prezident İlham Əliyevin Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündəki bu fikirləri Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi Qərb dairələrinə mesaj idi. Dövlət başçısı Azərbaycanın tutduğu yolun doğruluğunu bir daha göstərərək antiazərbaycançı qüvvələri siyasətlərini dəyişməyə səslədi.

Prezident İlham Əliyev həmçinin Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin hüquqları ilə bağlı məsələyə toxunaraq qeyd etdi ki, əgər bir il ərzində onların hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik.

Almaniya mətbuatında Azərbaycan haqqında gedən həqiqətdən uzaq məlumatlarla bağlı təəssüfləndiyini bildirən dövlətimizin başçısı bildirdi ki, ölkəmiz haqqında bilərəkdən mənfi təəssürat yaradılır.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, dövlət başçısı alman adamları ilə görüşündə birmənalı olaraq qalib ölkə kimi Azərbaycana xüsusi münasibət göstərilməsinin vacib  olduğunu dilə gətirib: "Ermənistan üzərindən hansısa siyasət yürütməyə çalışanlar özləri uğursuzluğa düçar olacaqlar. Çünki artıq bu məsələ həll olunub, Azərbaycanla Ermənistan arasında olan münasibətlərə əlavə müdaxiləyə ehtiyac yoxdur".

Fazil Mustafa qeyd edib ki, Azərbaycan Avropa ölkələri ilə əməkdaşlığa hazırdır, amma gərək onların da bu məsələdə qərəzli, ikili standartlarla yanaşması olmasın. Qalan məsələlər bu ölkələrin real vəziyyəti qiymətləndirməsindən asılı olacaq.

Bölgədə reallığın tamamilə dəyişdiyini vurğulayan deputat vəziyyəti qiymətləndirməyənlərin özlərinin iflasa məhkum olacaqlarını bildirib. "Ona görə yeni reallıqlar Azərbaycanla fərqli münasibətlərin qurulmasını tələb edir. Almaniya da nisbətən neytrallıq göstərən ölkə kimi bunu nəzərə almalıdır", - deyə Fazil Mustafa əlavə edib.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 2 mart, № 48.- S.9.