Bakıda
“Ekoloji tarazlığın və insan hüquqlarının təminatı
sahəsində vətəndaş cəmiyyətinin rolunun
artırılması” mövzusunda konfrans olub
Martın 1-də
Bakıda “Yaşıl dünya naminə həmrəylik ili”
çərçivəsində “Ekoloji tarazlığın və
insan hüquqlarının təminatı sahəsində vətəndaş
cəmiyyətinin rolunun artırılması” mövzusunda
konfrans keçirilib.
AZƏRTAC xəbər
verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı
ilə keçirilən tədbirdə Milli Məclisin
deputatları, dövlət rəsmiləri, qeyri-hökumət
təşkilatlarının və ictimaiyyətin nümayəndələri
iştirak ediblər.
Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədri Bahar Muradova tədbiri açaraq Azərbaycanın
inkişafının yeni dövrünə qədəm
qoyduğunu, yeni hədəflərə doğru inamla və qətiyyətlə
irəlilədiyini diqqətə çatdırıb. O qeyd
edib ki, Azərbaycan Vətən müharibəsində birlik və
həmrəylik nəticəsində qazandığı Qələbə
ilə nəinki region, ümumiyyətlə, dünya ölkələri
üçün nümunə göstərib.
“Azərbaycanın
Zəfərində hər bir vətəndaşımızın
payı var. Sabitliyinin hökm sürdüyü multikultural
ölkəmizdə müxtəlif millətlərin nümayəndələri
mehriban şəraitdə yaşayırlar və bu, bir
çox ölkələrə nümunədir.
Təbii ki,
Azərbaycan inkişafının yeni dövrünə qədəm
qoyub və qarşıda bir sıra vəzifələr durur.
Bu vəzifələrin yerinə yetirilməsində hər
birimiz fəal iştirak etməli, “Yaşıl dünya naminə
həmrəylik ili” çərçivəsində işimizi
düzgün qurmalıyıq”, - deyə komitə sədri
vurğulayıb.
Milli Məclisin
İnsan hüquqları komitəsinin və Sosial Tədqiqatlar
Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Azərbaycanın
qalib ölkə kimi “Yaşıl dünya naminə həmrəylik
ili”ndə dünyanın mötəbər tədbiri olan qlobal
iqlim konfransına-COP29-a ev sahibliyi edəcəyini bildirib.
Diqqətə
çatdırılıb ki, Prezident İlham Əliyevin
andiçmə mərasimində bəyan etdiyi yeni dövr
idealı özündə müəyyən siyasi hədəfləri,
iqtisadi strategiyaları daşıyır. Burada söhbət təkcə
alternativ enerjiyə keçiddən, karbon emissiyalarını
sıfra endirməkdən deyil, eyni zamanda, neftdən
asılılıqdan xilas olmaqdan gedir. Vurğulayıb ki,
Qarabağ müharibəsi 1988-ci ildə Topxana meşəsi ilə
başlayan “nifaq ocağı”, 2022-ci ilin dekabrın 12-də
Xankəndidə dinc ekoaksiyaçıların “sülh
ocağı” ilə yekun mərhələsinə
çatdı. Bu, təkcə rəmzi hadisə deyil, həm də
ana təbiətin ilahi ədalətidir.
Mina
terrorundan da danışan Zahid Oruc bunun təkcə
qayıdış prosesinə mane olmadığını, həm
də ekoloji tarazlığın pozulmasına gətirib
çıxardığını vurğulayıb.
Təbiətin
mühafizəsi, ekoloji tarazlığının qorunması,
ümumiyyətlə insanların sağlamlığı məsələsinin
dövlətimizin daim diqqət mərkəzində olduğunu
qeyd edən Qida Təhlükəsizliyi Agentliyi sədrinin
müavini Zəkiyyə Mustafayeva dünyanın əksər
ölkələrində ekoloji tarazlığın
pozulmasından yaranan problemlərin aradan qaldırılması
haqqında müzakirələrin
aparıldığını bildirib. Vurğulayıb ki, bu
işdə hər birimiz, həmçinin qeyri-hökumət təşkilatlarının
nümayəndələri fəal iştirak etməlidirlər.
Rəsmi hissədən
sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədri Bahar Muradovanın
moderatorluğu ilə “Qərbi Azərbaycana
qayıdış: Qadın və uşaq
hüquqlarının təminatı” mövzusunda panel
müzakirələr keçirilib.
Qərbi Azərbaycan
İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin
deputatı Əziz Ələkbərli Qərbi Azərbaycanla
bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırmağın əhəmiyyətinin qeyd edərək,
tariximizin, keçmişimizin təbliğinin vacibliyini diqqətə
çatdırıb. O, hər bir vətəndaşımızı
Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının həyata
keçirilməsində fəal olmağa
çağırıb.
Milli Məclisin
Beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva,
“Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla
əməkdaşlıq şöbəsinin layihə
koordinatoru Şəhla Tağızadə və Qərbi Azərbaycan
İcmasının Qadınlar Şurasının sədr
müavini, Azərbaycan Milli Televiziya və Radio
Şurasının üzvü Telli Pənahqızı
mövzu ilə bağlı fikirlərini səsləndirib,
görüləcək işlər barədə
danışıblar.
Milli Məclisin
deputatı Zahid Orucun moderatorluğu ilə keçirilən
“İqlim dəyişmələrinə qarşı qlobal
mübarizədə Azərbaycanın rolu” mövzusunda
müzakirələrdə deputatlar Fazil Mustafa, Nigar Arpadarai, Azərbaycan
Qadın Sahibkarlığının İnkişafı
Assosiasiyasının sədri Səkinə Babayeva, IDEA
İctimai Birliyinin layihələrlə iş üzrə
şöbəsinin müdiri Zərxanım Ağayeva
dünyanı və ölkəmizi narahat edən iqlim dəyişikliyi
kimi qlobal problemlə bağlı narahatlıqlarını dilə
gətirib ifadə edib, fikir və təkliflərini səsləndiriblər.
Azərbaycan.-2024.-
2 mart, ¹ 48.- S.11.