Keniya Prezidenti Azərbaycanın COP29-a ev sahibliyinə hazırlıq prosesi barədə məlumatlandırılıb

 

Keniya Prezidenti Uillyam Samoei Ruto BMT-nin Ətraf Mühit üzrə Assambleyasının 6-cı sessiyasında iştirak üçün bu ölkədə səfərdə olan COP29-un müəyyən edilmiş prezidenti, ekologiya təbii sərvətlər naziri Muxtar Babayevi qəbul edib.

AZƏRTAC xəbər verir ki, COP29-a ev sahibliyi münasibətilə ölkəmizə təbriklərini çatdıran Keniya Prezidenti Azərbaycanın bu nüfuzlu qlobal tədbiri uğurla təşkil edəcəyinə əminliyini bildirib.

Keniyanın iqlim dəyişikliyi və yaşıl enerjinin təşviqi sahəsində lider ölkələrdən biri kimi mühüm təcrübəsini vurğulayan dövlət başçısı COP29 prosesində fəal iştirak etməyə və Azərbaycana hər cür dəstək göstərməyə hazır olduqlarını diqqətə çatdırıb.

Uillyam Samoei Ruto, həmçinin qitənin digər dövlətlərinin də bu mötəbər tədbirdə fəal iştirakı üçün səy göstərəcəklərini deyib.

Eyni zamanda, Keniya Prezidenti ölkəsinin Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, bu xüsusda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib.

Səmimi qəbula görə təşəkkürünü ifadə edən nazir Muxtar Babayev Keniya Prezidentinə Azərbaycanın COP29-a ev sahibliyinə hazırlıq prosesi ilə bağlı ətraflı məlumat verib.

2024-cü ildə Keniya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinin qeyd olunacağını bildirən nazir bu münasibətlə COP29 çərçivəsində ikitərəfli əməkdaşlığın daha da genişləndiriləcəyini, qarşıdakı dövrdə müxtəlif sahələr üzrə münasibətlərin inkişafına möhkəm zəmin yaranacağını vurğulayıb.

 

Azərbaycan.-2024.- 2 mart, № 48.- S.11.