Azərbaycan
iqlim dəyişmələrinin
fəsadlarına qarşı
mübarizəyə öz
töhfəsini verir
Dünyada baş
verən iqlim dəyişikliyi hər bir insana, yaxud
ölkəyə təsir
göstərir. Bu gün bəşəriyyəti
narahat edən iqlim dəyişikliyinin fəsadları, əslində,
uzunmüddətli proseslər
səbəbindən yaranmış
problemlərin nəticədir.
Belə ki, atmosferdə karbon qazının səviyyəsinin
artması uzun illərdir ki, intensiv olaraq insanların neft, qaz, kömür yandırması, həmçinin
avtomobillərdən çox
istifadə edilməsi
ilə bağlıdır.
Yaxud 2011-2020-ci illər
arasında buzlaqların
əriməsi əvvəlki
10 illərlə müqayisədə
75 faiz artıb. Ötən il dünyanın ən isti ili kimi
qeyd olundu. Bütün bunlar iqlim dəyişikliyinin
sadaladıqca bitməyən
fəsadlarının yalnız
bir hissəsidir.
Təəssüflə qeyd etməliyik ki, iqlim dəyişikliyinin
yaratdığı fəsadlar
insanların sağlamlığına
böyük zərbə
vurur, dünyanın qlobal bəlasına çevrilir. Odur ki, bu barədə
düşünmək və
birgə tədbirlər
həyata keçirmək
labüddür. Bu istiqamətdə həyata
keçirilən ən
təqdirəlayiq tədbirlərdən
biri Birləşmiş
Millətlər Təşkilatının
(BMT) İqlim Dəyişikliyi
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransıdır (COP). Belə ki, COP iqlim dəyişikliyi
ilə mübarizədə
ən əhəmiyyətli
beynəlxalq konfranslardan
biridir. Bu ilin sonunda Bakı
məhz belə bir mühüm, dünya əhəmiyyətli
tədbirə evsahibliyi
edəcək.
İqlim Dəyişikliyi
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu (COP29) sessiyasının keçirilməsi
üçün ölkəmizin
paytaxtının seçilməsi
Azərbaycanın bütün
dünya üçün
dayanıqlı və
təhlükəsiz gələcəyə
töhfəsi olmaqla yanaşı, respublikamızın
beynəlxalq nüfuzunu
nümayiş etdirməsinə
də imkan yaradır.
"İrimiqyaslı beynəlxalq tədbirlərin
keçirilməsi təbii
ki, üzərimizə
böyük məsuliyyət
qoyur. Ancaq biz bu günə
qədər bir çox beynəlxalq tədbirlər keçirmişik",
- Prezident İlham Əliyev ötən il dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasının - COP29-un 2024-cü ildə ölkəmizdə
keçirilməsi ilə
əlaqədar düzənlənən
müşavirədə bildirdi.
Dövlət başçısı
diqqətə çatdırdı
ki, COP29-un tədbiri zamanı 10 minlərlə
xarici nümayəndə
ölkəmizə gələcək,
iki həftə ərzində Bakı dünyanın mərkəzi
olacaq.
Azərbaycan iqlim
dəyişikliyi kimi bütün dünya üçün əhəmiyyətli
olan məsələyə
böyük həssalıqla
yanaşan ölkələrdən
biridir. Prezident İlham Əliyevin
2024-cü ilin ölkəmizdə
"Yaşıl dünya
naminə həmrəylik
ili" elan edilməsi haqqından sərəncamında bildirilib
ki, Azərbaycan Respublikası beynəlxalq
ictimaiyyətin etibarlı
və məsuliyyətli
üzvü kimi iqlim dəyişmələrinin
fəsadlarına qarşı
mübarizəyə öz
töhfəsini verir. Sərəncamda qeyd olunub ki, Azərbaycanın
2030-cu ilə qədər
sosial-iqtisadi inkişafa
dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi"
kimi müəyyən
edilmişdir: "Həmin
prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması,
yaşıllıqların bərpası
və artırılması,
su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən
səmərəli istifadənin
təmin edilməsi istiqamətində işlər
aparılır".
Azərbaycan təbii
sərvətlərlə zəngindir.
Dünyada neft ölkələrindən biri
kimi tanınır. Prezident İlham Əliyev martın 1-də
"Cənub Qaz Dəhlizi" Məşvərət
Şurası çərçivəsində
nazirlərin 10-cu və
"Yaşıl Enerji"
Məşvərət Şurası
çərçivəsində nazirlərin 2-ci iclasları
zamanı "Euronews" televiziyasına
verdiyi müsahibədə
diqqətə çatdırdı
ki, qazıntı yanacağı ilə zəngin ölkələr
"yaşıl enerji"yə
keçiddə ön
sıralarda olmalıdır.
Dövlətimizin başçısı
bildirdi ki, biz bunu ənənəvi
ehtiyatlarımız çatışmadığına
görə etmirik, ona görə edirik ki, neft-qaz
satışından əldə
etdiyimiz maliyyədən,
gəlirlərdən bərpaolunan
enerjiyə sərmayə
yatırmaq üçün
istifadə etməklə
töhfə vermək
və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik: "Biz hər il
bunu Bakıda görürük. Hər il biz Xəzər
dənizinin getdikcə
daha da dayazlaşmasının
şahidi oluruq. Dəniz kənarında, hətta burada Bakının mərkəzində
yaşayan hər kəs bunu görür.
Biz iqlim dəyişikliyinin fəsadlarını,
təhlükəli fəsadlarını
görürük, çaylarımızda
su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır".
Dövlət başçısı
qeyd etdi ki, əgər biz enerji və
əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət
çəkəcəyik.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2024.-
3 mart, № 49.- S.6.