"Biz
nefti inkişafa çevirdik, sərvətin ədalətli
paylanmasını təmin etməyə nail olduq"
Azərbaycan Prezidenti İlham Əliyev
“Euronews” televiziyasına
müsahibə verib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev
martın 1-də Cənub
Qaz Dəhlizi Məşvərət Şurası
çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası
çərçivəsində nazirlərin 2-ci iclasları
zamanı “Euronews” televiziyasına müsahibə
verib.
AZƏRTAC müsahibəni təqdim edir.
“Euronews”:
Xahiş edirik, ilk növbədə, bizə
bugünkü tədbirlərin
enerji sənayesi üçün əhəmiyyətindən,
Cənub Qaz Dəhlizinin uğurlu istismarı və inkişafındakı nailiyyətlər
və gələcək
addımlar barədə
danışasınız.
Prezident İlham Əliyev:
Bilirsiniz ki, biz bu layihəyə başlayanda
bunun necə olacağına dair çoxlu müxtəlif ideyalar var idi. Nikbin düşünənlər də,
bədbin düşünənlər
də var idi. Həmçinin elələri
də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik.
Lakin biz əzmli idik və bilirdik ki, bunu etmək mümkündür. Ancaq bizim geniş beynəlxalq əməkdaşlığa
ehtiyacımız var idi.
Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün
aparıcı beynəlxalq
maliyyə institutlarını
dəvət edərək,
ölkələr arasında,
şirkətlər arasında
bu əməkdaşlığı
qurmağa başladıq.
Uzunluğu 3500 kilometr
olan kəmər artıq arzu deyil, reallıqdır və o, getdikcə daha çox ölkələri əhatə
edir. Çünki bu gün açılış
mərasimində dediyim
kimi, bizim təbii qazı yeni təyinat nöqtələrinə
nəql etməyə imkan verən yeni interkonnektorlarımız var. Bu, həqiqətən də enerji təchizatının,
enerji təhlükəsizliyi
ilə bağlı məsələlərin coğrafiyasını
tamamilə dəyişir.
On il bundan əvvəl
başladılan təşəbbüsün
yaxşı nəticələrini
görəndə, əlbəttə
ki, insan özünü
hər zaman xoşbəxt
hiss edir.
“Euronews”:
Bu il həm də çox həlledici ildir. COP29 üfüqdədir.
Bu bərpaolunan enerji layihələrinin həyata
keçirilməsi həqiqətən
də Azərbaycanın
dayanıqlı enerjinin
gələcəyini necə
yönləndirdiyini göstərir.
Prezident İlham Əliyev:
Bəli, düşünürəm
ki, bu, bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı
ilə zəngin ölkələr yaşıl
enerjiyə keçiddə
ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız
çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə
etdiyimiz maliyyədən,
gəlirlərdən bərpaolunan
enerjiyə sərmayə
yatırmaq üçün
istifadə etməklə
töhfə vermək
və buna ehtiyacın
olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik. Biz hər il bunu Bakıda görürük. Hər
il biz Xəzər dənizinin getdikcə daha da dayazlaşmasının şahidi
oluruq. Dəniz kənarında, hətta burada Bakının mərkəzində yaşayan
hər kəs bunu görür. Biz iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli
fəsadlarını görürük,
çaylarımızda su
azalır, dağlarımızda
qar azalır, Xəzər
dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik.
Azərbaycanın bərpaolunan
enerji layihələri
gündəliyi çox
iddialıdır. Beynəlxalq
Maliyyə Korporasiyasının
hesablamalarına əsasən,
Xəzər dənizinin Azərbaycan
sektorunda potensialı
157 giqavat təşkil
edir. Biz artıq bu mühüm yolu qət etməyə
başlamışıq. Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan
enerjidən maksimum dərəcədə istifadə
etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı
planlaşdırırıq.
“Euronews”:
Sizin çıxışınızda
bir məqam xoşuma gəldi. Siz söylədiniz ki, neft və qaza
malik ölkələr günahlandırılmamalıdır.
Qazıntı yanacağına
sahib olmaq onların günahı deyil. Siz söylədiniz ki, onlar ətraf mühitin mühafizəsi
və yaşıl enerjiyə keçid məsələsi ilə necə məşğul olduqlarına görə qiymətləndirilməlidir. Siz
həqiqətən də
belə hesab edirsiniz, elə deyilmi?
Prezident İlham Əliyev:
Bəli, əlbəttə.
Bu işdə bir qədər mövzu dəyişilməlidir. Çünki
qazıntı yanacağına
sahib olan ölkə olmaq sözsüz ki, bizim günahımız deyil. Düşünürəm
ki, bu, bizim nailiyyətimizdir ki, biz neft
və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi
“neft lənətinə”
düçar olmamağı
bacardıq. Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli
paylanmasını təmin
etməyə nail olduq.
Son 20 ildə biz Azərbaycanda
yoxsulluğun səviyyəsini
50 faizdən 5 faizə
endirdik. Sizin Bakıda bütün gördükləriniz infrastrukturun
tamamilə yeni inkişafı
və insanların həyat səviyyəsinin
yaxşılaşmasıdır. Əfsuslar olsun, indi deyirlər ki, qazıntı yanacağı
təhlükəlidir, mənfidir
və günah bu ehtiyata sahib olan ölkələrdədir.
Mənim mesajım ondan ibarət idi ki, bizə gördüyümüz işə
görə, gəlirlərdən
insanların ehtiyaclarını
təmin etmək və yaşıl enerji gündəliyinə
təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verin. Ümidvaram ki, mesajım eşidiləcək.
“Euronews”:
Cənab Prezident, Zati-aliləri, bizə vaxt ayırdığınıza
görə təşəkkür
edirəm.
Azərbaycan.-2024.-
3 mart, ¹ 49.- S.1-2.