Milli maraqlarımızı uğurla təmin edən enerji diplomatiyası

 

 

"Avropa İttifaqına üzv ölkələrdə enerji böhranı yaşandığına görə "köhnə qitə"də uzunmüddətli enerji təhlükəsizliyini təmin etmək lazımdır. Bu mənada "Cənub qaz dəhlizi" alternativ mənbə kimi ön plana çıxır. Avropa ölkələri maye qaz idxalını sürətlə artırmalarına baxmayaraq, əhalinin ehtiyaclarını ödəməyə kifayət etmədiyinə görə Xəzər qazının Avropa bazarlarına "Cənub qaz dəhlizi" vasitəsilə çatdırılması ən sərfəli yoldur".

Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Rəşad Mahmudov deyib. Deputat söyləyib ki, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında səsləndirilən fikir və təkliflər məhz bu prizmadan böyük önəm daşıyır. O bildirib ki, Azərbaycanda təbii qazın təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrdir: "Avropaya tədarükün artırılması üçün Azərbaycanın əlavə investisiyalara ehtiyacı var ki, bu da əlavə boru kəmərlərinin tikintisinə və istehsal potensialının artırılmasına yönəldiləcək. Hazırda Avropa İttifaqı ölkələrində təbii qaza ciddi tələbat var. Rusiya-Ukrayna müharibəsinin başlanması ilə Avropanın qaz xəritəsinin pozulması fonunda alternativ mənbələrə ehtiyac artıb. Belə mənbələrdən biri də Azərbaycandır. Prezident İlham Əliyev martın 1-də Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarındakı çıxışında bildirdi ki, Avropa İttifaqından Azərbaycan qazına böyük tələbat var idi və indi də var. Dövlət başçısının sözlərinə görə, "Cənub qaz dəhlizi"nin genişləndirilməsi və hər hansı digər təbii qaz layihələri elə icra olunmalıdır ki, əsas hədəfimizə zərər dəyməsin. Təbii ki, qaz təchizatının şaxələndirilməsi istiqamətində atılan addımlar çox vacibdir. Müəyyən investisiya və vaxt tələb etməsinə baxmayaraq, "Cənub qaz dəhlizi" qaz tədarükünü ikiqat artırmaq potensialına malikdir".

Müsahibimiz qeyd edib ki, neft və qaz ehtiyatları ilə zəngin olan Azərbaycan son illər Avropaya "mavi yanacaq" ixracını artırıb: "Ölkəmiz Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir və Avrasiyanın enerji xəritəsini formalaşdırır. Hazırda Azərbaycan qazının xarici tədarükünün təxminən 50 faizi Avropa ölkələrinin payına düşür. Azərbaycan İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, və Macarıstan və Serbiyaya qaz tədarük edir. Eyni zamanda ölkəmizdən qaz almaq istəyən digər ölkələr də var. Bunlar Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Xorvatiya, Slovakiya və Şimali Makedoniyadır. Təsadüfi deyil ki, Avropa İttifaqına üzv dövlətlərin  liderləri Azərbaycana etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı kimi baxırlar. Prezident İlham Əliyev çıxışında bildirib ki, bir çox ölkə təbii qazla bağlı Azərbaycana müraciət edib, onlardan 6-sı artıq təbii qaz alıb, bir neçəsi ilə də danışıqlar aparılır. Dövlət başçısı qaz ehtiyatlarının çox olduğunu diqqətə çatdıraraq əlavə edib ki, Avropa maliyyə təsisatları bu layihələrlə bağlı maliyyələşdirmə məsələsində real yanaşmalara əsaslanmalıdırlar".

Deputat daha sonra deyib: "Azərbaycanın "yaşıl keçid"ə getdiyini diqqətə çatdıran dövlətimizin başçısı əlavə etdi ki, ənənəvi enerji mənbələri olmadan dünya növbəti illər ərzində inkişaf edə bilməz və heç kəs bu faktı yaddan çıxarmamalıdır. Buna görə də Azərbaycan qazının Avropaya nəqlini artırmaq üçün əlavə investisiyalara ehtiyac var. "Cənub qaz dəhlizi"nin hissələri kimi tikilən TANAP-ın və TAP-ın ötürücülük qabiliyyətinin iki dəfə artırılması nəzərdə tutulur. Aİ ölkələri Azərbaycan qazının alışını genişləndirdikcə investisiyaların daha da artması gözlənilir. Prezident İlham Əliyevin əvvəllər də bəyan etdiyi kimi, Azərbaycan yataqlarındakı təbii qaz ehtiyatları ölkəyə və onun tərəfdaşlarına ən azı 100 il kifayət edəcək".

Rəşad Mahmudov dahi C.Tolkienin "zamanı biz seçmirik, zaman bizi həmişə seçir" ifadəsini xatırladaraq bildirib ki, hazırda dünyada baş verən hadisələr qaçılmazlığını əks etdirir: "Biz təsadüfən dünyanın adi mənzərəsinin gözümüzün qabağında dəyişdiyi nadir dövrdə yaşayırıq. Böyük geosiyasi, iqtisadi, texnoloji, mədəni və mənəvi transformasiyalar baş verir. Təbii ki, mövcud vəziyyət çoxaspektlidir, Azərbaycan da sürətlə dəyişən reallıqlara adekvat ssenarilər hazırlayır və milli maraqlara uyğun addımların atılmasına çalışır. Enerji xəritəsində potensialına görə özünəməxsus yer tutan Bakının təbii qaz diplomatiyası regional inkişaf və enerji təhlükəsizliyinin gücləndirilməsinə yönəlib".

Deputat vurğulayıb ki, Azərbaycan bəşəri dəyərlərə hörmətlə yanaşır və insanları narahat edən məsələlərdə zəruri addımların atılmasını hər zaman dəstəkləyir. COP29-un Azərbaycanda keçirilməsi də bunu təsdiqləyir. Belə bir mötəbər tədbirin keçirilməsinin Azərbaycana həvalə edilməsi bir tərəfdən ölkəmizə olan beynəlxalq etimaddırsa, digər tərəfdən Bakının güclü "yaşıl gündəliy"ə malik olmasıdır. Ölkəmiz ənənəvi enerji resurslarının istehsalçısı olsa da, "yaşıl enerji"nin inkişafı istiqamətində də böyük işlər görür. Prezident İlham Əliyev çıxışında bu məqama da toxunaraq diqqətə çatdırıb ki, COP29-un Azərbaycanda təşkil edilməsi barədə yekdil qərar beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir.

"Bakıda "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasının keçirilməsi hər şeydən öncə ölkəmizin iqtisadi qüdrətinin təsdiqi və nümayişi ilə yadda qaldı. Bu, regionun super gücü olan Azərbaycanın Avrasiyanın enerji təhlükəsizliyində önəmli faktora çevrildiyini göstərdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Avrasiyanın mühüm infrastruktur layihələrindən biri olan və üç ilə yaxındır ki, fəaliyyət göstərən "Cənub qaz dəhlizi" artıq uğur hekayəsidir. Şübhəsiz ki, təkcə "Cənub qaz dəhlizi" yox, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bütün beynəlxalq layihələr ölkəmizin nüfuzunu artırmaqla yanaşı, milli maraqlarımıza xidmət edir", - deyə müsahibimiz əlavə edib.

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2024.- 3 mart, № 49.- S.4.