Rəsmi
Paris fəaliyyətini Cənubi
Qafqazda vəziyyəti
gərginləşdirməyə yönəldib
Fransa hökumətinin
Cənubi Qafqazda mövcud olan reallığı düzgün
qiymətləndirməməsi son illər verdiyi bir sıra
qərarlardan, atdığı
addımlardan bəllidir.
Rəsmi Paris hələ
də bu regionda təsir gücü əldə edəcəyi barədə
boş xəyallar qurur.
Emmanuel Makronun rəhbərliyi ilə Fransa hökuməti məkrli planını həyata keçirmək üçün özünə
çox bənzəyən
Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökumətindən
istifadə edir. Hər iki işğalçı
ölkə mənfur planlarını həyata keçirmək üçün
hər cür yalana, böhtana əl atır. Ancaq indiyədək bu istiqamətdə gördükləri işlərlə,
verdikləri qərarlarla
nə qədər qərəzkar, ədalətsiz
olduqlarını nümayiş
etdirməkdən, özləri-özlərini
ifşa etməkdən
başqa heç nəyə nail olmayıblar.
Güclülərə sığınmaq, havadarlar
axtarmaq Ermənistanın
köhnə şakəridir.
Bu işğalçı
ölkə yalnız hansısa böyük ölkənin kölgəsində
olanda özünü
güclü görür.
Bu gerçəklik çox da uzaq
olmayan tariximizdən də məlumdur. XX əsrin sonlarında Sovet Sosialist Respublikaları İttifaqı
(SSRİ) adlı imperiya
dağılanda müstəqilliyinə
nail olan respublikalar böyük sınaqla üzləşdilər.
Azadlığına qovuşan
Azərbaycanın da iqtisadiyyatında ağır
böhran yarandı. Ancaq həmin illərdə bundan da böyük bir bəla ilə
üzləşdi. O zaman
xaricdən hər cür yardım alan Ermənistan ərazilərimizin iyirmi faizini işğal, bir milyondan çox
soydaşımızı evindən,
yurdundan didərgin edə bildi. Otuz ilə yaxın
davam edən işğal müddətində
də Fransa kimi ermənipərəst dövlətlər Ermənistanla
Azərbaycan arasında
sülh danışıqlarına
vasitəçilik etmək
adı ilə, əslində, işğalçıya
dəstək verdilər.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev fevralın 28-də
Alman İqtisadiyyatının
Şərq Komitəsinin
sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bu tarixi həqiqətləri
xatırlatdı. Sovet
dövründə 70 il
ölkəmizin dövlətçilikdən
məhrum olduğunu diqqətə çatdıran
Prezident İlham Əliyev qeyd etdi ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenicə bərpa etdiyi vaxtda Ermənistanın
ölkəmizə qarşı
təcavüzü ilə
üzləşib və
müstəqilliyin bərpasından
4 ay sonra ermənilər Xocalı soyqırımını törədiblər:
"Yüzlərlə şəhər
və kəndlərimizi
işğal etdilər,
oraları dağıtdılar.
30 illik bir müddətdə özlərini
beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya - həmsədrlər ədalətin
bərpa olunması üçün heç bir addım atmadılar. Və biz öz torpaqlarımızı
azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı.
Hər biri bizi öz yolumuzdan
döndərmək üçün
müxtəlif alətlərdən
istifadə etdi. Onlar istəmirdilər ki, biz öz
torpaqlarımızı azad
edək. Ötən ilin sentyabrında biz separatizmə son qoyduğumuz zaman onlar yenə
də səhv etdi. Onların bəziləri indi də səhv edirlər. Mən ABŞ və Fransanı nəzərdə tuturam. Düşünürəm ki,
Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür
hərəkət etməlidirlər.
Əks təqdirdə,
vəziyyət onların
planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı,
ordusu, geniş beynəlxalq əlaqələri
olan Azərbaycan ilə işləməlidirlər".
Dövlətimizin başçısı
qeyd etdi ki, bu gün
Azərbaycan özünü
təmin edən ölkədir. Prezident İlham Əliyev ölkəmizdə gedən
proseslərin və həyata keçirilən
işlərin Azərbaycanın
normal həyatını
təmin etdiyini vurğuladı: "Kimsə
bizim inkişafımıza
töhfə vermək
istəyirsə, biz minnətdar olarıq. Bu, olmazsa, biz
yenə də təəssüflənməyəcəyik".
Bugünkü reallığı
görən, lakin bununla barışmaq istəməyən Emmanuel
Makronun rəhbərlik
etdiyi Fransa hökuməti Azərbaycana
təsir etmək üçün müxtəlif
qərarlar qəbul edir. Eyni zamanda
beynəlxalq təşkilatlarda
ölkəmizin əleyhinə
qətnamələrin qəbul
olunmasına çalışır.
Fransa bütün bunlarla yanaşı, Azərbaycana qarşı Ermənistanı silahlandırdığını,
bu işğalçı
ölkəyə dəstək
verdiyini açıq şəkildə bildirir. Ancaq bu cəhdləri
Fransanı nəinki Cənubi Qafqaza yaxınlaşdırmır, əksinə,
onu regiondan daha da uzaqlaşdırır.
Rəsmi Paris bu
gün Ermənistanı
silahlandırmaqla, regionda
sülhün əldə
edilməsinə mane olmaqla, Azərbaycanla təhdid, şantaj dili ilə danışmaqla
nəyəsə nail ola biləcəyinə ümid edir. Prezident İlham Əliyev dəfələrlə
bəyan edib ki, Azərbaycanla kimsə təhdid, şantaj dili ilə danışa bilməz.
Fevralın 1-də Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın
Baş katibi Martin Çunqonqu qəbul edərkən qeyd etdi ki, Fransa
regionda dağıdıcı
siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən
çıxış edir.
Ermənistanın militarizasiya
siyasətini apardığını,
geosiyasi intriqaların
təşəbbüskarı olduğunu qeyd edən dövlət başçısı rəsmi
Parisin regionda vəziyyətin gərginləşməsinin
səbəbkarı olduğunu,
müxtəlif beynəlxalq
təşkilatlarda və
parlament müstəvilərində
anti-Azərbaycan siyasəti
yürütdüyünü diqqətə çatdırdı.
Prezident İlham
Əliyev Fransanın Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu
gücləndirmək məqsədilə
siyasət yürütdüyünü,
lakin onların bu istiqamətdəki cəhdlərinin əbəs
olduğunu bildirdi.
Azərbaycan qarşılaşdığı
bütün haqsızlıqlara
rəğmən öz
ədalətli, sülhsevər
mövqeyindədir. Ermənistan
hökuməti isə
başa düşmək
istəmir ki, Cənubi Qafqaz yenidən münaqişə
alovuna çevrilərsə,
Fransa kimi ölkələr bundan qətiyyən əziyyət
çəkməyəcəklər. Çünki bu ölkələr hər bir mənada Cənubi Qafqazdan uzaqdırlar.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2024.-
3 mart, № 49.- S.5.