Avropa Parlamenti artıq ölkələrin daxili işinə qarışır

 

 

Heç bir qüvvə Azərbaycanı doğru yoldan döndərə bilməyəcək

 

 

 

"Avropa Parlamentinin Avropa İttifaqı ölkələrinin Parlament Assambleyası olsa da, vaxtaşırı öz səlahiyyətlərindən çıxaraq Avropa məkanından uzaqda yerləşən ölkələrin daxili işlərinə qarışacaq bəyanatlar qəbul etməsi artıq adi bir hal alıb. Təkcə Azərbaycanla deyil, digər ölkələrlə əlaqədar da belə sənədlər qəbul edir".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Deputat bildirib ki,  bütün bunlar Avropanın müəyyən dairələrinin dünyaya ağalıq etmə təfəkküründən irəli gəlir. Onlara elə gəlir ki, dünyanın siyasi prokurorlarıdırlar səlahiyyətlərinə aid olmayan, Avropadan kənarda yerləşən ölkələrin daxili işlərinə qarışa bilərlər.

Avropa Parlamentinin çox qüsurlu prosedur qaydası olduğunu deyən deputat bildirib ki, bu qurumda parlamentin üzvü olanların əksəriyyətinin deyil, sadəcə zalda olan əksəriyyətin səsi ilə müəyyən məsələlərə dair qərar qəbul edə bilirlər. Eləcə Azərbaycanla bağlı məsələ belə qəbul olundu. "Qərbin müəyyən dairələrində ölkəmizlə bağlı qüsurlu düşüncə tərzi var. Onlar Azərbaycanın müstəqil şəkildə daxili xarici məsələlərini həll etməsini, təbii sərvətlərindən milli maraqlarına uyğun istifadə etməsini anlamaq istəmirlər. Azərbaycan müstəqil siyasət yürüdəndə isə buna qısqanclıqla yanaşırlar. Bütün anti-Azərbaycan bəyanatları ilk növbədə bunlardan irəli gəlir", - deyə o əlavə edib.

A.Mirzəzadə qeyd edib ki, bəyanata səs verənlərin çoxunun heç Azərbaycanın harda yerləşməsi ilə bağlı təsəvvürləri yoxdur. Sadəcə olaraq fəaliyyətlərində erməni diaspor dairələrinin maliyyəsinə əsaslanan, əqidəcə antiislam, anti-Şərq düşüncəsi olan bir neçə aktiv deputatın təklifləri qəbul edilir. Bu, əlbəttə ki, Avropa Parlamentinin qüsurlu fəaliyyətindən xəbər verir. Eyni zamanda Azərbaycanın müstəqilliyinin həmin dairələr tərəfindən hələ qəbul edilə bilinməməsinin bariz nümunəsidir.

Deputat vurğulayıb ki, onlar qərar qəbul etmələrindən asılı olmayaraq, Azərbaycanı siyasi təsir altına sala, müstəqil siyasətdən çəkilməyə məcbur edə bilməyəcəklər: "Azərbaycan müstəqil, demokratik, beynəlxalq hüquqa əsaslanan dövlət qurub. Öz suveren hüquqlarını qorumağı, təbii sərvətlərinə sahib çıxmağı bacarır. Bütün fəaliyyəti dövlət müstəqiliyinin qorunması, əhalinin hüquq azadlıqlarının təmin edilməsi, sosial vəziyyətinin yaxşılaşdırılmasıdır".

A.Mirzəzadə sonda bildirib ki, hansısa anti-Azərbaycan mahiyyətli bəyanatlar, sənədlər ölkəmizi doğru yolundan döndərə bilməyəcək.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 2 mart, № 48.- S.10.